"Sovet yazıçısına gerçəyi yazmaq qadağan idi, indi isə yazıçı özü gerçəklikdən qaçır"

Klassiklər bir çox gerçəklikləri öz əsərlərində qələmə alırdılar. Bəs çağdaş dövrün yazıçı və şairləri öz əsərlərində bu günün problemlərini qələmə ala bilirlərmi?

Tənqidçi, ədəbiyyatşünas və tərcüməçi Cavanşir Yusifli: "Birinci ondan başlamaq olar ki, "əsərdə gerçəklik nə deməkdir"? Məlum-məşhur nəzəriyyələrə görə yazıçı (deyək ki, sovet-realist yazıçı-!) mövcud olanı yox, mümkün olanı yazırdı, yəni modelləşdirirdi. Yəni gerçəkliyi əsərə daşımaq mümkünsüzdü, aşıb-daşar, ekologiya da korlanar. Yazıda "mümkünlük" modeli təkcə sosial-məişət sahəsini əks etdirməklə qalmır, başqa sahələrə də nüfuz edir. Yəni, sən neynəsən də, bir işarə sonsuz sayda digərlərini yada salır, canlandırır, əsərin alıb-verdiyi nəfəs "əks etdirmək" qəfəsindən çıxıb qarşı durmaq, müxtəlif dövrlərin problemlərini baş-başa gətirmək kimi ən müxtəlif variantları da ehtiva etməlidir. Bu mənada bizim həm sovet dövrü, həm də müstəqillik dövrü nəsrimizdə uğurlarla yanaşı, qüsurlar və kəsirlər, yəni çata bilmədiyimiz niyyətlər daha çoxdur. 60-cı illər nəsrində sosiallıq güclü və dominant idi. Onlarla eyni "paraleldə" tarixi, fəlsəfi, psixoloji və sair əsərlər də (xüsusən roman) yazılırdı. Azərbaycan tarixi, Bakının tarixi (Əzizə Cəfərzadə), ayrı-ayrı şəxsiyyətlərin həyatı (Fərman Kərimzadə, Əlisa Nicat...) bu nümunələrdə məhz əks olunurdu, dərinə işləmirdi. O dövrdə qələmə alınmış tarixi, fəlsəfi-psixoloji (deyək ki, İsa Hüseynovun "Məşhər" romanı) və daha çox sosial səpkili ("Toyuğun diri qalması", "Dolça") əsərlərdən bu günün "Baş" romanına keçid "zorakı" təsir bağışlayır, özünü doğrultmur".

Tənqidçi Əsəd Cahangir: "Yadınızdadırsa, 50-ci illərin məşhur mahnılarından birində deyilirdi:

Xaqlımın günləri nə gözəl, necə şən keçir,

Ən gözəl arzular ürəyimdən keçir...

Bu mahnı müharibə və Stalin repressiyasından dəhşətli qurbanlar bahasına çıxmış ac, yorğun, yoxsul, milli dili və hüquqları boğulan bir xalqın durumunu nə qədər düzgün əks etdirirsə, sovet ədəbiyyatı da gerçəkliyi o qədər düzgün əks etdirirdi. Sovet yazıçıları sosial mövzulara sıx-sıx üz tuturdular, sosial tematika yazıçının qarşısına çək-çevirsiz, qeyd-şərtsiz tələb kimi qoyulurdu. Amma bu o demək deyildi ki, yazıçılar gerçəkliyi yazırdılar. Gerçəkliyi yazan Platonov, Pasternak, Soljenitsın kimi tək-tük yazıçıları ya repressiya, ya acından ölmək, ya da sürgün gözləyirdi. Bizdə bu tipli dissident ədəbiyyat olmadı. Ümumən isə sovet ədəbiyyatı psevdoədəbiyyat (yalançı ədəbiyyat) idi.

İndi azadlıq var, yazıçıya ideoloji, siyasi təzyiq yoxdur. Elə görünür ki, əsil ədəbiyyatın yaranması üçün zəmin yaranıb. Bəs, niyə o əsil ədəbiyyat yaranmır? Nəinki yaranmır, hətta zahirən yaxşı görünən tərəflərinə baxmayaraq, vəziyyət sovet dövründəkindən heç də yaxşı deyil. Sovet ədəbiyyatı psevdoədəbiyyat idisə, indiki kontrədəbiyyat, yəni antiədəbiyyatdır. Sovet yazıçısına gerçəkliyi yazmaq qadağan edilmişdi, bu, ədəbiyyatın günahı deyildi. İndi isə yazıçı özü gerçəklikdən qaçır. Məsələnin ən çox narahatlıq doğuran tərəfi budur. İndi ədəbiyyat özü, heç bir təzyiq olmadan haqqı yox, nahaqqı dəstəkləyir, gözəllik yox, eybəcərliyi tərənnüm edir, mənəvi yox, maddiyə can atyır, ruhi yox, cismanini ideal sayır, xeyir yox, şərin tərəfində durur, Allah yox, İblisə sitayiş edir. Bu niyə belədir? Uzun izah tələb etdiyindən bu haqda danışmayacam. Sadəcə, aşağıdakı bölgü ilə fikrimi yekunlaşdırıram:

