Ermənistan Prezidenti etirazçılarla Azərbaycan rəqsini oynadı - VİDEO

Lirənin dəyərdən düşməsi Azərbaycana nə vəd edir? - ANALİZ

"Azərbaycan vətəndaşlarının orta ömür müddəti aşağı düşə bilər" - SƏBƏB

çərşənbə, 23 may 2018
TR EN RU

Menu

çərşənbə, 23 may 2018
EN TR RU

PƏNCƏRƏ

Dost dediyin kimdir sənin?

21.02.2017 20:04

Əli Çərkəzoğlu

Könüllər sultanı Həzrəti Muhamməd (s.ə.s.) buyurur ki, yaxşı dost əttar (ətir mağazasının satıcısı) kimidir. Dükanına gedərsən, oturub söhbət edərsən, heç bir şey almasan da, çıxıb gedərsən və o dükandan canına hopan gözəl qoxu günlərlə səni tərk etməz; pis dost isə körükçü kimidir, yanında oturarsan, o dərinin, dabbağın ağır qoxusu, hisi hopar canına və sən hara getsən, insanlar sənin bu halından əziyyət çəkərlər.

Əlbəttə, bu söylənən düstur kimi kristal bir həqiqətdir. Amma bu işin bir məcazi tərəfi də var. Yəni təkcə ətir qoxusu, dəri iyi deyil, xasiyyətlər, davranışlar da yoluxucu olur, insanlardan bir-birinə keçir. Bəzən sən fərqinə varmırsan, amma birisi ilə uzun müddət oturub-durandan sonra qeyri-iradi olaraq onun hansısa davranışlarını, xüsusiyyətlərini təkrarlayırsan.

Kiminlə oturub-durmaq haqqında çox yazılıb, çox deyilib. Xüsusilə də bu gün, siqaret, narkotika kimi bəlaların geniş yayıldığı dövrümüzdə hər bir valideyn övladını nəzarət altında saxlamalı, kiminlə oturub-durduğunu, kiminlə deyib-güldüyünü izləməlidir. Hər kəs öz çevrəsinin, öz ətrafının təsiri altında qalır. Həzrəti Əli (r.a.) buyurur ki, uşaq valideynlərindən çox öz zəmanəsinə bənzəyir. Əgər bu gün həyət-bacada, küçədə əxlaqı pozulmuş, hər cür fitnə-fəsada bulaşmış insanlar hər addımbaşı qarşınıza çıxırsa, demək, daha diqqətli olmaq lazımdır. Ən böyük sərvət əxlaqdır, əgər bu gün o sərvətimizə ən müxtəlif istiqamətlərdən hücumlar gəlirsə, insan mütləq söykənə biləcəyi, dərdini deyib, sirrini aça biləcəyi adamlar axtarmalıdır.

Bir şair gileylə də olsa, sözünü belə deyir:

Dörd tərəfim adamdır,

Kimə deyim dərdimi?

Görünür çoxluq içində tənhalıq heç də qəribə bir şey deyil. Dinimizin buyruğuna görə, müsəlman mənən ona yaxın olan insanlarla oturub-durmalı, dərdini, sevincini onlarla paylaşmalıdır. Qurani-Kərimdə bu haqda belə buyurulmaqdadır:

"Sizin dostunuz, yardımçınız ancaq Allahdır, onun Peyğəmbəridir. Allahın əmrlərinə boyun əyərək (İslam şəriətinə bağlı, iman və Quran həqiqətlərinə bərk-bərk sarılan), namazını doğru-düzgün qılan, zəkatını verən möminlərdir. Kim Allahı, Onun peyğəmbərini və inananları özünə dost tutarsa, bilsin ki, şübhəsiz, Allaha tərəf olanlar üstün gəlirlər". Sevgili Peyğəmbərimiz Həzrəti Muhamməd (s.ə.s.) bir hədisi-şərifində belə deyir: "İnsan dostunun dini üzrədir. O halda sizdən hər biriniz dost seçdiyiniz adama diqqət etsin! Pis dostdan uzaq durun! Çünki adınız onunla birlikdə tanınar! Ancaq həqiqi möminlərlə dost olun! İkiüzlü ilə dostluq qurma! Ondan pis xasiyyətini götürərsən! İnsan ancaq sevdiyi və münasibət qurduğu ilə birlikdə olur!"

Bu gün bir çoxlarımız öz dəyərlərimizdən xəbərsizik, çoxumuz Avropanın yalan fəlsəfəsi üzərində qurulmuş bir əxlaqla yetişmiş insanlara həsəd aparırıq. Heç də demirik ki, biz onlardan daha yaxşı vəziyyətdəyik. Amma bütün məqamlarda bizə lazım olan məziyyətləri, keyfiyyətləri öz ətrafımızda axtarmalıyıq.

Ən gözəl görüntü bəzən ən böyük yalana çevrilir. Bizim bir qədər də həsəd hissi ilə baxdığımız o insanlar öz həyatlarını İslamın haram buyurduğu prinsiplər üzərində inşa ediblər. Yuxarıda dediyimiz kimi, biz örnək bir müsəlman obrazını ətrafımızda görmürük ki, hər qayğımızı, problemimizi onunla paylaşaq. Bir qədər də etimad, güvən əskikliyi var aramızda. Fədakarlıq etməyi bacaran əksər hallarda elə eyni münasibətlə də qarşılanır. Əgər qüsurlarımızdan danışmağa başlasaq, söhbət çox uzanar. Amma nə olur-olsun, yenə biz mənən bizə yaxın olanlarla ünsiyyət qurmalıyıq. Daha doğrusu, dostluq, səmimiyyət şəxsi müstəvidə deyil, dəyərlər ətrafında qurulmalıdır. Bu mənada ortaya necə bir mənzərə çıxır, heç təsəvvür edirsinizmi? - Bir-birini dost tutan, sevən iki müsəlman düz xətt üzrə deyil, çox-çox yüksəkdə hər ikisinin qovuşduğu bir nöqtədə birləşirlər. Sözlər, davranışlar, hərəkətlər bir-birinin zövqünə, xarakterinə görə deyil, Allah-Taalanın müəyyən etdiyi çərçivələrdən süzülərək bir tərəfdən o birisinə çatır. Allah-Taala Qurani-Kərimdə bizə bu mövzuda bir çox dəyərli tövsiyələr verib: Allahın rənginə boyanın! Allahın ipinə sarılın! Əlbəttə, eyni rəngdə olanlar bir-birini asanlıqla seçər və asanlıqla da başa düşərlər. Eyni ipə sarılmışlar bir-birinə dəstək verər, kömək olarlar. Eyni atmosferdə, eyni iqlimdə yaşayanlar bir-birinin xeyrini, mənfəətini arzulayarlar.

Bizdən istənən dostluq budur. Bizdən gözlənən səmimiyyət bir-birimizə qarşı təmənnasızlıqdır. Təmənna ancaq Allahdan olar. Bütün münasibətlərimizin təməlində bu prinsip dayanmalıdır.

Və bir də kiminlə oturub, kiminlə durduğumuza, kimə nə verib, kimdən nə aldığımıza, kiminlə zaman keçirdiyimizə fikir verməliyik. Təkcə xəstəliklər deyil ki, xarakterlər də yoluxucu olur.

Oxundu 1181