İsrail parlamenti qondarma "erməni soyqırımı"nı müzakirəyə çıxaracaq

Müdafiə Nazirliyindən tək oğlan övladının cəbhəyə göndərilməsinə - MÜNASİBƏT

Sosial şəbəkələrdə məşhurlaşan müəllim polisə çağırıldı - AÇIQLAMA

Cümə axşamı, 24 may 2018
TR EN RU

Menu

Cümə axşamı, 24 may 2018
EN TR RU

PƏNCƏRƏ

Həyatdaykən özünə qəbir hazırlatmaq düzgündürmü?

08.03.2017 18:16

Bu mövzuda hər hansı yasaq yoxdur. Ancaq bir məsələ də var ki, insan özünə qəbir hazırlamaqdan daha çox özünü qəbirə hazırlamalıdır. Ola bilsin ki, bugünkü şəhər həyatında kimsə özündən sonrakılara problem saxlamamaq üçün bu məsələni öz sağlığında həll edir. Əgər doğrudan da bir yerdə bir qəbirin qiyməti yüksək məbləğlə həll olunursa, onda insanın bu məsələ ətrafında düşünməsi normal hesab oluna bilər. Amma qismət deyilən bir anlayış da var ki, nəyin nə olacağı onunla məlum olur. Bir də ölümün nə zaman gələcəyini ancaq Allah bilir. Başqa bir məsələni də xatırlatmaq istəyirik ki, bu cür təşəbbüslər qəbir yeri al-verini daha rəvac hala gətirir. Yəni bu işə meyllənmək, dinimizə uyğun olmayan bir təşəbbüsün, daha doğrusu bir bidətin oyanmasına qapı açmaq anlamına da gələ bilər. Hələ bu işə girişən adam cəmiyyət arasında hörmət-izzət sahibidirsə, pis örnək rolunu oynamış olur.

İnsan ictimai varlıq olduğu üçün özündən sonrakı insanlar üzərində müəyyən haqları var. Yəni bir insan dünyasını dəyişəndə ailə üzvləri, yaxınları, qonşuları, tanıyanları onun son əziyyətini çəkməli, dinimizin qanunlarına uyğun dəfn işlərini yerinə yetirməlidirlər. Bir məsələ də var ki, işin mənəvi yönü həmişə öndə olmalıdır. Belə ki, yüksək ruh sahibləri dəfn oluncağı yeri deyil, öləndən sonra gedəcəkləri ünvanı düşünmüş və hər işlərini bu yöndə tənzimləmişlər. Bir dərədə basdırılmaq və ya şəhərin ən bahalı yerində dəfn olunmaqdan daha önəmli olan məsələlər var. İnsanlar axirətdə qəbir qonşuluğuna görə yaxın olmurlar, əməllərinə, niyyətlərinə, Allah sevgisinə, Allah qorxusuna görə yaxın olurlar. Ona görə də irəlicədən özünə qəbir hazırlamaq və ya "məni mütləq filankəsin yanında basdırın" kimi tapşırıqlar vermək, vəsiyyətlər etmək yasaq sayılmasa belə çox da dəyərli iş sayılmamalıdır. Çünki insanın son nəfəsinə qədər yerinə yetirməli və yetirdikcə da qazanc əldə etdiyi o qədər işlər var ki, bu cür vəsiyyətlər onlarla müqayisədə çox bəsit, çox mənasız görünür.


Hər səhər doğulmaq, hər axşam ölmək

Bu dünyada ən çətin iş yaxşı adam ola bilməkdir. Amma hesab edirik ki, birisi yaxşi insan olmağı qarşısına gündəlik vəzifə kimi qoysa, istədiyinə nail ola bilər. İstəsəniz, bunu özünüz də yoxlaya bilərsiniz. Səhər oyananda özünüzə söz verin ki, bu gün yalan danışmayacaqsınız və nə olur-olsun əsəbləşməyəcəksiniz. Siz bu qərarınıza əməl etdikcə iradəniz güclənir, nəfsinizin istəklərindən imtina etməyi vərdiş halına gətirirsiniz, möhkəmlənirsiniz, mənən yüksəlirsiniz.

Nə zamansa yaşadığınız bir hadisəni göz önünə gətirin: birisi sizə qarşı haqsız ittihamlar irəli sürür, ağzına gələni söyləyir, bəlkə təhqir də edir. Amma siz haqlı olduğunuz halda ona cavab qaytarmırsınız, dilinizə pis sözlər gətirmirsiniz, sadəcə onun həqiqətləri bilmədiyini, sizin bu məsələdə hər hansı təqsirinizin olmadığını deyirsiniz. Unutmayın, əsas məsələ bu cür kritik vəziyyətlərdə özünü ələ ala bilməkdir. Yüz faiz əmin ola bilərsiniz ki, həmin adamın bir azca vicdanı varsa, gec-tez öz əməlindən peşman olacaq və bəlkə də gəlib üzr istəyəcək.

