jurnalistin-qetline-gore-mancester-yunaytedi-kral-ailesine-satmadilar

Jurnalistin qətlinə görə "Mançester Yunayted"i kral ailəsinə satmadılar

kupcasi-olmayan-evlerle-bagli-nazirlikden-aciqlama

"Kupça"sı olmayan evlərlə bağlı NAZİRLİKDƏN AÇIQLAMA

bakinin-esas-magistrallarinda-suret-heddi-endirilib

Bakının əsas magistrallarında sürət həddi endirilib

çərşənbə, 17 oktyabr 2018
RU EN TR
EN TR RU

PƏNCƏRƏ

Qəbir üstündə Novruz xonçası

14.03.2017 14:53

Bizlərdə adətdir, Novruzda qəbir üstünə gedərlər. Gedərkən də Novruz şirniyyatı aparıb məzarın üstünə düzərlər. Hələ məzardakı gəncdirsə və o yara yenidirsə, xonça, səməni, qırmızı lent, daha nələr, nələr düzülür qəbrin üstünə. Bu yazımızda elə bu məsələ haqqında danışmaq, yəni bayramlarda məzar ziyarəti mövzusunda mühüm məqamları dəyərli oxucularımızla paylaşmaq istəyirik.

Əvvəla, onu deyək ki, mübarək dinimizə görə, iki bayramımız var: Ramazan bayramı, Qurban bayramı. Novruzun dinimizlə hər hansı əlaqəsi yoxdur. Yəni "bayramda məzar ziyarəti" dedikdə ağla bu iki bayram gəlir. Çinki yerli mahiyyət daşıyan, daha doğrusu, milli bayramlar dinimizə aid edilməz. Ona qalsa, biz gərək İndoneziyanın, Malayziyanın, Pakistanın, Misirin milli bayramlarını da qeyd eləyək. Yəni əvvəlcə dini bayramlarla milli bayramları bir-birindən ayırmalıyıq.

Əgər dini düşüncə, yəni Allahı düşünərək, məzardakı əzizimizin savabını düşünərək bir iş görürüksə, demək, məsələyə mütləq dini aspektdən yanaşmalıyıq ki, burada milli mövzu gündəmdən çıxır.

Bəzi cərəyan nümayəndələri ümumiyyətlə qəbir ziyarətini yasaqlayır, bu hərəkəti, Allaha şərik qoşmaq, yəni ən böyük günah kimi izah edirlər. Bu düşüncənin həqiqətlə hər hansı əlaqəsi yoxdur. Sevimli Peyğəmbərimiz, İslam yolunda ən böyük Müəllimimiz, Öndərimiz Həzrəti Muhamməd (Ona Allahın salamı olsun!) bizləri məzar ziyarətinə təşviq edib və buyurub ki, gedin, ziyarət edin və bir gün özünüzün də onların arasında olacağınızı düşünün. Peyğəmbərimiz məzardakılara salam da verib və belə səslənib ki, bu gün siz buradasınız və zamanı gələndə bizlər də sizə qovuşacağıq. Demək, məzardakı ölüyə salam vermək də var. Göründüyü kimi, məzar ziyarəti ölü qədər dirinin özü üçün faydalıdır, əlbəttə ki, düşünən dirini nəzərdə tuturuq.

Məzardakı üçün dua etmək, Allaha yalvararaq ona və ya onlara mərhəmət diləmək çox mühüm məsələdir. Peyğəmbərimiz buyurur ki, məzardakının halı dənizdə boğulanın halına bənzəyir, dənizdə boğulan öz xilaskarını necə gözləyirsə, məzardakı da öz doğmalarından gələcək duanı ondan daha böyük həsrətlə, daha böyük intizarla gözləyir.

Dəyərli oxucular! Dua eləmək üçün harasa getməyə lüzum yoxdur. Dua - qulun Allaha yalvarmasıdır, Ondan dilək diləməsidir. İşdə, oturduğunuz yerdə, avtobusda yol gedərkən içinizdən gələn səmimiyyətlə yalvarın: "Allahım, Sənə yalvarıram, bildiyim, bilmədiyim O Gözəl Adlarını çağıraraq yalvarıram: "Mənim atama, anama rəhmət elə, onun günahlarını bağışla, onu cəhənnəm əzabından qoru, cənnətinə sakin elə!" Dua edərkən Peyğəmbərimizi vasitəçi seçmək, Ona salavat gətirərək duaya başlamaq və ya "Rəsulullahın üzü hörmətinə" deyərək istəmək duaya bərəkət qatar.

