ƏLİ ÇƏRKƏZOĞLU

Kövrəyəm, küskünəm

Kövrəyəm, küskünəm

ƏLİ ÇƏRKƏZOĞLU

Başqalarını bilmirəm, mən payızda yaman kövrəlirəm. Bəlkə də heç əvvəllər bu qədər kövrəlməzdim, son illər bu duyğu mənə daha yaxın, daha doğma olub. Göy üzünü bulud tutanda əlin çatmayan doğma yurdu xatırlayıb kövrəlirəm, yolumun üstünə tökülmüş sarı yarpaqları görəndə ölümü düşünüb kövrəlirəm, göy üzündə qatar-qatar olub gedən quşları görəndə itirdiyim doğmalarımı xatırlayıb kövrəlirəm. Qəribədir, səbəbini bilmirsən, amma ömrün bu ahıl yaşında qarşına çıxan hər şey elə bil ki, barmağını tuşlayıb uzun illərin o üzündə qalan dəyərli bir şeyi xatırladır adama.

Desəm ki, ölümdən qorxmuram, doğru olmaz, qorxuram, özü də günahlarım qədər qorxuram. Xüsusilə də son aylarını yaşadığımız bu il ard-arda bir neçə yaxınımı qara torpağa yola salandan sonra ölüm haqqında daha çox düşünməyə başladım. Açığı deyim ki, mən sevdiklərimin ölümünə çox üzülmürəm, insanın dünyadan əliboş getdiyinə üzülürəm. Ölüm var, toy-bayramdır; ölüm var, qurd-quş ağzında tikə-parça olmaq kimidir. Mən ölümün urvatlısını, toy-bayram olanını sevirəm. Rəhmətlik babamın oxuduğu bir dua heç qulaqlarımdan getmir:

Ya Rəbb, bizi ayırma şahənşani-Vəlidən,

Ya Rəbb, bizi dur eyləmə övladi-Əlidən,

Həztəri-Qurandan ayırma bizi, Ya Rəbb,

Axır nəfəsimizdə də imandan ayırma bizi, Ya Rəbb!

"Şahənşahi-Vəli" deyəndə, yəqin ki, sevimli Peyğəmbərimizi (Allahın salamı Onun üzərinə olsun!), "övladi-Əli" ilə də, Əhli-Beyti, yəni Həzrət Əlinin soyu ilə davam edən Peyğəmbər övladlarını nəzərdə tutublar.

Türkiyənin tanınmış şairi Nəcib Fazil də ölüm haqqında belə deyir:

Ölüm gözəl şey, budur pərdə ardından xəbər,

Ölüm gözəl olmazsa, ölərmiydi Peyğəmbər?!

Ölüm dediyin qaçılmaz həqiqətdir və hər birimiz o həqiqətimizlə barışa bildiyimiz qədər rahatıq. Uca dinimizin insana təlqin elədiyi ən mühüm həqiqətlərdən biri də ölümü qorxu olmaqdan çıxarıb ən gözəl səfər halına gətirməkdir. Təbii ki, bunun üçün insan mənəvi mərhələlər keçməli, təmizlənməlidir.

Uca dinimizin insana aşıladığı ən mühüm kriteriyalardan biri də öz həddini bilməkdir. Öz həddini aşan adam mütləq kiminsə sərhədini tapdalayır. Quranda buyrulur ki, Allah-Taalanın sizin üçün müəyyən elədiyi hüdudları aşmayın. Bu hal insanı fəlakətə sürükləyər. Bizim insanımız isə ya sözünü göyərtmək, ya da savadlı görünmək üçün din adından, Peyğəmbər adından elə şeylər danışırlar ki, adamın əli üzündə qalır. Son zamanlarda ölkəmizdə ən populyar ünvanlar arasına yenisi əlavə olunub: ekspert. Yəqin ki, görmüsünüz, teleproqramlarda oturmuş bu adamlar hansısa məsələni müzakirə edərkən bir ucdan "bu savabdır", "bu günahdır" bazarı açırlar. Halbuki nəyin günah, nəyin savab olduğunu Allah bilir.

Çox cahillərimiz məşhurdur, yəni çox məşhurlarımız cahildir. Qəzetlərdə yazıları gedir səhifə-səhifə. Diqqətini toplayıb oxumaq istəyirsən, amma oxuduqlarının üfunətindən boğulursan. Bu həmin şairdir, bu həmin yazıçı, bu həmin filosof... Yazdıqlarında həqiqətin qoxusu belə yoxdur. İddia, mənəm-mənəmlik, "kiminsə acığına, kiminsə xətrinə"dən başqa bir şey anlaya bilmirsən.

Son günlərdə daha çox dini-fəlsəfi mövzulardan yazırlar, peyğəmbərlər, dinlər arasında müqayisələr aparır, bir damcı ağılla sonsuz ümman haqqında ehkam kəsirlər. Mübarək dinimiz İslamı aşağılamaq üçün çeşid-çeşid oyunlar oynayırlar. Cavanı da var, nisbətən yaşlısı da. Ələlxüsus da xəbər portalları belələrinin yazıları ilə doludur.

Payız buludu kimi dolmuşam. Bunlar mənim millətimin balalarıdır axı, ətimdir, qanımdır axı... Bir vaxtlar yaxşı şeir yazanları çox sevirdim, amma indi onlardan qorxuram, çünki o istedadı ilə istedadlı qələtlər eləyirlər. Gözüm görə-görə, əlim çata-çata xalqımın balaları, övladlarım günahdan-günaha batır, iblisi mələkdən, şəri xeyirdən üstün tutur və mən heç bir şey edə bilmirəm. Bu acizliyim yandırır məni. Nə deyim, bilmirəm, bircə onu bilirəm ki, kim neyləyirsə, özünə eləyir. Vəssalam.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top