Azərbaycanın ələ keçirdiyi erməni diversantla bağlı mühüm gəlişmə

Azərbaycan daha çox hansı ölkələrdən məhsul idxal edir? - SİYAHI

Bakıda iki uşaq anası yoxa çıxıb - VİDEO

şənbə, 21 iyul 2018
RU EN TR
EN TR RU

Yazarlar

Əziz Mustafa

İntiharlar milli faciəmizə çevrilir

06.12.2016 12:24

Son illərdə Azərbaycanda intiharların sayı artmaqda davam edir. Elə gün olmur ki, respublikamızın hansısa rayonunda kimsə özünə qəsd etməsin. Sözün düzü hər dəfə saytlardan, telekanallardan intihar hadisəsi barədə eşidəndə ürəyim ağrıyır. Çünki hər bir intihar hadisəsi yalnız mərhumun ailəsinin, onun yaxınlarının, qohum-qardaşlarının yanğısı deyil, həm də yaşadığımız cəmiyyətin, insanlığın faciəsidir. Belə ki, hər bir intiharın arxasında konkret səbəblər dayanır və bu da sonda faciənin baş verməsinə aparıb çıxarır. Mən inanmıram ki, kimsə kefindən şirin canına qəsd etsin və sevdiyi həyatla vidalaşmaq qərarına gəlsin. Hər halda bütün ağrıları, acıları ilə yaşamaq şirin şeydir və bunu gündəlik həyatımızda hamımız çox gözəl dərk edirik. Buna baxmayaraq intiharların sayı artmaqda davam edir və mənə elə gəlir ki, intiharlar artıq ictimaiyyətin gözündə də adiləşməyə başlayıb. Əgər əvvəllər bir nəfərin intiharı cəmiyyətimizin çox hissəsində ürək yanğısı ilə qarşılanırdısa, bu gün sanki hamı buna öyrəşib. Ən dəhşətlisi də məhz intihar hadisələrinin cəmiyyətimizdə artıq faciə kimi deyil, adi hal kimi qəbul edilməsidir. İntiharların sayı isə atmaqda davam edir. Bu gün səhər işə gələrkən, evdən çıxmazdan əvvəl internetdə son hadisələrə nəzər saldım. Yenə də intihar hadisəsi ilə qarşılaşdım. Məlum oldu ki, Səbail rayonu Bibiheybət qəsəbəsi, Namiq Quliyev küçəsi ev 22-də yaşayan 1991-ci il təvəllüdlü Xalıqov Elmir Heybət oğlu yaşadığı evin eyvanından özünü iplə asıb. Ancaq anası son anda onu xilas edə bilib. E.Xalıqov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır. Yaxşı ki, ana ürəyi vaxtında oğlunun nə edə biləcəyini hiss edib və son anda onu ölümdən xilas edə bilib. Kaş ki, bütün intiharların qarşısını bu cür almaq mümkün olaydı. Yenə də mən inanmıram ki, 25 yaşlı Elmir intihar etmək qərarını elə-belə verib. Şübhəsiz ki, onu intihara vadar edən səbəblər olub və o vəziyyətdən çıxış yolunu özünəqəsd etməkdə görüb. Yenə də bütün hallarda intihara aparan hansısa səbəbin olmasından asılı olmayaraq zənnimcə bu heç də vəziyyətdən çıxış yolu deyil. Ən azından intihar yolu ilə hər hansı problemi həll etmək mümkün deyil. Üstəlik intihar edən özündən sonra yaxınlarını gözü yaşlı qoyub gedir və bu faciə onların ürəyində ölənə kimi sağalmaz bir yara olaraq qalır. Yenə də təəssüflər olsun ki, cəmiyyətimizdə intihar halları sanki adiləşib və bu, zənnimizcə bizi sonu bilinməyən faciələrə aparıb çıxara bilər. Hər halda təkcə noyabr ayında 20-dən artıq intihar hadisəsinin qeydə alınması həqiqətən də milli, mənəvi baxımdan fəlakətə sürüklənməkdə olduğumuzun göstəricisi hesab edilə bilər. Yeri gəlmişkən onu da deyək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, bu ilin 9 ayı ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə 500 cinayət işi başlanıb, zərərçəkmiş qadınların sayı 156, yetkinlik yaşına çatmayanların sayı 27 nəfər olub. Ölkədə ötən il həmin maddə ilə ümumilikdə 658 cinayət işi başlanıb ki, bu ilin ilk 9 ayındakı intiharların statistikası ötən ilin müvafiq dövrünün statistikasından çoxdur. Orta hesabla götürsək, hər gün təxminən iki azərbaycanlı intihar edir. Bəzən isə bir gündə özünə qəsdlərin sayı 3-4-ə çatır. Nəzərə alsaq ki, bu yalnız mətbuatda işıqlandırılan və rəsmən təsdiqlənən statistikadır, əslində miqyasın daha böyük olduğunu təsəvvür eləmək çətin deyil. Şübhəsiz ki, intiharların sayının artması qeyd etdiyimiz kimi sosial problemlərdən, maddiyatın mənəviyyatı üstələməsindən irəli gəlir. Ekspertlər insanları bu addıma təhrik edəcək yüzlərlə səbəb sadalayırlar. Yenə də ən böyük problem maddi çətinlik, sosial problemlər, banklara olan borc və digər sıxıntılardan qaynaqlanır. Ümumiyyətlə götürdükdə isə istənilən cəmiyyətdə intiharlar mənəvi, milli aşınmanın təzahürü, çıxış yolunu öz canına qəsd etməkdə görəni əhatə edən sosial mühiti uçuruma sürükləyən fəlakətin başlanğıcı hesab edilir. Ən dəhşətli faktorlardan biri də daha çox gəncin intihar etməsi, özünəqəsdlərin qorxulu bir xəstəlik kimi belə demək mümkünsə onlara yoluxmasıdır. Hazırda yaşı 15-29 olan gənclər arasında intihar ikinci böyük ölüm faktoruna çevrilməkdədir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il dünyada 1 milyon insan intihar edir. Əslində isə özünəqəsdə cəhd edənlərin sayı bundan 20 dəfə artıqdır. Rusiya intihar edənlərin sayına görə dünyada birinci yerdədir. Azərbaycanda intihar halları bizə qonşu olan ölkələrdən az hesab edilir. Ancaq yenə də intiharların sayının artması zənnimizcə SOS siqnalının verilməsini zəruri etəməkdədir. Bununla bağlı belə hesab edirəm ki, dini, mənəvi maarifləndirmənin aparılmasına ciddi ehtiyac var. Çünki bütün dinlərdə intihar ən böyük günahlardan biri hesab edilir. Nəhayət kütləvi informasiya vasitələri də bu işə cəlb edilməli, telekanallar tamaşaçılar arasında intiharın dini baxımdan ən böyük günah olduğunu təbliğ etməlidirlər. Bu baxımdan intiharların qarşısı hamımızın səyi ilə alınmalı, onunla problemlərin həll edilmədiyi addımbaşı izah edilməlidir. Çünki heç kim zəmanət verə bilməz ki, intihar hadisəsi sabah onun da qapısını döyməyəcək...

Oxundu: 327