ilin-sonunadek-azerbaycanda-dizel-ve-benzinin-qiymeti-bahalasa-biler

"İlin sonunadək Azərbaycanda dizel və benzinin qiyməti bahalaşa bilər"

vezifesinden-geri-cagirilan-aydan-rzayeva-kimdir

Vəzifəsindən geri çağırılan Aydan Rzayeva kimdir?

pasinyanin-istefasi-ile-olke-rusiyanin-elinden-cixir-onlarin-yeni-hedefi-var-politoloq

"Paşinyanın istefası ilə ölkə Rusiyanın əlindən çıxır, onların yeni hədəfi var" - Politoloq

Cümə axşamı, 18 oktyabr 2018
RU EN TR
EN TR RU

PƏNCƏRƏ

Allahın ilk əmri

25.02.2017 12:34

Əli Çərkəzoğlu

İnsanlar iki cür olur: aqil (ağıllı, anlayan) insanlar; cahil insanlar. Ağıl Allah-Taalanın insana verdiyi ən böyük nemətlərdən biridir və məhz onun sayəsində insan xoşbəxt ola bilir. Yoxsa həyatı anlamayan, bu gəliş-gedişin mahiyyətindən xəbərdar olmayan birisinin sərvəti olsa, nə faydası, vəzifəsi olsa, nə xeyri?! Heç görmüsünüzmü, ya eşitmisinizmi, quzu qoğulan kimi anasının məməsini axtarır ki, əmib doysun. Demək, Allah o quzuya o bilgini, yəni süd əməcəyi yeri irəlicədən öyrədib, bir növ kredit kimi verib. İndi özünüz düşünün, bir quzuya bu bilgini öyrədən Allah görün insana nələr öyrədir və ondan nələr gözləyir. Allah-Taala insanı insanı ən gözəl biçimdə, ən gözəl şəkildə yaradıb. Yer üzündə gördüyünüz hər şey, çaylar, ağaclar, bitkilər, heyvanlar insan üçündür. İnsan onların hamısından üstündür, çünki iradəsi var, ağlı var, yaxşı ilə pis, xeyir ilə şər arasında seçim edə bilir.

Oxumaq insan ağlının inkişafı üçün ən gərəkli amillərdən biridir. İnsan oxuduqca düşünür, düşündükcə xəyalının üfüqləri genişlənir, şəxsiyyəti formalaşır. İnsanın dünyagörüşünün formalaşmasında oxumağın çox böyük rolu var. Bax indi siz hər gün nəsə oxuyursunuz. Yaxşı mətn o mətndir ki, unudulmur, hər zaman sizi düşündürür, sizə doğru seçim etməkdə kömək olur. Ona görə də həmişə çalışmaq lazımdır ki, faydalı, düşündürücü kitablar oxuyasınız. Yaxşı kitab elə yaxşı tərbiyə deməkdir. Kim nə deyir-desin, insan hər yaşda tərbiyə olunur, hər yaşda müəyyən qədər dəyişə bilir. Əgər bir adam əlli yaşında yanlış bildiyi bir şeyi öyrənirsə və öyrənən kimi də xərəktərini dəyişirsə, bu elə tərbiyədir dəə.

Bir şeyi də unutmayın ki, kitab oxumaq hər zaman ekrana baxmaqdan daha faydalıdır. Çünki sən bir mətni oxuduqca orada təsvir edilənləri təsəvvüründə canlandırmağa çalışırsan və beləcə sənin xəyalın genişlənir. Amma kinoya baxırsansa, artıq onu çəkənlər sənin xəyalını bir növ çərçivəyə salırlar, çünki sən öz təsəvvürünü deyil, filmi çəkənlərin təsəvvürünü görmüş olursan.

Oxumaq insanı zənginləşdirir, duyğu və düşüncələrini təmizləyir, həyatın gözəl və çirkin tərəflərini göstərir. Çox oxuyanların söz ehtiyatı zəngin olur, onlar fikri ən qisa və dolğun şəkildə ifadə edə bilirlər. Oxuyan insan mədəni olur, xeyirxah olur, səmimi olur.

Bir həqiqəti də vurğulamaq istəyirik ki, insan oxuyub öyrəndiklərini həyatına tətbiq eləməyi də öyrənməlidir. Yəni oxuduqların külək kimi o qapıdan girdi, bı qapıdan çıxdısa, demək sən oxumursan, sadəcə vaxt öldürürsən. Təsəvvür edin ki, bir heyvanın belinə kitab yükləyib harasa daşıyırlar. Oxuduğundan faydalanmayan, yəni öyrənməyən, öyrəndiyini də həyatına tətbiq etməyən insanın vəziyyəti o heyvanın halına bənzəyir.

