Deputatlar DYP-yə qarşı: Deputatların avtomobili də toxunulmazdır?

Fəxrəddin Manafov İbrahimbəyovun ittifaqından getdi - VİDEO

Nə becərməliyik: meyvə-tərəvəz, yoxsa pambıq? - ANALİZ

Cümə, 25 may 2018
TR EN RU

Menu

Cümə, 25 may 2018
EN TR RU

PƏNCƏRƏ

Heç bəhanə axtarma

14.02.2017 20:16

Qurani-Kərimin İnsan surəsinin 3-cü ayəsində məalən buyurulur ki, Allah-Taala insana Haqq yolunu göstərdi, daha bundan sonra insan istər doğru yolu tutub şükür edənlərdən olsun, istərsə də yoldan azıb kafirlər cərgəsinə qatılsın, bu onun öz seçimidir.

Yəni insan deyə bilməz ki, bilmədim, anlamadım, xəbərim olmadı... Allah sənə ağı qaradan, xeyiri şərdən, haqqı batildən, savabı günahdan ayıra biləcək qədər ağıl verib. Əgər sən ağlını gərəksiz əşya kim bir tərəfə atıb onun-bunun dedikləri ilə qərar çıxarır, ömür yaşayırsansa, daha kimsəni günahkar tutma. Çünki Allah sənə Peyğəmbər kimi bir müəllim, Quran kimi bir həyat kitabı göndəribsə, sənin bu məsuliyyətdən qaçmağa haqqın yoxdur. Allah-Taalanın bizlər üçün endirdiyi Qurani-Kərimin bizim üçün əhəmiyyətini, mənasını anlatmaq üçün nə qədər xətalı olsa da bir müqayisə ilə fikrimizi açıqlamağa çalışaq: Güy üzünə Günəşi, Ayı asan Allah-Taala bizim alnımızın arasına da iki göz yerləşdirib ki, o Günəşin işığı ilə gözlərimiz görsün və dünyanı görə bilək. Göy üzündə Günəş olmasa, dünya zülmət içində olar və bir addım irəlini görə bilmərik. Yaxud da göydə Günəş var, amma insanda göz yoxdursa, yenə hər tərəf zülmət olacaq. İnsana ağıl və iradə verən Allah Qurani-Kərimi də Günəş kimi həyatımıza endirib ki, ağlımızı, iradəmizi Quranın Nuru ilə tənzimləyək, Onun göstərdiyi istiqamətə yönələk və əbədi səadətə qovuşa bilək.

Sən Allahın dəyər verərək, həm də ən gözəl şəkildə yaratdığı bir varlıqsan. Önündə ömür adlı bir zaman möhləti, imtahan müddəti var və sən bu yolda özünə rəhbər seçərək yol gedirsən qüruba doğru. Rəhbəri Quran olanın zavalı olmaz. Keyfinin istədiyi kimi yaşayanın bəlası başından əskik olmaz.

Kimsəni ittiham eləmə, yükü başqasının çiyninə aşırmağa çalışma. Özün seçirsən, qarşında yollar açılır və sənə seçim haqqı verilir, sağı da seçə bilərsən, solu da. Özü də hər yolun başında o yolun səni hansı mənzilə çatdıracağı açıq-aydın göstərilir. Yenə də cığallamağa çalışma. Seçimini doğru et ki, sonra peşman olmayasan. Çünki bu yolda elə düşmənlər var ki, bir göz qırpımında hər şeyini əlindən alıb səni müflis hala salmaq üçün min bir oyun oynayırlar. Ayıq ol ki, bütün qazandıqlarını əldən verməyəsən.


