“Klassika yazıçı üçün daimi ehtiyacdır”

Elə oxucular vardır ki, klassik əsərlərə meyl edir, elə oxucular da var ki, daha çox çağdaş ədəbiyyatından olan əsərlərə üstünlük verirlər. Hər bir mövzuda fərqli fikirlər ola bildiyi kimi, ədəbiyyatda da belə fərqliliklər var. Bəs yazıçılar hansı tip əsərlərə üstünlük verirlər?

Şəmil Sadiq (dil-ədəbiyyat üzrə fəlsəfə doktoru, yazıçı): “Mənim mütailəm həmişə üç istiqamətdə olur: elmi işimə xidmət edən, zövqümə uyğun və dost-tanışın məcburi şəkildə oxumağı tövsiyə etdiyi əsərləri. İkincini oxumaqda adətən çətinlik çəkirəm, çünkü birinci və üçüncüdən vaxt olmur. Hərdən olur ki, bunların arasında zövqümü oxşayan olur. Ümumiyyətlə tarixi, fəlsəfi, sehirli gerçəklik olan bədii əsərləri oxumağa üstünlük verirəm”.

Şəmşad Ağa (şair): “Daha çox xarici yazıçıların əsərlərini oxuyuram” .

Qismət Rüstəmov (şair): “ Mən tələbəlik illərində əlimə nə keçdi oxumuşam, lazımsız bir yığın kitab. İndi daha seçici davranıram. Amma fərq qoymuram, klassikləri də oxuyuram, çağdaş dünya və Azərbaycan ədəbiyyatını da... Son dövrlər daha çox çağdaş avropa ədəbiyyatını oxuyuram “.

Alpay Azər (yazıçı): “Yaşadığı dövrdən asılı olmayaraq, klassik hesab etdiyim yazıçıları oxumağa çalışıram. Sistemsiz oxuyuram, yəni dünya ədəbiyyatının klassik sayılan yazıçılarının bütün əsərlərini hələ də oxumamışam. Belə isə daha çox şəhər nəsrini sevirəm”.

Rəbiqa Nazimqızı (şairə): “Hamısına üstünlük verirəm, bölümürəm, fərq qoymuram. Əsas odur, yaxşı mətn olsun”.

Nəriman Əbdülrahmanlı (yazıçı): “Mənim üçün elə bir bölgü yoxdu. Diqqətimi çəkən, oxumaq istədiyim əsərləri mütaliə eləyirəm. Yaxşı əsərlərin zamanı və məkanı olmur. Xüsusilə öz yazıçılarımızın yaradıcılığını sistemli şəkildə izləməyə çalışıram”.

Cəlil Cavanşir (şair): “Mən son vaxtlar sistemli mütaliə edə bilmədiyim üçün əlimə nə keçirsə oxuyuram. Hazırda paralel olaraq Varisin “Yetmiş yeddinci gün “ romanını, Tanpınarın “Beş şəhər” kitabını oxuyuram. Amma mümkün olduqca sistemli mütaliənin tərəfdarıyam. Adətən bir ayımı klassiklərə və ya konkret hansısa yazıçıya həsr etməyi sevirəm. Yerli müəllifləri də imkan olduqca izləyirəm. Ümumiyyətlə müasir ədəbi prosesləri izləməyə çalışıram. Klassika daimi ehtiyacdır yazıçı üçün” .

Şərif Ağayar (yazıçı): “Çağdaş yazıçılara daha çox üstünlük verirəm. Klassikadan nəsə oxuyuramsa, mütaliə yox, səhv düzəltmək, borcu ödəmək sayıram. Çağdaş yazıçıları izləmək isə hər şeydən əvvəl işdir mənim üçün. Bu yaxınlarda Salman Rüşdinin, Varqas Lyosanın, Mustafa Mənsurun, klassik müasirimiz Vladimir Nabokovun romanlarını oxumuşam. Yerli müəllifləri də mütəmadi izləyirəm. Sonuncu dəfə Aysel Əlizadənin, Mübariz Cəfərlinin romanlarını oxumuşam. Hekayə, məqalə, esse və köşələri saymıram. Bunu heç mütaliə də hesab etmirəm, açığı. Gündəlik iş hesab edirəm”.

Mətləb Ağa (şair): “Ədəbi zövqümə uyğun gələn bütün yazıçıları dövr və ölkəsindən asılı olmayaraq oxuyuram. Hesab edirəmsə ki, bu yazıçını oxumağım dünyagörüşümə faydalı ola bilər, nəsə öyrənə bilərəm, oxuyuram”.

Səfər Alışarlı (yazıçı): “Yerli ədəbiyyatdan son dəfə oxuduqlarım, gərək ki, Şərif Ağayarın və Kəramət Böyükçölün romanlarıdır. “Gülüstan” və “Çöl” xoşuma gəldi. Onlardan öncə Etimad Başkeçidin “Min yol mənə söylər...” romanını oxudum müasir nəsrin nailiyyəti kimi bəyəndim. Rusların müasir ədəbiyyatından daim nəsə oxuyuram. Dmitri Bıkov, Tatyana Tolstaya mənim üçün maraqlı müəlliflərdir, onların əsərlərindən əlimə nə keçsə oxuyuram. Daimi oxuduğum müəlliflərdən biri Karlos Kastanedadır, onu bir oxunuşla sonadək anlamaq olmur. Andrey Platonovu, Yuri Kazakovu, Mixail Bulqakovu oxumağı çox sevirəm. Açığı, əsaslı mütaliəyə vaxtım çatmır”.

Orxan Bahadırsoy (gənc şair): “Dünya ədəbiyyatında Markiz de Sad, Marsel Prust, Çarlz Bukovskiyə üstünlük verirəm. Öz ədəbiyyatımızda Məmməd Səid Ordubadi, İsmayıl Şıxlı, Əlibala Hacızadə, Salam Qədirzadə, dramaturqlardan, heç şübhəsiz, Şekspir, Şiller, Cəfər Cabbarlı və Hüseyn Cavid sevdiyim ədiblərdəndir”.

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top