1. İnqilaba qədər - ədəbiyyat.

2. Sovet dövrü - psevdoədəbiyyat.

3. Çağdaş dövr - antiədəbiyyat, yaxud kontrədəbiyyat".

Şair Qismət Rüstəmov: "Mən düşünmürəm ki, Sovet yazıçıları əsərlərində gerçəklikləri yazırdılar, daha dəqiqi, tipik sovet yazıçılarının yazdıqlarının əksəriyyəti sənətkarın ürəyi istəyəni yazmasının təzahürü olan gerçəklik yox, partiya nizamnaməsinə uyğun gələn "gerçəklik" idi. Bu sosrealist metodla bağlı Nabokovdan bir sitat gətirsəm, məncə, hər şey aydınlaşacaq. Nabokov yazır: "...Faşizmin ədəbiyyatdan istədikləri ilə bolşeviklərin ədəbiyyatdan istədikləri arasında çox da ciddi fərqin olmaması maraqlıdır. Bir sitat gətirəcəyəm: "Sənətçinin şəxsiyyəti azad, məhdudiyyətlər olmadan inkişaf etməlidir. Lakin istədiyimiz bircə şey var: inancımızın qəbul edilməsi" - böyük nasistlərdən olan Hitler Almaniyasının mədəniyyət naziri doktor Rozenberq belə demişdi. Başqa bir sitat: "Hər sənətçinin azad yaradıcılıqla məşğul olmaq haqqı var, fəqət biz kommunistlər onu planlarımız çərçivəsində idarə etməyə məcburuq". Bu da Leninin sözləridir. Bunların hər ikisi konkret mətnlərdən götürdüyüm sitatlardı, vəziyyət bu qədər kədərli olmasaydı, aradakı oxşarlığa baxıb qəhqəhə çəkə bilərdik. (...) Xruşşovun yaxın zamandakı bir partiya iclasında dediklərinə baxaq (iyun, 1957-ci il). Belə deyib: "Ədəbiyyat və sənət sahəsindəki yaradıcı işlər kommunizm uğrunda mübarizənin ruhuyla çulğaşmalı, sosialist şüuru və qrup intizamını inkişaf etdirməlidir". Bu tayfa üslubundan, ritorikadan, didaktik cümlələrdən, qəzetə müsahibə verərcəsinə səsləndirilmiş qar uçqunutək çoxalan çıxışların artmasından ləzzət alıram. Yazıçının fantaziyasına və azad iradəsinə konkret sərhəd qoyulduğu üçün bütün proletar əsərlər xoşbəxt sonluqla, sovetlərin zəfəriylə bitməlidir, deməli, əsərinin necə bitəcəyi oxucuya əvvəlcədən məlum olduğu üçün yazıçı maraqlı süjet yaratmağa çalışarkən it zülmü çəkməlidir..." Və sair, məni sitatı uzada da bilərdim, amma ehtiyac yoxdur, düşünürəm ki, bizim canımızdan bu sovet ritorikası çıxmalıdır, yazıçıya "onu yaz, bunu yaz" demək olmaz və bədii əsəri dəyəri onun sosial problemə münasibət bildirib-bildirməməsi yox, ilk növbədə bədii-estetik parametrlərdir. Yəni pis yazılmış, amma sosial problemlərin öz əksini tapdığı əsər yaxşı əsər sayıla bilməz, amma bütün yaxşı əsərlər dolayı da olsa, ictimai əhəmiyyətli əsərlərdi. Niyə dolayı? Çünki birbaşa sosial problemdən danışmasa belə, günü-gündən çirkaba batan, sevgisizləşən, insaniliyin itirən dünyaya estetik gözəllik təqdim etmək də ictimai reaksiyadır. İnsana sevgi azalan yerdə sevgidən yazırsansa, anlayan üçün bu da nəsə deməkdir".

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top