Səfa Mehdi: “Tamaşadan sonra səhnəyə çıxanda aktyor heyəti tamaşaçılardan çox olurdu” VİDEO

İnformasiya texnologiyalarının inkişafı demək olar ki, bütün sahələrə öz töhfəsini verib. Jurnalistikaya, ədəbiyyata, musiqiyə, incəsənətə, idmana və s. İndi hər kəs sosial şəbəkə vasitəsilə öz istedadını, yaradıcılığını nümayiş etdirə bilir. Nəticədə, qısa zaman ərzində məşhurlaşırlar. Belə şəxlərdən biri də Səfa Mehdidir. Teatrda işləməsinə baxmayaraq insanlar onu daha çox seriallardan və sosial şəbəkələrdən tanıyırlar. Müsahibimiz Rus Dram Teatrının aktyoru Səfa Mehdidir.

- Necəsiz Səfa bəy, işləriniz necə gedir?

- İşlər yaxşıdı, çox şükür. Daha da yaxşı olacaq.

- Demək olar ki, sizi tanıyanların sayı günü-gündən artır. Yenə də qəzetimizin sizi tanımayan oxucuları üçün özünüzü təqdim edərdiniz?

- Mən Səfa Mehdi. 1989-cu ildə Bakının Keşlə qəsəbəsində anadan olmuşam. Elə yaşadığım yerdə 201 saylı orta məktəbdə oxumuşam. Məktəbi bitirəndən sonra İncəsənət Universitetinin Aktyorluq fakültəsinə daxil olmuşam. Estrada teatrında, Gənc Tamaşaçılar Teatrında işləmişəm. Hal-hazırda Rus Dram Teatrında çalışıram. 4-5 tam metrajlı filmə çəkilmişəm. 5-6 serialda çəkilmişəm. Onlardan 3-ü baş rol olub. Digərləri 2-ci, 3-cü dərəcəli rollar olub. Amma bütün bunları bir kənara qoyaq, məni “Facebook”dan daha çox tanıyıblar. Bunun səbəbi də çox sadədi, sadəcə telefonu qabağıma qoyub şeirlər deyirəm.

- Azərbaycanda məşhur incəsənət adamı olmaq üçün nə lazımdır?

- Mən Universiteti bitirəndə fakültədə 62 nəfər idik. Bu gün incəsənətdə davam eləyən bir mən qalmışam, bir nəfər də televiziyada çalışır. Amma sırf aktyorluqda məndən başqa qalan olmadı. Reallıq odur ki, Azərbaycanda biraz dözməlisən, səbirli olmalısan. Bu incəsənət hələ o qədər inkişaf eləməyib ki, sənin hər gün cibində yaxşı pulun ola və yaxud səni qısa zamanda hamı tanıya və s. Hələ o yerlərə gəlib çatmamışıq. Ona görə, səbirli olmaq lazımdır. Türklərin bir sözü var, heç vaxt “pes etməmək” lazımdır. Mənim günlərim olub ki, piyada gedirdim teatra. Amma mən kitab oxuyurdum. Məncə məni formalaşdıran, o çətin günlərdə oxuduğum kitablar olub. Oturub öz üzərimdə işlədim, “pes etmədim”. Gözləyirdim, elə bil bu günləri görürdüm. Damla-damla bu günlər üçün hazırlaşmışam.

Bu yaxınlarda İncəsənət Universitetinin məzunu bir tanışla rastlaşdım. Soruşdum ki, necəsən, neynirsən? Cavab verdi ki, darıxıram, bekarçılıqdı. Özüm yadıma düşdüm. Mən bu prosesi keçmişəm. Sadəcə bu dövrü səbirlə keçmək lazımdır. Mən də saatlarla şəhərdə tək gəzirdim. Bilmirəm bəlkə də düşündüklərim absurd şeylər idi. Amma həmin an üçün o təklik mənə nə isə qazandırırdı. Kitabla gəzirdim, ictimai nəqliyyatda, parkda oxuyurdum. Həmin o oğlana başa salmaq istədim ki, mən bu yolu keçmişəm. Hələ indi-indi yaxşılaşır vəziyyət. Bizim vaxtımızda indiki kimi seriallar çəkilmirdi, biz özümüz səhnəciklər çəkirdik. Azərbaycanda bir reallıq var, insanlar deyir ki, getdin özünə sənət tapdın da, aktyorluq. Amma dünya təcrübəsində görmüşük ki, aktyorlar ziyalı insanlardı. Aktyorlar elit adamlar sayılırlar, onlar ən mötəbər yerlərdə çıxış edirlər. Günahı özümüzdə də görürəm. Bəzi aktyorlar vəziyyəti o yerə çatdırdı ki, aktyora dırnaqarası baxdılar. Yəni, aktyoru görəndə “güldür məni” deyirlər. Mənim üçün maddi baxımdan hələ ki çətinlik yoxdur, çünki, çəkilməsəmdə ailəmlə yaşayıram. Kirayə qalmıram, boynumda məsuliyyətim yoxdur.

