NAZİM MUSTAFAYEV

Əhdü-peymanımızı unutmayaq

Əhdü-peymanımızı unutmayaq

NAZİM MUSTAFAYEV

Xatirimə əsgərliyə gedib bir aydan sonra vətənə və xalqa qarşı sadiq olacağımız barədə verdiyimiz söz, ya da hərbi and düşür... Üç rəngli bayrağımıza əllərimizi bərabər qoyaraq and içdiyimiz halda bərabər qayıtmadığımız əsgər yoldaşlarımız da var idi. Əsl mənada verdikləri sözdə duranlar... Söz verdiyi kimi vətəni, canı və qanı ilə qoruyanlar... Vətən uğrunda şəhid olanlar...

Hələ həyatda ikən Hz. Peyğəmbərimiz (s.a.v) tərəfindən cənnətlə müjdələnmiş on nəfərdən biri olan Abdurrahman bin Avfın önünə bir gün iftar vaxtı yemək gələn zaman, xurmanı ağzına almadan boğazı düyümlənmiş, hıçqırıqla ağlamağa başlamışdı. Səbəbi soruşulanda, Uhud savaşında şəhid olan Musab bin Umeyri xatırladığını söyləyirdi. İkimizdə eyni yola çıxmışdıq, Musab bin Umeyr şəhid oldu. Məkkənin o zəngin gənci Mədinədə Uhud dağının ətəklərində kəfənsiz dəfn olundu. Başını örtərkən ayaqları, ayaqlarını örtərkən başı açıq qalırdı. Ancaq mən dünya nemətləri içərisindəyəm. Etdiyimiz yaxşılıqların qarşılığını dünyada ikən almaqdan qorxuram.

Ağlıma belə bir sual gəlir... Şəhid xəbəri gəldiyi zaman kədərlənib hüzünlənirik, şəhidlərimizin şəkillərini sosial mediada paylaşırıq. Ancaq, aradan illər keçməsinə baxmayaraq, ağzımıza yemək alacağımız zaman biz də şəhidlərimizi xatırlayaraq hıçqırıqlara boğuluruqmu? Boğazımız düyümlənirmi?

Biz də vətən qarşısında söz vermişdik, onlar da... Eyni yola bərabər çıxmışdıq... Bu səbəblə şəhidlərimizi daim xatırlamamız gərəkməzmi?

Zənnimcə, əhd bağlama və söz vermə sadəcə hərbi qulluqda bir il yarımlıq xidmətimiz üçün bağladığımız əhd və sözdən ibarət deyil. Əslində insanlığa faydalı hər bir sənət, sahə və və ixtisasla bağlı yazılan və yazılmayan bir əhd, and və söz vardır.

Məsələn, Tibb Universitetinin tələbələri hələ həkimliyə başlamadan əvvəl Hippokrat andı qəbul edirlər. "Qaynar xətt"ə telefonlara cavab vermə vəzifəsi olan bir şəxsdən, ən mürəkkəb və daha ağır, məsuliyyətli işlərə qədər hər bir insanın, işini, sənətini, vəzifəsini doğru bir şəkildə edəcəyi barədə öhdəlikləri qəbul edən yazılı, ya da yazılı olmayan əhdü-peymanı var.

Bəs, görəsən, bir işə və sənətə başlamadan əvvəl o işlə bağlı əhdü-peymanımız, sözümüz olduğu kimi, həm cismən, həm ruhən varlıq aləminə göndərilmədən, bu dünya həyatında yaşamağa başlamadan əvvəl bizim də bir əhdü-peymanımız varmı?

Qurani-Kərimdə belə bir ayə var; “(Ey Peyğəmbərim!) Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini çıxardıb onların özlərinə (bir-birinə) şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” – soruşmuş, onlar da: “Bəli, Rəbbimizsən!” – deyə cavab vermişdilər. (Belə bir şahidliyin səbəbi) qiyamət günü: “Biz bundan qafil idik”; ... deməməniz üçündür. (Araf, 7/172-173)

Bəs biz bu əhdü-peymanımızı xatırlayırıqmı?

Fəlsəfi romanlardan olan İbn Tufeylin “Hay bin Yakzan” əsərində müəllifin roman qəhrəmanı bir adada tək başına böyüyür. Heç bir din və fikri cərəyandan xəbəri olmadığı halda Allah əqidəsi və düşüncəsinə sahib olur. Romandan onu anlamaq olar ki, sanki insan, vicdanı ilə baş-başa qaldığı zaman ayədə buyrulan “Bəli, Rəbbimizsən!” (Araf, 7/172) sözünü və əhdü-peymanını xatırlayır.

Qərb filosoflarından Kant və Bergson da, Allahı tanıyıb bilmədə vicdan dəlilindən bəhs edirlər. Onlara görə bir insan heç bir əqli və nəzəri dəlillərdən istifadə etmədən vicdanında Yaradanını hiss edə bilər.

Bir İslam Alimi, müsəlmanın qəlbində Allah Təalanı duymasını, mizrab dəymiş telə bənzədir. Mizrab telə dəyərkən sanki səs o telin hər bir zərrəsi titrətdiyi kimi, qəlbimizin bəm telini titrədən mizrab da Allah hissi və Allahı yad etmək olmalıdır.

Əsgərlikdə qəbul edilən hərbi and və əhdü-peyman bizim üzərimizdə məsuliyyətlər doğurur. Tibb tələbələrinin qəbul etdiyi Hippokrat andı ömür boyu həkimlik sənətinə məsuliyyətlər yükləyir. Digər peşələrdə də belədir. Bir and və əhdü-peyman varsa, arxasında bu əhdü-peymanın məsuliyyətləri və icra ediliş şəkilləri vardır.

Vicdanlarımızda hiss edə biləcəyimiz Allaha qarşı verilən əhdü-peymanın da bizim üzərimizdə məsuliyyətləri vardır. Ancaq vicdan, Allahı hiss edib duya bilsə də, bundan sonrakı mərhələni aşa bilmir.

Bəs, görəsən, Allah-Təalanın bizim haqqımızda istədiyi və istəmədiyi şeylər nələrdir? Biz Ona (c.c) qulluq və ibadət etməliyikmi? Allaha qulluq və ibadəti necə etməliyik?

Sanki dəniz sahilinə gəlib çatdıq... Bir mənada bundan o yana piyada gedə bilmərik. Başqa bir vasitəyə minməyimiz lazımdır. Bizi, Allahı hiss edib duyma sahilindən, Allaha qarşı olan əhdü-peymanın gərəklilik, qulluq və ibadət sahilinə, ancaq vəhy gəmisi apara bilər. Bu gəminin kapitanı da Hz. Muhəmməddir (s.a.v).

Əhdü-peymanımızı unutmayaq... Sahilə yanaşan sonuncu gəmini qaçırmayaq... Bu gəminin kapitanını tanıyaq...

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top