ALLAHVERDİ AYDIN

Biz də belə əylənirik...

Biz də belə əylənirik...

ALLAHVERDİ AYDIN

Hər bir xalqın özünəməxsus xüsusiyyətləri olur. Məsələn, çeçenlərin döyüşkən, almanların dəqiq, yaponların əzmkar, yəhudilərin hiyləgər, ermənilərin oğru olduğunu tez-tez eşidirik. Bu xüsusiyyətlərin formalaşmasında onların həyat tərzi, yaşadıqları coğrafiya, keçdikləri tarix, kənar təsirlər və digər bu kimi səbəblər həlledici olur. Hər bir xalq kimi bizim də özümüzəməxsus xüsusiyyətlərimiz var. Mənim diqqətimi cəlb edən "milli xüsusiyyətlərimizdən" biri odur ki, biz yenilik etməyi xoşlayırıq. Ancaq eyni zamanda etdiyimiz yeniliyi tətbiq etməyə, ondan faydalanmağa calışmırıq. Yəni belə demək mümkündürsə bəzi məsələlərin mahiyyətinə varmadan, yalnız yenilik olsun deyə dəyişiklik edirik. Məsələn, son yüz il ərzində əlifbamızı 4 dəfə dəyişmişik. Görəsən, bizim qədər əlifbasını tez-tez dəyişən ikinci bir xalq varmı bu dünyada? Yaponlar min illərdir "ilan-qurbağaya" oxşayan heroqliflərindən əl çəkmirlər. İngilislər, ərəblər, ruslar, hətta ermənilərlə gürcülər belə öz əlifbalarına uzun illərdir dəyişmirlər. Ötən əsrin 23-cü ilində, yəni "sovet" hakimiyyəti qurular-qurulmaz ərəb əlifbasından imtina edib latın əlifbasına keçdik. Qısa müddətdən sonra isə latın əlifbası kiril əlifbası ilə əvəzləndi. Ən sonunda yenidən latın əlifbasına qayıtdıq. Yuxarında qeyd etdiyim kimi, biz əlifbamızı sadəcə yenilik olsun deyə dəyişdiririk. Bizim yeniliklərimiz sözdən əmələ keçmir. Ötən əsrdə ərəb əlifbasından imtina etdiyimizi bəyan etdik. Amma latın əlifbasından istifadə etməyə tələsmədik. Nəticədə nə oldu? Bizim ərəb və latın əlifbaları arasında vurnuxmağımıza səbr edə bilməyən "Moskva" 1929-cu ildə ərəb əlifbası ili yazılan yüzminlərlə kitabı yandıraraq məhv etdi və bu əlifbadan istifadə rəsmən qadağan olundu. Müstəqillik əldə edər-etməz yenə də yenilik edib əlifbamızı dəyişdik. Yenidən latın əlifbasını qəbul etdik. Ancaq hər zaman olduğu kimi, bu dəfə də yenilik elə yenilik olaraq qaldı. Öz xoşumuzla kiril əlifbasından əl çəkmək istəmirdik. Nəhayət ölkə prezidentinin 2001-ci il 18 iyun tarixli, məlum fərmanından sonra bütün ölkə ərazisində məcburi şəkildə latın əlifbasına keçildi. Nəticədə qəzetlər bir gün içərisində onminlərlə oxucusunu itirdi. Bizim yenilikçiliyimiz təkcə əlifba dəyişikliyi ilə yekunlaşmır. Hər sahədə yenilik və dəyişiklik etməyi xoşlayırıq. Amma etdiklərimiz yenilikləri tətbiq etməyi, onlardan faydalanmağı düşünmürük. Keçmiş sovet respublikaları arasında Karl Marksın heykəlini hamıdan tez biz yıxdıq. Sovetlər Birliyinin dağılma prosesini axıra qədər gözləməyə səbrimiz çatmadı. Onun adına olan hər şeyi tez-tələsik dəyişdirərək yenilədik. Ancaq vaxtı ilə heykəlin olduğu yeri hələ də "Karl marks" adlandırırıq. Biz hələ də Rəsulzadə qəsəbəsinə "posyolka Kirov", Bakıxanov qəzəbəsinə də "Razin" deyirik. "Rəsulzadə" ilə "Kirov" adlarının arasında vurnuxub qalmışıq. Gündəlik söhbətlərimizdə, hətta mətbuat səhifələrində belə "Montin", "Baksovet", "Torqovu", "Sovetski", "Çermet", "Xutor" kimi adlardan tez-tez istifadə edirik. Halbuki bu adlardan rəsmi şəkildə çoxdan imtina etmişik. Aramızda Nəsimi rayonu ərazisində yerləşən meyvə-tərəvəz bazarına "Ermənikənd bazarı", Füzuli küçəsinə "Basin", Sahil bağına isə hələ də "26-lar" deyənlər belə var. Sanki bu cür dəyişikliklər bizim üçün bir əyləncədir...

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top