ALLAHVERDİ AYDIN

Şəhərdə heyvan sürüləri gəzir...

Şəhərdə heyvan sürüləri gəzir...

ALLAHVERDİ AYDIN

Yük daşımaq üçün uzunqulaqdan, minik vasitəsi kimi də atdan səmərəli nəqliyyat vasitəsi yoxdur. Xüsusən də kənd yerlərində bu heyvanlar həm iqtisadi səmərəlilik, həm də iş əmsalları baxımından əvəzolunmaz nəqliyyat vasitəsidir. Nəqliyyat vasitəsi kimi qüsursuz olan bu heyvanlarda yeganə çatışmazlıq odur ki, onların çıxardığı səslər ekoloji norma və tələblərə uyğun gəlmir. Məsələn atın kişnəməsi ilə uzunqulağın anqırması (yeri gəlmişkən, uzunqulağa həm də eşşək deyirlər-A.A.) zaman meydana gələn səsin destibeli (səs ölçü vahidi) qəbul edilən normativlərdən yüksəkdir. Nazirlər kabinetinin təsdiq etdiyi “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”na görə, insanların məskunlaşdığı ərazilərdə səs səviyyəsi ən çox 40-50 destibel olmalıdır. Avropa ölkələrində bu rəqəmlər bir qədər də aşağıdır. Bir məsələni də qeyd edim ki, at və uzunqulağın çıxardığı səslər təkcə təsdiq edilmiş normadan yüksək deyil, həm də insanlar tərəfindən xoş qarşılanmır. Təsadüfi deyil ki, insanlar bir-birini təhqir etmək üçün “at kimi kişnəmə”, “eşşək kimi anqırma” ifadələrindən istifadə edirlər. Amma nə qədər qəribə olsa da, bəzi insanlar həm qanun və qaydaları pozmaq, həm bu cür təhqiramiz ifadələri boyunlarına götürmək bahasına olsa da, sözün həqiqi mənasında, at və eşşək səsləri çıxarırlar. Həm də şəhərin mərkəzi küçələrində, insanların sıx olduğu yerlərdə. İqtisadi inkişaf və texniki tərəqqi nəticəsində at və uzunqulaq kimi nəqliyyat vasitələrinin yerini müasir avtomobillər tutmağa başlayıb. Çox təəssüf ki, bəzi insanlar nəqliyyat vasitəsi kimi at və uzunqulaqdan imtina etsələr də, bu heyvanlara məxsus səslərdən imtina etmək istəmirlər. Bu cür insanlar “Range Rover “ avtomobilinə minsələr də, özlərini uzunqulağın üzərində hiss edirlər. Yəqin siz də dəfələrlə şahid olmusunuz ki, şəhərin mərkəzi küçələri ilə gedərkən qəfildən at kişnəməsi, yaxud da eşşək anqırtısı eşidilir. Bəzən isə küçədə qarşı-qarşıya gələn iki dost bir-birini idarə etdikləri nəqliyyat vasitəsindən çıxardıqları heyvan səsləri ilə salamlayırlar. Həmin vaxt səsin hardan gəldiyini bilməsən, elə zənn edərsən ki, şəhərdə heyvanlar sürü ilə gəzir.

Bu xoşagəlməz hərəkətləri təkcə ictimai xuliqanlıq kimi qiymətləndirmək olmaz. Bu ekoloji tarazılığın pozulması və səs-küy çirklənməsi kimi ciddi təhlükələrə səbəb olur. Otən əsrin sonlarından başlayaraq, alimlər səs-küy çirklənməsi ilə bağlı elmi-tədqiqatlar aparırlar. Ortaya çıxan nəticələr isə heç də ürəkaçan deyil. Aparılan tədqiqatlar göstərir ki, səs-küy çirklənməsi bir çox xəstəliklərin əsas səbəbkarıdır. Xüsusən əsəb xəstəliklərinin yaranmasında səs-küy çirklənməsi böyük paya sahibdir. Bu vəziyyət, eyni zamanda, dünyada ekoloji tarazılığın pozulmasına da səbəb olur. Nəticədə isə canlı aləm təhlükə qarşısında qalır. Uzun illər idi ki, alimlər balina və delfinlərin kütləvi şəkildə özlərini sahilə ataraq intihar etmələrinin səbəbini tapmağa çalışırdılar. Artıq tədqiqatçıların əksəriyyəti bu qənaətdədir ki, bu cür kütləvi intiharlara səs-küy çirklənməsi səbəb olur. İnsanlara əvəzedilməz qida növü bəxş edən arıların sürətlə azaldığı barədə həyəcan siqnalı çalınır. Xüsusən ABŞ kimi inkişaf etmiş ölkələrdə arı nəslinin tükənməsi təhlükəsi yaranıb. Aparılan tədqiqatlər yenə əsas səbəbin səs-küy çirklənməsi olduğunu göstərir.

Məncə, düşünməyə dəyər. Gəlin bəşəriyyəti heyvani hisslərimizə qurban etməyək...

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top