NAZİM MUSTAFAYEV

“Meduzanın başı”

“Meduzanın başı”

NAZİM MUSTAFAYEV

İstanbulda Ayasofyanın qarşısında Bizans dövründən qalma şəhərin su ehtiyacını təmin edən “Yerəbatan sərnici” var. Bu qədim su anbarındakı iki heykəl insanların diqqətini çəkir. Heykəllər su anbarındakı yüzlərcə sütundan ikisinin altında yerləşdirilib.

Tədqiqatçılara görə insan başı fiqurlarının Roma mədəniyyətində xüsusi yeri var. “Meduza başı” adlanan bu heykəlləri Roma imperatorluğu dövründə əzəmətli və böyük binaların önünə qoyurdular. Dövrün heykəltaraşlıq sənətinin şah əsərləri hesab olunur. Hansı tikilidən və necə gətirildiyi bilinməyən bu heykəllər Bizans mədəniyyətinə aid su anbarının inşasında sadə bir daş kimi istifadə edilib.

Danılmaz bir həqiqətdir ki, hər bir mədəniyyət bu və ya digər şəkildə bir-birlərindən təsirlənib. Hətta məsələ elə yerə gəlib ki, mədəniyyətlər biri digərinin saray qalıqlarından, sütun daşlarından istifadə edərək öz mədəniyyət abidələrini, su anbarlarını və s. inşa ediblər.

Maraqlı bir məqamdır ki, aradan min illər keçsə də insanlar hələ də bu heykəllərin hansı mədəniyyətə aid olduğunu bilirlər. Bu iki “Meduza başı” heykəli yüz illərdir çiyinlərində digər bir mədəniyyətə aid abidəni daşısa da aid olduğu mədəniyyətin möhürünü və rəngini qoruyub saxlayır.

Maddi-mədəni abidələri bu mənada şanslı saymaq olaq. Ancaq fikir və düşüncə sahəsində baş verənlər, ortaya qoyulan görüş və nəzəriyyələr bir o qədər şanslı deyil. Aradan əsrlər keçir, fikir və nəzəriyyələr başqa mədəniyyətlərə qədəm basır və orada ilk ortaya çıxdığı mədəniyyətin möhürünü, rəngini qoruyub saxlaya bilmir.

Gəlin bu haqda bir neçə misala nəzər yetirək... Qədim Yunan filosofu Əflatunun “Qanunlar” əsəri var. Bu kitabı hər bir oxucu Həzrət Musaya Tur dağında endirilmiş “On əmr”lə müqayisəli oxusa çox heyrətlənər.

“Qanunlar” əsərinə və bəzi görüşlərinə görə Əflatunu “Yunan dilində danışan Musa” adlandırmışlar. Bununla da, onun Misir mədəniyyətindən bəhrələndiyini demişlər. Əslində hər bir dahi, özündən əvvəlki fikir və düşüncələrdən istifadə edib. Əflatun da Misir səyahətindən qayıdandan sonra əldə etdiyi bilgi və məlumatları məharətlə işləyib və onlara başqa bir kimlik qazandırıb.

Mövlanə Cəlaləddin Ruminin “Məsnəvi” əsərini oxuyanda insan məst olur. Yüzlərcə təşbeh və məcazın, istiarələrin dili ilə həqiqətlər hər kəsin anlayacağı dildə açıqlanır. Mövlanə həmçinin Peyğəmbər (ə.s.) aşiqi, İslam etiqadına bağlı bir mütəfəkkirdir. Görəsən neçə nəfər “Məsnəvi”dəki bir sıra hekayələrin ilk mənbəyini göstərə bilər? Bu bir faktdır ki, kitabda keçən təşbeh və hekayələrin bəziləri Hind, bəziləri Yunan mədəniyyətinə aiddir. Əksər oxucu bunu o qədər də hiss etmir. Əsərdə hekayələr o qədər məharətlə məzc olunub ki, artıq burada yeni kimlik qazanıb.

Məşhur fransız filosofu Rene Dekartın “Metod haqqında mühakimə” adlı kitabı var. Bu kitabla məşhur İslam alimi Qəzzalinin “Dəlalətdən qurtuluş” əsərini müqayisəli oxuyanda insan burada da heyrətlənir. İnsan zənn edir ki bu iki mütəffəkkir eyni dövrdə yaşamış, aralarında illərlə davam edən fikir mübadiləsi olmuşdur. Halbuki aralarında 540 il fərq var. Qəzzali Dekartdan beş əsr əvvəl yaşamışdır. Düşüncə və nəzəriyyələr sərhəd tanımadan digər mədəniyyətlərə qədəm basmış, orada yaşamağa davam etmişlər.

Bu misalları daha da artırmaq olar. Nəticə olaraq demək olar ki, mədəniyyətlər yalnız maddi-mədəni abidələrin inşasında deyil düşüncə sahəsində də bir-birindən təsirlənib. Belə bir təsir qarşısında bir sıra mütəfəkkirlər eklektik (seçməçi) olmağı tərcih etmişlər. Həmçinin dünyada digər mədəniyyətlərdən təsirlənməmiş müstəqil bir mədəniyyət tapmaq da mümkün deyil. Bu isə özünəməxsusluğa xələl gətirməz.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top