ANAR QARAXANÇALLI

Jurnalist qiyafətli reketlər

Jurnalist qiyafətli reketlər

ANAR QARAXANÇALLI

Reketçilik ümummilli problemdir. Təkcə mediaya məxsus deyil. Hər sahəmizdə var, maşallah. Polis qiyafətli reketlər, vergi məmuru qiyafətli reketlər, gömrükçü qiyafətli reketlər və s. Ədalət məfhumunun yerləşmədiyi bir yerdə "reketçilik" anlayışının hörmət qazanması təbiidir. Çünki qazanmaq üçün hər şey eləmək olar. Hər şey deyəndə bir-iki istisna var mütləq; başqasının obyektinə toxunmamaq, ümumi qabdan oğurlamamaq, icazəsiz həmlə etməmək. Belə cəmiyyətlərdə qazanmaq üçün "hərəkət" eləmək normal qarşılanır. Ta ki, zibilin üstü açılana kimi. Zibilin üstü açılan kimi hamı "şok" keçirir. Ən azından, özlərini elə göstərməyə çalışırlar.

DTX-nin (Dövlət Təhlükəsizlik Xidməti) jurnalist görünümlü reketlərə qarşı əməliyyatları meydanı yaman qızışdırdı. Bir anda reketlər ortada qaldı. Tipik Azərbaycan variantı. Yıxılanın dostu olmaz. Adamlara dünənə kimi yaltaqlıq edənlər, rəğbət bəsləyənlər, ön-ayaq olanlar birdən-birə 180 dərəcə döndülər. Biz onları tanımırıq dedilər. Ay balam, tanımıram dediyiniz adamlar sizin məkanlarda deyildilər? Ən mötəbər məclislərdə baş tərəfdə bunlar oturmamışdılar? Necə tanımırıq?! Göz görə-görə gözə barmaq soxmaq kimi bir şey. Onlar əslində Eldar Mahmudovun adamlarıdır dedilər. Onsuz da ölkədə nə qədər xarab iş varsa, Eldar Mahmudova itələmək dəbi başlayıb. Madam Eldar Mahmudovun adamları idi, niyə qucağında bəsləyirdin? Vaxtında səsini niyə çıxarmırdın?

Demokratiya üçün ən təməl prinsip dövlətdə qüvvələr ayrılığıdır. Hakimiyyət dövlətin 3 orqanı arasında bölünür. Bu orqanlar: icraedici (hökumət), qanunverici (Məclis) və məhkəmə.

Bu orqanların seçilməsi, işlərin təşkili və tətbiqi hər ölkədə fərqlidir. Bütün ehtimallarda icraedici orqan qanunverici və məhkəmə orqanının üzərində təsir imkanlarını artırmaq istəyib. Demokratik ölkələrdə orqanlar arasındakı balansı qoruyan ən təsirli mexanizm mediadır. Media sistemdə baş verən qaranlıq müdaxilələrə ictimaiyyətin diqqətini yönəldərək təzyiqləri minimuma endirir. Ona görə də, demokratiya üçün ən önəmli ünsür azad mediadır.

Bizdə vəziyyət necədir?

Bizdə vəziyyət bir qədər fərqlidir. Hamı hər şeyi bilir. Amma özümüzü elə aparırıq ki, heç nə bilmirik, hər şey normaldır. Elə ki, qaranlıq bir nöqtəyə işıq tutuldu, o saat hamı işıq tutanın səfinə keçir; "aaaa, bu nə biabırçılıqdı, bu necə olub", və s. kimi nağıllar, aktyorluq sənətinin nümunələri.

Millətə əxlaq dərsi keçən bəzi media nümayəndələri elə bil aylıq "şot" almırlar. Elə bil, bəzi məmurlarla alış-veriş eləmirlər. Elə bil, bir zənglə qəzetin manşetini dəyişmirlər. Elə bil, jurnalistikanın təməl prinsiplərini hər gün bunlar çiynəmirlər. Nə qədər? Nə zamana kimi?

Bir zənglə 25 illik keçmişinin üstünə gözüyumulu xətt çəkənlər elə bir zəng qədər dəyərə sahibdilər. Onlara ilk təpiyi də o zəngi edən vuracaq.

P.S. Bəzi buqələmunların diqqətinə: Bu yazı Eldar Mahmudovu müdafiə etmək üçün yazılmayıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top