Yaxşılıq etməkdən yorulmamaq, əzab-əziyyəti unuda bilmək üçün hər günü bir ömür kimi yaşamağı, hər səhər yenidən doğulmuş kimi oyanmağı, hər axşam məzara girirmiş kimi yatağa girməyi öyrənmək lazımdır. Tərbiyə insan həyatında həllədici amillərdəndir, xüsusilə də özünü tərbiyə. Həm də özünü tərbiyə edə bilənlərin başqalarını tərbiyə eləməsi daha asan olur.

Hər gün yaxşı adam kimi günə başlamaq və yaxşı adam kimi də günü başa vurmaq gündəlik vəzifəmiz olmalıdır. Yaxşı adam olmaq dağ başında, küləklərin qarşısında əlində futbol topu saxlamaq kimidir. Bir an unutdunsa, əlindən qaçırdığın top dərənin dibinə qədər gedəcək və sənin əvvəlki vəziyyətinə dönə bilmən üçün nə qədər zaman və güc sərf etmən lazım gələcək. Etmiş olduğun yaxşılıqları unutmaq, əlindən, dilindən çıxmış, xətaları, günahları təsbit edib aradan qaldırmaq üçün çalışmaq, gücün yetdiyi qədər arxada qara nöqtə buraxmamaq...

Heç düşünmüsünüzmü? - Bəzən elə olur ki, kritik bir anda bütün həyatı insanın gözləri önündən gəlib keçir. Yəni sanki zaman genişlənir və bir ömrün mündərəcarı bir ana sığır və sən o anda bütün günahlarını, xoş əməllərini xatırlaya bilirsən. Niyə belə olur? - Bunun cavabını verən yoxdur.

Bəli, həyat dediyin budur. Heç kəs yıxılmaqdan, əzilməkdən, zərərdən, günahdan sığortalanmayıb. Ona görə də son günə, son ana, son nəfəsə qədər mübarizədir bu dünya, istəsən də, istəməsən də... Hər səhər gözlərini açıb oyandıqda özünü güləş döşəyindəki pəhləvan kimi görməlisən və bilməlisən ki, fikrinin dağıldığı bircə an kifayətdir ki, düşmən sənin kürəyini yerə bassın. Bircə məqamı da xatırladaraq yazımızı tamamlamaq istəyirik: Ömür adlı bu dünya həyatını biz çox uzun təsəvvür edirik, çox uzun, amma...


Lüğət

Bidət nədir?

Həzrəti-Peyğəmbər və səhabə dövründə olmadığı halda sonradan ortaya atılan və dindən olduğu iddia edilən seylərə bidət deyilir. Bidət Qurani-Kərim və hədisi-şəriflər tərəfindən şiddətlə qınanmışdır. Ənam surəsində bu haqda belə buyurulmaqdadır: "Mənim dümdüz yolum bax budur, onu tutun, başqa yollara sapmayın ki, onlar sizi doğru yoldan ayırmasın".

Bir hədisi-şəriflərində isə Rəsulullah (s.ə.s.) belə buyurmuşdur: "Sözlərin ən xeyirlisi Allahın kitabıdır, yolun ən xeyirlisi Muhammədin yoludur. İşlərin ən pisi sonradan çıxarılandır və hər bidət azğınlıqdır".

Son dövrlərdə bəzi zərərli adət-ənənələrin din adı altında təqdim edilməsinə şahid oluruq ki, bunların hamısı bidətdir. Məscid və qəbirıstanlarda şam yandırılması, bəzi din xadimlərinin hansısa ayini yerinə yetirmək üçün irəlicədən məbləğ təyin etməsi, imkansız birisinin ailənin boğazından kəsib, xərc-borcla ölüsünə ehsan verməsi bu işlərə aid edilə bilər. Yas məsələsinə gəldikdə onu deyək ki, Peyğəmbərimizin (s.ə.s.) zamanında yas mərasiminin yükü əsasən qonşuların boynuna düşərdi. Yəni qonşular növbələşərək yas evinə yemək gətirər, qonaqların və hətta ev sahibinin yeyib-içmələri ilə maraqlanardılar.


Sonsuz Nur

Peyğəmbərimiz həzrəti-Məhəmməd (s.ə.s.) buyurmuşdur:

Haramlardan çəkin ki, Allah-Təalanın ən abid (ibadət edən) qulu olasan;

Allah-Təalanın sənə yetirdiyi qismətə razı ol ki, insanların ən zəngini olasan;

Qonşuna xeyirxahlıq elə ki, kamil mömin olasan;

Özün üçün istədiyini başqaları üçün də istə ki, həqiqi müsəlman olasan;

Çox gülmə, çünki çox gülmək qəlbi öldürür.

Oxundu 1331