“Bəlkə də yaxşı teatr təbliğatı getmir”

- Siz teatr aktyorusunuz, amma seriallarda da çəkilirsiz. Sizə görə teatrla film və ya serialların fərqi nədir?

- Əvvəlcə onu deyim ki, iş, sistem fərqi var. Biz teatrda işləyə-işləyə qazanırıq, əldə edirik, öyrənirik. Sonra filmə, seriala çəkiləndə öyrəndiklərimizi xərcləyirik. Məsələn, teatrda öyrəndiklərini serial çəkilişlərindən öyrənə bilməzsən. Serailda ancaq xərcləyə bilərsən. Teatr canlı sənətdi, ordasan, indi, hal-hazırda baş verir. Sən çıxdın, minlərlə tamaşaçının qabağındasan. Amma filmdə bir dubl, ikinci dubl ola bilər. Əgər gündəlik seriala çəkilirsənsə sənin vaxtın çox azdır. Maksimum tez çəkilməlidir. Amma teatrda bunu eləmək olmur. Maddı baxımdan da fərqləri var. Serial və filmlər daha sərfəlidir.

- Dediniz ki, minlərlə tamaçaşı qarşısında çıxış edirik. Həqiqətən minlərlə tamaşaçı olurmu?

- Bilirsiniz, mən Rus Dram Teatrına gələndən tam başqa ab-hava gördüm. sanki, mən Azərbaycan teatrında işləmirəm. Hardasa Avropada bir yerdə işləyirəmmiş kimi gəlir mənə. Çünki, bu teatrın öz tamaşaçıları var, çox gözəl hislərdi, zal həmişə dolu olur. Bu reallıqdı, deməsəm olmaz. Müəyyən bir təbəqə var ki, həmişə ordadırlar. Dəstək olurlar, tamaşadan sonra gətirib gül dəstələri verirlər.

- Nədir bunun səbəbi? Niyə digər teatrlara maraq azdır?

- Bilirsiniz, bunun səbəbləri çoxdur. Konkret nə isə demək mümkün deyil. Biraz məişət problemləri var, biraz intellektual səviyyə fərqi var, həyat şərtləri fərqlidir. Tam bir şey demək də hər iki tərəf üçün haqsızlıq olar. Niyə mən bunu belə rahat deyə bilirəm? Çünki, hər iki teatrda işləmişəm. Gənc Tamaşaçılar Teatrında gündüzlər dolu olurdu, axşamlar çox az adam gəlirdi. Hətta teatrdan sonra səhnəyə çıxanda aktyor heyəti tamaşaçılardan çox olurdu. Acınacaqlı vəziyyət idi. Burada təkcə insanların üstünə atmaq olmaz. Biraz reklam fərqi də var. Bəlkə də yaxşı teatr təbliğatı getmir. Bəlkədə insanlar klassikadan biraz yorulub. İnsanlara daha modern işlər göstərmək lazımdır. Məsələn, biz indi Rus Dram Teatrında bir tamaşa oynayırıq. Rəqslərimiz hamısı müasir rəqslərdi, geyimlərimiz də buna uyğundu. Bunun üçün Amerikadan geyim rəssamı gəldi. Bizim paltarlarımızı tikdi. İşıq effektləri yaxşıdı. Görünür ki, insanları özünə çəkir. Deməli, insanlar daha modern şeylər, yenilik axtarır. Klassika çox önəmlidir, sadəcə təqdim eləmək önəmlidir.

