ANAR QARAXANÇALLI

Şalvardakı yırtıq...

Şalvardakı yırtıq...

ANAR QARAXANÇALLI

Küçədə hərəkət edən bir adam. Önündə gedən başqa bir adamın şalvarında yırtıq olduğunu görür. Adamın çiyninə yavaşca əlini qoyub toxunur: Bəy, şalvarınızın arxa hissəsində yırtıq var. Bəy bu vəziyyətdə nə etməlidir? Ən məntiqlisi, adama təşəkkür edib yırtığı yamamaqdır. Əgər belə vəziyyətdə bəyimiz adama qışqırıb onu vətən xaini adlandırsa? Bunun adı nə olar? Bəy iddia etsə ki, bu adamın niyyəti pis idi, əslində qüsurlarımızı göstərərək bizi biabır etmək istəyir, başqalarının gözündən salmaq istəyir və s. Belə birini necə adlandırmaq adil olar?

Oktyabrın 4-də “Azadlıq radio”su Bakı sakini Araz Orucov haqqında bir məqalə yayımladı. Arazın iddiaları həqiqətən tükürpərdici idi. Oğurluqda günahlandırılan Araz polis bölməsinə aparılır. İddiasına görə, bölmədə qolları, ağzı, əlləri, gözləri yapışqanla bağlanılıb dəyənəklə, yumruq-təpiklə döyülüb. Vəkil tələbi də yerinə yetirilməyib: “Mən vəkil tələb etdikcə, onlar döydülər. Deyirdilər ki, hər iki evin sahibi üzünə duracaq ki, oğru sənsən. Döyülməkdən bir iş aşmadıqda, başımdan bədənimə cərəyan verdilər. Dedim, ölsəm də etmədiyim cinayəti boynuma götürməyəcəyəm”. İddiasına görə, şəxsiyyətinin təhqirinə keçəndə razılaşmalı olub: “Şalvarımı soyundurdular, lüt elədilər, məni çəkdilər. Dedilər, “onsuz da əlimizdəsən, sənədləşdirəcəyik, “sroka” gedəcəksən, hansı “zona” gedib düşsən, bu çəkilişdən sonra orada günün qara olacaq”. Dedim, “gətirin, nəyə istəyirsiz, qol çəkim”. Zərərçəkən kişi də Əli adlı polisin sinif yoldaşı idi. Üzümə onu durğuzdular. Dedi, oğru budur”.

“Etirafedici” ifadələrdən sonra Araz haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçilib. 1 il Bakı istintaq təcridxanasında saxlanılıb.

Bu ilin mayında isə kamerasının qapısı açılıb və ona azadlığa çıxması ilə bağlı qərar olduğu bildirilib. Sən demə, Arazın üzərinə yıxdıqları oğurluq faktlarının üstü açılıb və əsl oğrular həbs olunub. Sevinən Araz evlərinə gedəndə bir şok daha yaşayıb. Bəzi fırıldaqçılar anasını aldadıb evlərini satdırıblar. Anasına oğlunu həbsdən qurtaracağıq deyiblər.

Ən maraqlı məqam polis bölməsinin açıqlamasıdır. Bildiriblər ki, Araza hər hansı işgəncə olmayıb. Sadəcə, polislər Arazla yüksək səs tonunda danışdıqları üçün o da qorxub törətmədiyi cinayəti üzərinə götürüb.

Bu xəbəri oktyabrın 4-də axşam oxudum. Bir az araşdırıb yalan olmadığını polisdən öyrəndim. Sonra qəzetimizdə geniş işıqlandırdıq. Səhəri gün DİN-in mətbuat xidmətindən açıqlama yayımlandı. Açıqlamada baş verənlər qəbul edilir, amma Arazın fiziki təzyiqə məruz qaldığı rədd edilir. Baş müstəntiq R. Almazovun işdə yol verdiyi ciddi nöqsanlara və digər xidməti qəbahətlərə görə vəzifəsindən azad edildiyi bildirir.

Açıqlamada deyilir ki, bu radio (“Azadlıq radiosu”) Azərbaycan iqtidarının qazandığı bütün uğurlara qısqanclıqla yanaşır. Digər maraqlı bir ifadə; “müstəntiq səhlənkarlığının qurbanı olmuş şəxs”. Yəni ortada Araz adlı birinin müstəntiq qurbanı olduğunu DİN də qəbul edir. Arxası daha maraqlıdır. Bildirilir ki, ölkəmizin müstəqil siyasət yeritməsini, uğurlarını düşmənlərimizin, onların içimizdəki adamlarının gözü götürmür.

Hər insanın xətası ola bilər. Hər qurumda qüsurlu əməkdaşlar ola bilər. Minlərlə əməkdaşı olan DİN-də də xidməti qəbahətlərin olması təbiidir. Təbii olmayan, bir müstəntiqin qüsurunu dövlətin müstəqilliyinə bağlamaqdır. Təbii olmayan, bir müstəntiqin nöqsanını ifadə edənlərin vətəni, dövləti satanlar kateqoriyasında dəyərləndirməkdir. Tutaq ki, bu qüsuru dilə gətirən ən qatı düşmənimizdir, nə dəyişər?! Ağıllı insan qüsurunu dilə gətirənlərə təşəkkür edib, onu düzəltməyə çalışar. Digər tərəfdən, hər hansı bir şəxs, hətta hər hansı bir qurum özünü dövlətin tək təmsilçisi, tək sahibi hesab etməməlidir. Bu dövlət ən az o müstəntiq qədər Arazındır. Əgər Araz yaşadığı problemləri işıqlandıracaq bir media orqanı tapa bilmirsə, bu hamımızın ayıbıdır.

Şalvardakı yırtığı yamamaq lazımdır. Yırtığı görənləri yox etməklə hədəfə çatmağa çalışsaq, ölkədə normal adam qalmaz.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top