NAZİM MUSTAFAYEV

“Zülqərneyn qissəsi” bizə nə söyləyir? - 1

“Zülqərneyn qissəsi” bizə nə söyləyir? - 1

NAZİM MUSTAFAYEV

Hicrətdən əvvəlki Məkkə dövrü idi. Mədinə yəhudiləri qureyşli havadarlarına bir neçə sual göndərmişdilər. Onlar bu sualı Həzrət Peyğəmbərimizə (s.ə.s.) verəcəkdilər. Əslində onlar üçün sualın cavabı maraqlı deyildi. Hətta cavab almasalar daha yaxşı olardı.

Həzrət Peyğəmbərimiz (s.ə.s.) bu suallara cavab verə bilməyəcək, onlar da Onun peyğəmbərliyini inkar etmək üçün fürsət tapacaqdılar. Plan belə idi. Zülqərneyn qissəsi də Həzrət Peyğəmbərimizə (s.ə.s.) verilən bu sual əsasında (Kəhf, 18/83-98) nazil olmuşdur. Sualın yəhudilərdən gəlməsi onların Zülqərneyn haqqında məlumatlı olduğunu göstərir. Ancaq sualı kimin soruşduğunu bilmək qissədən alacağımız ibrət və dərslərə o qədər təsiri yoxdur.

Zülqərneyn tarixdə kim olmuşdur? Hansı millətə mənsubdur? Zülqərneynin səyahətləri, icraatları bizim üçün nə ifadə edir? Zülqərneyn səddinin mahiyyəti nədir? Yəcuc-Məcuc qövmünü günümüzdə necə başa düşməliyik? Yazıda bu kimi suallara cavab tapmağa çalışacam.

Hər bir millət tarixdəki böyük şəxsiyyətləri özlərinə aid etməyə çalışıb. Bu tendensiya Zülqərneyndən də yan keçməyib. Onu İran, Yunan və ya Himyar hökmdarı kimi göstərmək istəyiblər. Zülqərneyn Uca Allahı tanıyan, Onu (c.c.) sevən saleh bir şəxsdir. Tarixçilərin Zülqərneyn deyə təqdim etdiyi şəxslərə nəzər yetirəndə isə onlarda saleh bəndə olma vəsfini görə bilmirik. Onu İran hökmdarı Dara, Yunan hökmdarı İskəndər, ya da Himyar hökmdarları arasında axtarsaq istədiyimiz şəxsi tapa bilmərik.

Quranda belə buyurulub: “Ey Zülqərneyn! Sən onlara (imana gəlməsələr) əzab da verə bilərsən, (haqq yola dəvət edib) onlarla yaxşı rəftar da edə bilərsən!” (Kəhf, 18/86). Buradan görürük ki, Zülqərneyn Cənab Allah tərəfindən səlahiyyət verilmiş bir şəxsdir. O getdiyi hər yerdə bir pedaqoq kimi davranmış, hər insanın, hər millətin problemlərinə xüsusi həll yolları tapmışdır.

Kibr və qürurdan uzaq durmaq da Zülqərneynin məziyyətləri arasındadır. O iki dağ arasında sədd inşa etdikdən sonra “mən etdim”, “bu mənim əsərimdir” deyə qürurlanmamış və belə demişdi: “Bu (sədd) Rəbbimdən bəxş edilən bir mərhəmətdir” (Kəhf, 18/98). Onun qeybə dair xəbərlər verdiyini də görürük. Bu da normal bir hökmdarın deyəcəyi sözlər deyil: “Rəbbimin təyin etdiyi vaxt gəldikdə isə (Allah) onu (səddi) yerlə yeksan edəcəkdir. Rəbbimin vədi haqdır” (Kəhf, 18/98).

Ayələrdə Zülqərneynin kimliyi, hansı dövr və məkanda yaşadığı ilə bağlı məlumat verilmir. Həmçinin Zülqərneyn ad deyil, onun ləqəbidir. Bu qeyri-müəyyənlik Quran qissələrinin ümumi xüsusiyyətidir. Quranda keçən qissələrin əsas məqsədi tarix müəyyən eləmək deyil, qissələrdən dərs və nəsihət almaqdır.

Zülqərneyn dünyada haqq dini təmsil etmiş, əmin-amanlığın olmadığı, çaxnaşmanın hökm sürdüyü yerlərə ordusu ilə gedərək ədalət və asayişi bərpa etmişdir. O bu mənada dövlətlərarası müvazinəti təmin edən, güc və qüvvəyə sahib bir hökmdardır. Quranda belə deyilir: “Həqiqətən, Biz ona yer üzündə hökmranlıq verdik və hər şeyin yolunu ona öyrətdik” (Kəhf, 18/84).

Zülqərneyn şərqə səyahət edəndə şərqdəkilər, qərbə səyahət edəndə qərbdəkilər problemlərinin həlli üçün Ona müraciət etmişlər. Yəcuc-Məcucun istilalarından təngə gəlmiş xalq da yenə məsələnin həlli üçün Zülqərneynə pənah gətirmişdir. Bu mənada o dünyanın şərqinə və qərbinə hökm edə bilən şəxs idi. O, zalımları cəzalandırmış, gözəl əxlaqlı insanları qoruyaraq himayə etmişdir. Zülqərneynin xidmətləri sadəcə aid olduğu millətin sərhədləri ilə məhdud deyil, beynəlmiləl müstəvidə cərəyan etmişdir.

Qissədə keçən bütün hadisələri səbəblərin fövqündə xariqüladə bir şəkildə baş vermiş kimi anlamaq olmaz. Dünyada ədaləti bərqərar edən Zülqərneyn hər bir icraatını Cənab Allahın kainatda qoyduğu səbəblərə tabe olaraq etmişdir. Zülqərneynin peyğəmbər olduğu da rəvayət edilir. Belə bir mövqedə olan şəxs səbəblərə riayət etdiyinə görə (Kəhf, 18/85, 89, 92) sıravi insanların da Cənab Allahın (c.c.) kainatda qoyduğu səbəblərə riayət etməsi qaçılmazdır. Maddi səbəblərə riayət edəndən sonra mənəvi səbəb kimi Uca Allaha (c.c.) dua etmək, Ona (c.c.) sığınmaq, nəticəni Ondan (c.c.) bilmək lazımdır.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top