Qəbir üstünə yemək və ya şirniyyat qoymaq, bir şey bağlamaq, şam yandırmaq düzgün deyil. Əgər sizin niyyətiniz o məzar ətrafındakı cücüləri, quşları yedirməkdirsə, buna bir anlam vermək olar, amma insan üçün qəbir üstünə şirniyyat aparırsınızsa, bunu başa düşmək mümkün deyil, çünki qəbir üstündən nəsə götürüb yemək ağlabatan iş deyil. Yaxşı olar ki, siz o yardımı, o payı yaşadığınız yerdə ehtiyacı olan bir ailəyə verib, onları məmnun edəsiniz, yetimi sevindirəsiniz.

Qəbrin ətrafını təmizləmək, səliqəyə salmaq yaxşıdır, amma qəbir üstündə bitən yaşıl otları yolmasanız, daha yaxşıdır, çünki Peyğəmbərimizin bildirdiyinə görə, qəbir üzərindəki otlar ölünün əzabının azalmasına səbəb olur. Qəbir üzərində həmişəyaşıl, yarpaqları tökülməyən ağaclar əkmək məsləhət görülür. Qurumuş otlar, kol-kos isə təmizlənməlidir.

Qəbir üstündə oturmaq, qəbrə doğru namaz qılmaq, qəbir üzərində qurban kəsmək, ölüdən mədəd ummaq dinimizə görə yasaqdır. Məzardakından mədəd ummaq, yəni "ey bu qəbirdə yatan filankəs, mənim bu işimi düzəlt, mənə yardım elə!"- deyə dua eləmək isə çox ağır günahdır, Allaha şərik qoşmaqdır.

Unutmayın ki, ölmüşlər həyatda olan yaxınlarından dua gözləyirlər. Onların bu duanı necə şiddətlə istədiyi bu dünyada bilmək çox çətindir və onu Allahdan aşağı ölülərdən savayı kimsə bilməz. Ona görə də ölmüşlərinizin ardınca dua etməkdən çəkinməyin, həmişə dua edin, bir Fatihə oxuyun və hasil olan savabı başda Peyğəmbərimiz Həzrəti Muhamməd (Ona Allahın salamı olsun!) olmaqla Peyğəmbərlərin, cəmi Allah dostlarının və mərhumlarınızın ruhuna bağışlayın. Rəsulullahın bildirdiyinə görə, bir duadan ölüyə böyük savab verilir.

Bir məsələni də diqqətinizə çatdırmağı borc bilirik. Qəbiristanlıqda yurd salmış, pul qazanmaq məqsədi ilə orada gün keçirən, pul almamış dua oxumayan, özünü din xadimi kimi təqdim edən adamlara heç yaxınlaşmasanız, daha yaxşıdır. Doğrudur, niyyətləri Allahdan savayı kimsə bilməz, amma sən görürsən ki, o adam orada Allah kəlamı satmaqla məşğuldur. Allah kəlamını alış-verişə çevirmək isə günahdır. Ona görə də onunla iş görməkdən bir fayda gözləməyin, özünüz bildiyiniz kimi, ürəyinizdən necə gəlirsə, ən səmimi halınızla bir Fatihə oxuyub bağışlayın və əmin olun ki, bu sizin üçün də, məzardakı üçün də daha xeyirlidir.


Sonsuz Nur

Allah Rəsulu buyurur:

- Quran oxuyan və ona əməl edən insan naringi kimidir, qoxusu da gözəldir, dadı da;

- Quran oxumayan, amma Quranın əmrlərini yaşayan insan xurma kimidir, qoxusu olmasa da, dadı çox gözəldir;

- Quran oxuyan, oxuduğunu həyatına tətbiq etməyən insan reyhan kimidir, qoxusu gözəl olar, amma dadı gözəl olmaz;

- Quran oxumayan və ona əməl etməyən insan da cırtatan qovunu kimidir, qoxusu bərbad olar, dadı da zəhər kimi.


Düşünənlər üçün

Meyvəli ağac kimi

Namaz qılmağa yenicə başlamış birisi din aliminin yanına gəlir və soruşur:

- Mən əvvəllər namaz qılmırdım və şeytan də mənə yaxın düşmürdü, ən azı belə bir şey hiss eləmirdim. İndi isə namaza başlayandan bəri açıq-aydın hiss edirəm ki, şeytan məndən əl çəkmir, davamlı olaraq mənə vəsvəsə verir. Bunun səbəbi nədir?

Din alimi ona belə cavab verir:

- Eşitmisənmi, "meyvəli ağacı daşlayarlar"- deyilib. Əvvəllər sənin meyvən yox idi, şeytan də səninlə çox vaxt məşğul olmazdı. İndi isə namaz qılmağa başlamısan və meyvəli ağac kimisən. Şeytan da sənin meyvələrini daşlayıb yerə tökmək, zay etmək istəyir. Dəniz quldurları xəzinə daşıyan gəmilərə basqın elədiyi kimi şeytan da sənin xəzinələrini əlinən qoparıb almağa çalışır. Şeytan sənin Allaha ibadət etməyindən alışıb yanır və səni çəkindirmək üçün hər cür oyun oynayır.

Oxundu 3890