NAZİM MUSTAFAYEV

Güzgülər aləmi

Güzgülər aləmi

NAZİM MUSTAFAYEV

Bir neçə gün öncə avtomobillə magistral yolla gedirdik. Uzaqda “Güzgü aləmi” deyə bir yazı diqqətimi çəkdi. Tam qarşısından keçəndə aydın oldu ki, bura müxtəlif ölçü və çərçivədə yüzlərcə güzgünün satıldığı bir məkandır.

İnsanların güzgülərə xüsusi marağı var. Müxtəlif ölçülü güzgülər evləri bəzəyir. Bu yazıda qərara gəldim ki, “güzgülər” aləmindən bəhs edim. Güzgü yalnız qarşısında nə varsa onu əks etdirən şüşə lövhədən ibarət deyil. Həyatda biz insanları, hətta cəmiyyəti əks etdirən güzgülər var. Bəlkə də bu güzgülər elə özümüzük...

İnsan xarici görünüşünü, üzündəki, əyin-başındakı kir və ləkəni görə bilməsi üçün güzgüyə baxır. Bir şəxs üzündəki kir və ləkəni güzgü olmadan görə bilməz. İnsanın daxili aləmində, mənəvi dünyasında da qüsur və nöqsanlar var. Bu kir və nöqsanları görmək, onları təmizləmək üçün də güzgü vəzifəsini görən insanlara ehtiyacı var. İnsanın qüsurlarını göstərəcək nəsihətçiyə hər zaman ehtiyacı var.

Bir hədisdə belə buyurulub: “Mömin möminin güzgüsüdür...” (Əbu Davud, Ədəb, 49). Mömin qardaşının səhvini görən kimi insanlar arasında həmən onu üzünə demək doğru deyil. Qüsurları başqalarının yanında, insanlar arasında deyil, təklikdə demək daha uyğundur.

Güzgü motivindən ədəbiyyatda, xüsusilə sufi ədəbiyyatında geniş istifadə edilib. Mevlananın "Məsnəvi" əsərində güzgü motivlərinə tez-tez rast gəlirik. "Məsnəvi"dəki bir hekayədə torpaq güzgüyə belə deyir: - "Ey güzgü! Mən sənə qibtə edirəm! Sənə baxan insanlar həm səni, həm də özlərini görürlər. Mənə baxanlar isə özlərini görə bilmirlər, yalnız məni görürlər!” Güzgü torpağın məyus olduğunu görür. Ona belə cavab verir: “Ey qara torpaq! Sən əbəs yerə kədərlənmisən! Bilmirsən? Mən, mənə baxanların bu gününü göstərirəm. Halbuki sən, sənə baxanların sabahından xəbər verirsən...”

İnsanın daxili aləmində də bir güzgü var. Bu güzgüyə qəlb aynası deyə bilərik. Qəlb aynası nə qədər kirli olsa, insan həqiqəti görə bilməz. Qəlb aynası nə qədər təmiz olsa, insan gözəl və doğru olan şeyləri bir o qədər daha aydın görər.

Uşaqlar ata-ananın, yanında böyüdüyü böyüklərin güzgüsüdür. Onlar nə edirsə onu alır, onu götürürlər. Gördükləri hər şeyin uşaqların ruh dünyasında, söz və davranışlarında mənfi və ya müsbət təsiri var.

Yaşadığımız şəhər, küçə və ev bizim güzgümüzdür. İşlədiyimiz ofis, emalatxana, masa, hətta kompüter ekranı bizim güzgümüzdür. Bu sadalananların təmiz və səliqəli, düzgün və planlı olması orada yaşayan, oradan istifadə edən insanların ruh dünyasını əks etdirir. Sürdüyümüz avtomobilin həmişə kirli və ya təmiz olması bizi əks etdirir, bizim daxili dünyamızdan xəbər verir. Dincəldiyimiz parkda qoyub getdiyimiz və ya zibil qabına atdığımız tullantılar da bizə güzgülük edirlər.

Məhdud bilgimiz, məhdud qüdrətimiz, məhdud görmə və eşitmə qabiliyyətimiz dar çərçivədəki iqtidar və hakimiyyətimiz Cənab Allahın (c.c.) sonsuz elmini, sonsuz qüdrət və hakimiyyətini bizə göstərən bir güzgüdür. Biz, məhdud bilgi və elmimizə, məhdud qüdrətimizə baxaraq sonsuz elm və qüdrət sahibini anlamağa çalışırıq. Əks halda belə güzgülər olmasaydı, insanlar Uca Yaradanı (c.c.) tanıya bilməzdi.

Cənab Allahı (c.c.) insanlara tanıdan, Onu (c.c.) əks etdirən ən parlaq güzgü şübhəsiz ki, peyğəmbərimiz Hz. Muhamməd (s.ə.s.) dir. Bir Haqq dostu bu həqiqəti şerində belə dilə gətirib: “...Mirat-ı Muhamməddən Allah görünür daim.” Yəni, Muhamməd (s.ə.s.) aynasında həmişə Allah (c.c.) görünür.

Nəticə olaraq deyək ki, “güzgülər” fərqli-fərqlidir. Qarşısında duran insanları, cisimləri və s. əks etdirmə xüsusiyyəti yalnız şüşə lövhədən ibarət güzgülərə verilməyib. Həyatda məni, səni, bizi, cəmiyyəti əks etdirən o qədər “güzgülər” var ki... Bu “güzgülər” bir çox şeyi əks etdirdiyi kimi, məhz bizə özümüzü tanıdır.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top