Kəbə önündə iki kor

Deyilənə görə, Rəsulullahın (s.ə.s.) doğulduğu il baş verib. Həbəş kralı Əbrəhə Kəbəni yıxmaq üçün böyük bir qoşunla yola çıxır. Qoşunun önündə böyük fillər yer alır. Onlar Məkkə yaxınlığında bir yerdə dincəlmək üçün əylənirlər və o ətrafda gözlərinə dəyən dəvələri də tuturlar. Bu dəvələr də kimin olsa yaxşıdır, Rəsulullahın babası Əbdülmüttəlibin. Əbdülmüttəlib Əbrəhənin yanına gəlir və ondan tutduğu dəvələri buraxmasını istəyir. Əbrəhə də gülərək deyir ki, mən sizin ibadətgahınızı, Kəbəni yıxmağa gəlirəm, sən də öz dəvələrinin hayındasan. Əbdülmüttəlib cavabında belə deyir:

- Mən səndən öz dəvələrimi istəyirəm, Kəbənin Sahibi var, və O, öz evini necə qoruyacağını yaxşı bilər.

Sonrakı hadisələr Əbdülmüttəlibin bu arxayınlığının heç də əsassız olmadığını isbat edir. Belə ki, sabahı gün Əbrəhənin ordusu hərəkətə keçəndə göy üzünü Əbabil adlanan quşlar bürüyür və onların atdıqları xırda-xırda daşlar hansı əsgərə, ya heyvana dəyirsə, onu ölümcül yaralayır. Qısa müddətdə Əbrəhənin ordusu darmadağın olur, canını qurtaranlar da gəldikləri istiqamətdə gözdən itirlər. Deyilənə görə, Əbrəhə ordusunun iki əsgəri ömrünün qalan hissəsini kor halda Kəbənin qarşısında dilənməklə keçirir.


Musa Peyğəmbərin qəbri

Həzrəti-Musa (ə.s.) İsrail oğullarını Qırmızı dənizdən keçirib azadlığa çıxarmışdı. Burdan o tərəfə vətənə dönüş vardı. Amma Allah-Taala (c.c.) buyurmuşdu ki, yaşı qırxın üzərində olanlar o torpaqlara dönə bilməyəcəklər. İş orasındadır ki, Həzrəti-Musanın da yaşı qırxı keçmişdi, demək o torpaqlara dönmək ona da qismət olmayacaqdı. Amma Uca Allah (c.c.) öz rəhmət pərdəsindən bu mövzuda sevimli Peyğəmbərinin üzünə bir az işıq saldı, yəni onu nəsibsiz qoymadı. Belə ki, Həzrəti-Musanın dəfn olunduğu yerdən baxanda İsrail oğullarının dönmək istədikləri müqəddəs torpaqlar açıq-aydın görünür.


Bir udum hekayə

Şikayət

İki böyük Allah aşiqi, Cüneyd Bağdadi və Əbubəkr Şibli eyni gündə xəstələnib yorğan-döşəyə düşürlər. Vəziyyətin o qədər də yüngül olmadığını görənlər onların üstünə həkim çağırırlar. Həkim də kim olsa, yaxşıdır, məhəllənin ən dinsizi. Həkim Bağdadidən soruşur ki, şikəyəti nədəndir, Bağdadi isə "heç"dən başqa bir söz söyləmir. Şibli isə həkimin eyni sualına cavab verərkən bir saat dayanmadan dərdlərini sayıb tökür. Həkim gedir və bir neçə gündən sonra onların hər ikisi yaxşılaşıb ayağa qalxır. Bağdadi Şiblidən soruşur:

- O dinsiz səndən dərdini soruşanda niyə o qədər sayıb tökdün?

Şibli də cavabında deyir:

- İstədim o dinsizin qulağına sırğa olsun, bilsin ki, Allah-Təala öz dostuna bunları edirsə, gör onun kimi dinsizə nələr edəcək.

Bu dəfə də sual növbəsi Şibliyə çatır:

- Yaxşı bəs sən niyə onun suallarına "heç"dən başqa bir cavab vermədin? Hikməti nədir?

Bağdadi yüngülcə başını bulayır:

- Hikməti-zadı yoxdur, sadəcə dostdan düşmənə şikayət etməyə utandım.

Yeniavaz.com

Oxundu 1254