- Söhbətin əvvəlində kitab oxumaqla bağlı danışdınız. Mütaliənizdə indi hansı kitablar var? İndiki halda işlərinizdən vaxt ayırıb kitab oxuya bilirsinizmi?

- Hal-hazırda əfqan yazıçı Xalid Hüseynin “Dağlardan səda gəldi” romanını oxuyuram. Mənim bu yazıçının əsərlərindən çox xoşum gəlir. Onun digər əsərlərini də oxumuşam. O ki, qaldı vaxt məsələsinə, vaxtım indi çox azdır. Amma yenə də vaxt tapıb oxuyuram. Gün ərzində bir saat da olsa kitaba vaxt ayırıram.

Məsələn komputer, telefon da vaxtımı alır. Amma yenə də buna məcburam, çünki, məni əsasən ordan tanıyıblar. Kiməsə hörmətsizlik eləməkdən çəkinirəm. Kimsə nə isə yazar cavab vermərəm deyə narahat oluram.

“Musa Yaqubun yeni qohumuyam...”

- Bədii qiraətlərin çox sevilməsinin səbəbi nədir? Necə oldu ki, belə çəkilişlər elədiniz?

- “Facebook” xatırlatmalar edir, o gün baxıram ki, 2-3 il əvvəl bir bənd şeir demişəm. O vaxt elə də çox maraq yox idi. Sadəcə özümçün videolar çəkib paylaşırdım. Sonra düşündüm ki, bunu birazda inkişaf elətdirim. Mənim belə çox izlənməyimin səbəbi “Facebook”dakı səhifələrin rolu böyük oldu. Sözüm odur ki, Markın “facebook”u bizə daha çox kömək eləyib (gülür).

- Şeirlərini ifa elədiyiniz şairlərlə görüşürsüz?

- Yox, görüşməmişik. Aqşin Yeniseylə ancaq “Facebook”da danışmışıq. Bir-birimizə təşəkkür edirik. Ramiz Rövşənin, Vaqif Səmədoğlunun, Musa Yaqubun şeirlərini deyirəm. Ramiz Rövşəndəın dediyim qədər heç bir şairdən deməmişəm. Amma onunla tanış deyiləm. Bir dəfə hansısa məclisdə gördüm, onunla tanış olmağa özümü hazır saymıram. Danışa bilmərəm onunla.

Şeirini səsləndirdiyim şairlərdən Musa Yaqubla görüşmüşəm. Mən onun yeni qohumuyam, qız nəvəsi ilə nişanlıyam. Musa Yaqub çox dəyərli insandır. Bir masa arxasında əyləşmişəm, söhbət eləmişik.

- “Qara paltarlı qadın” şeirindən danışaq...

- O şeir mənim vizit kartımdı. Hətta mən qəbul imtahanı vaxtı qabiliyyət imtahanında o şeiri demişəm. Çox dəhşətli şeirdi. Ramiz Rövşən dəsti xəttidir. Çox səsləndirmişəm bu şeiri. Bu şeirdəki kişi əsl bizik. Əsl Azərbaycan kişisidi. Çox ciddi deyirəm. Gedək kənarda canım, cicim deyək, gələk evdə öz xanımımızı ağladaq, öz xanımımıza əziyyət verək. Ona görə bu şeir bu qədər təsir edir bizə. Özümüzü görürük şeirdə. “Sən öləndə kim olacaq gözlərini bağlayan?”...

- Hansı rolu oynamaq istəyərdiniz?

- Mən xaraktercə çox romantik insanam. O qədər romantik insanam ki, Romeo rolunu oynamaq istəyirəm. Bu rol elə bil sırf mənim üçündü. Şekspir bu əsəri mənim üçün yazıb (gülür). Amma reallıq odur ki, yaxın gələcəkdə elə bir şey yoxdur. Məcnun rolu mənə çox yaxındı. Məncə yaxşı alınar məndə.

- Oynayacaqsız?

- Heç kim dəvət eləməsə də oynayacam (gülür). Bəlkə də həyatda oynayıram.

- Təşəkkür edirəm sizə, səmimi söhbətə görə.

- Mən də təşəkkür edirəm.

Söhbətləşdi: Rasim Məmmədli

Səfa Mehdi atası ilə birlikdə

Səfa Mehdi müəllimi Telman Adıgözəlovla birlikdə

Səfa Mehdi

DİGƏR XƏBƏRLƏR

Top