ƏLİ ÇƏRKƏZOĞLU

Dilənçilər və xlor satanlar girməsin

Dilənçilər və xlor satanlar girməsin

ƏLİ ÇƏRKƏZOĞLU

Yaşadığım binada bloklərın girişinə xüsusi kilidlər quraşdırmağa başlayıblar. Blokların qapıları bağlanır, içəri girə bilmək üçün ya pult kimi açarın olmalıdır, ya da nömrə yığıb evdəkiləri çağırmalısan ki, qapını açsınlar. Qonşu bloka girmək istəyirsənsə, gərək oradan kiminsə kodunu yığıb tanışlıq verəsən ki, qapını açsın, yoxsa qapıda qalarsan. Mənzillərin də qapısında kameralar quraşdırılır. Elə bil ki, adamlar qırx qıfılın arxasında gizlənmək istəyirlər. Nə yaxşı ki, yaşadığım blokda bir nəfər dava saldı və dedi ki, kiminsə quraşdırdığı bu pul tələsinə pul vermirəm, mənim də qapımı kimsə bağlamasın. Həqiqətən də düşünəndə bütün bunların nə qədər gərəksiz və bəlkə də zərərli şeylər olduğunu aydınca görmək mümkümdür. Əgər siz bu kilidlərin oğurluqdan qarunmaq üçün olduğunu düşünürsünüzsə, yanılısınız, hələ bu zamana qədər heç bir oğru blok qapısında qalmayıb. Bizim qonşu blokumuza o kiliddən birini qoyublar. O gün həmin bloka girmişdim, iydən, üfunətdən az qaldı başım çatlasın. Məni evinə dəvət edən qonşum dedi ki, bu qapı bağlanandan buranın günü belədir. Zirzəminin rütubətidir, dolur buralara, iydən boğuluruq. Heç olmasa açıq olanda külək olur, iy-qoxu da qalmır.

Bakının əksər həyətləri kimi bizim həyətdə də hər səhər xlor satanların, ilin müəyyən günlərində nəzir yığanların səsi pərdə-pərdə göyə bülənd olur. Əslində mən o səslərə çoxdan alışmışam və heç də narahat olmuram. Hərdən ağlıma gəlir ki, bütün bunlar, yəni bu kodlu kilidlər xlor satanlarla, qaraçıları, dilənçiləri içəri buraxmamaq üçündür. Amma əgər belədirsə, çox gərəksiz işdir, çünki hələ bu vaxta qədər bircə dəfə də görməmişəm ki, hansısa dilənçi, ya qaraçı qapıda qalsın. Kimsə çıxacaq, ya girəcək, o da onun ardınca...

Blokun ağzına qoyulan bu kodlu kilidlər, əlbəttə ki, sakinlərin "istəyi" və vəsaiti ilə başa gəlir. Sonra da aybaay pul ödəməlisən ki, o kilidlər sənin qapını bağlasın. Neçə adam görmüşəm ki, blokun qapısına çatan kimi əlindəkiləri yerə qoyub, deyinə-deyinə cibini qurdayalıb açar axtarır. Bir bloggerin Hollandiyadan hazırladığı sujeti, yəqin ki, görənləriniz var. Yol kənarındakı evi göstərir və deyir ki, evdə hər şey var, qapısı da açıq. Sonra da geniş həyətdə gəzinən toyuqları və toyuqların yumurtalarının satıldığı balaca köşkü göstərir. Satış da belə olur ki, nə satan alanı görür, nə alan satanı. Sadəcə yumurtalar rəflərə düzülür, üstünə də qiyməti yazılır, alan adam da pulu oradakı qutuya atır, yumurtaları götürüb gedir.

İstər-istəməz o mənzərə ilə cürbəcür kameralarla müşahidə edilən, üst-üstə kilidlərlə bağlanan qapılarımızı müqayisə edir və düşünürəm ki, bizə nə olub axı? Niyə bir-birimizdən bu qədər şübhəliyik, niyə güvənə bilmirik? Adımız müsəlman, başımızın üstündə şeyximiz, hacımız, məşədi-kərbəlayımız, ramazanda oruc, məhərrəmdə təziyə tuturuq, bəs niyə bir-birimizdən bu qədər xofluyuq?

Yaşadığım illərin yarıdan çoxu bu şəhərdə keçsə də o kəndli düşüncəsindən hələ də ayrıla bilmirəm. Hərdən olur ki, səhər gözümü açanda bir müddət harada olduğumu düşünürəm. Çöldən içəri girəndə də açar-zad axtarmıram, elə birbaşa əlimi qapının dəstəyinə uzadıram. Sizə qəribə gəlməsin, biz qapını yatandan-yatana bağlayırıq. Onsuz da səni tanıyan tanıyır, bilən bilir. Əgər oğrudan qorxursansa, oğru da bilir hara gətmək lazımdır, sənin evində oğrunun nə işi var? Ona görə də üstümdə açar gəzdirmirəm.

O gün xəbər saytlarında bir xəbər oxudum ki, vaxtilə çox məşhur olmuş idmançılarımızdan biri tək yaşayırmış və qohumları onun zənglərə cavab verməməsindən narahat olaraq öldüyünü düşünüblər və mənzilinin pəncərəsini qırıb içəri girəndə öz şübhələrində haqlı olduqlarını görüblər.

Deyəsən yaşlandıqca bu kodlu qıfıllardan, bağlı qapılardan qorxmağa başlayıram. Çünki qıfıl mənim üçün məhbəs anlayışına çevrilir. İnsanlar özlərini həbsə salmaqla rahat olurlar sanki. Divarın o üzündə kimlər var, bu haqda düşünmək belə istəmirik. Bir mərtəbə aşağı, ya yuxarıda yaşayanların bizə bir ehtiyacı varmı, yaxud onlar bizim hansısa işimizə kömək edə bilərlərmi, ağlımıza belə gəlmir.

Ayının min oyunu var, bir armudun üstündə. Bizdə də kimin nə oyunu varsa, hamısının başı pula çıxır. Amma mən heç o pulu da dərd eləmirəm. Biz niyə bir-birimizdən bu qədər uzaq durmağa, aramıza kilidli qapılar qoymağa çalışırıq? Qapımızın döyülməsi nə böyük dərd, onu gedib açmaq, gələnin diləyini soruşmaq nə ağır işdir axı? Bir şairin sözü düşdü yadıma: Kilidli qapılar arkasında kayb etdik bir-birimizi.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top