İnsan hər gün gözəl bir şey oxumalı, oxumağı gündəlik həyatın bir hissəsi halına gətirməlidir. Unutmayaq ki, Allah-Taalanın kitabı olan Qurani-Kərim "Oxu!" əmri ilə Peyğəmbərimizə (Ona Allahın salamı olsun!) gəlməyə başlayıb. Yəni oxumağı bizə Allah əmr edir. Allah istəyir ki, biz ağıllı, savadlı olaq, inkişaf edək, səmimi olaq, ədalətli olaq, dürüst olaq, başqalarına fayda verə bilək. Quran sözünün dilimizə tərcüməsi də elə "oxu" deməkdir, həm də anlayaraq, mahiyyətini, mənasını öyrənərək, nəyin nə işə yaradığını, faydasını, zərərini bilərək oxumaq. Ərəb dilinin leksikonunda belə bir qayda var ki, sonunda "an" sonluğu olan isimlər çoxluq, şiddət, qətiyyət ifadə edir. Bir neçə nümunə göstərək: Sultan, Furkan, qurban, Quran... Sultan hökm edən deməkdir, yəni hökmü tamamən keçən; Furkan da Qurani-Kərimin bir başqa adıdır, mənası fərq qoyan, ayıran deməkdir, yəni xeyiri şərdən, haqqı batildən, imanı küfrdən ayıran, həm də şiddətlə ayıran... Qurban yaxınlaşmaq deməkdir, dini anlamda bəndənin Allaha yaxınlaşması deməkdir, həm də bütün varlığı, duyğuları, əxlaqı, yaşayışı ilə yaxınlaşmaq...

Yazımızın sonunda bir mühüm məsələyə də toxunmaq istəyirik. Əziz oxucu, nəyi oxumağı bilməlisən. Elə mətnlər, kitablar var ki, adamın təsəvvürünü alt-üst edir, dünyagörüşündə böyük təlatümlər, fəsadlar doğurur. Ona görə də bu məsələdə həssas olun. Kitab seçimində böyüklərlə, xüsusilə də bu işi yaxından bilənlərlə məsləhətləşin. Elm həm gücdür, həm gözəllikdir, həm də xoşbəxtlik yoludur.


Tarixdən bir yarpaq

Xınalı quzu

Hərb tarixinin ən möhtəşəm səhnələrindən biri, heç şübhəsiz, XX əsrin əvvəllərində baş vermiş Çanaqqala döyüşləridir. Məlumdur ki, I Dünya müharibəsində Türkiyə "Üçlər ittifaqı" tərəfindən müharibəyə girmiş və daxil olduğu hərbi blok məğlub olmuşdur. Avropanın Türkiyədən alacağı qisas vardı, ona görə də yunanlar, ingilislər, fransızlar, onların müstəmləkələrindən təşkil olunmuş qoşunlar Anadolunu ələ keçirməyə, türk dövlətini parça-parça bölməyə can atırdılar. Çanaqqala zəfəri Anadolu insanının rəşadətinin, şücaətinin möhtəşəm bir nümunəsidir. Həmin döyüşdən xırda bir epizodu sizlərə söyləmək istəyirik.

Çanaqqalada 15-16 yaşında, hələ bığ yeri yenicə tərləmiş gənclər ataları, babaları yaşda kişilərlə çiyin-çiyinə döyüşürdülər. Tokatlı Əlinin də olsa-olsa, 15, ya da 16 yaşı vardı, amma şücaətdə kimsədən geri qalmırdı. Odun, alovun içinə göz qırpmadan şığıyırdı. Amma elə ki, döyüş bir az səngidi, əsgərlər səngərlərdə dincəlməyə başladılar, tay-tuşları tokatlı Əliyə sataşırdılar. Onların bu zarafatı da əsassız deyildi, çünki tokatlı Əlinin başının ortasına anası qızıl-qırmızı xına qoymuşdu.

Əli də bir gün evlərinə məktub yazdı və bu xınanın səbəbini anasından soruşdu. Anası da nə yazsa, yaxşıdır:

"Gözümün nuru balam, bizlərdə adətdir, Allah yolunda qurban kəsilən qoyunun, ərə gedən qızın, Vətən uğrunda savaşan igidin başına xına qoyarlar. O qoyun Allaha qurban olsun, o qız ərinə qurban olsun, o igid Vətənə qurban olsun. Mən səni Vətənə qurban demişəm, oğlum".

Oxundu 1334