ALLAHVERDİ AYDIN

Almaniya nə zaman dağılacaq?

Almaniya nə zaman dağılacaq?

ALLAHVERDİ AYDIN

Almaniyanın, Avropa Birliyinin dağılacağı, iqitisadi böhranla üz-üzə qalacağı barədə məlumatlar Azərbaycan mətbuatının, xüsusən də ümummilli televiziya kanalımız olan AzTV-nin gündəmindən heç düşmür. AzTV ekranının bəzəyinə çevrilən "hərşeyşünas" ekspertlər uzun illərdir yorulmadan, usanmadan Almaniyanın dağılacağı, Avropa Birliyinin sıradan çıxacağı barədə cürbəcür mülahizələr irəli sürülür. Birlik ölkələrinin iqtisadiyyatının bərbad vəziyyətindən bəhs edən xəbərlər AzTV ekranında bir-birini əvəz etməkdədir. Yazılanlara və deyilənlərə inansaq Avropa Birliyi son günlərini yaşamaqdadır. Hər gün Almaniyanın dağılacağı, İspaniyanın məhv olacağı, Fransanın nə bilim nə olacağı haqqında proqnozlar səsləndirilir.

Çox qəribədir ki, qardaş Türkiyənin televiziya kanalları da son zamanlar AzTV-nin açdığı yolla irəlilləyirlər. Türkiyə kanallarının ekranını da Avropanın dağılma xəbərləri bəzəyir. Açığı bu məlumatları hazırlayanların məqsədinin nə olduğunu bilmirəm. Bəlkə də belə məlumatları heç bir məqsəd olmadan, bekarçılıqdan, ya da başqa bir səbəbdən hazırlayırlar.

Məsələnin maraqlı tərəfi odur ki, həm Azərbaycanda, həm də Türkiyədə bu iddialara inanaların sayı kifayət qədərdir. Təkcə sadə insanlar bunlara inansa dərd yarıdı. Cəmiyyət tərəfindən tanınan, iqtisadçı kimi cəmiyyətə ağıl öyrədənlər də Avropa Birliyini "qaranlıq gələcəyin" gözlədiyinə inanırlar.

Düzdür ola bilsin ki, Avropa iqtisadiyyatı əvvəlki sürətlə inkişaf etmir. Ancaq Avropa ölkələri hələ uzun müddət dünya iqtisadiyyatının lokomativi olmaqda davam edəcəklər. Qəribədir ki, Almaniya və Avropa Birliyi haqqında bədbin proqnoz verənlər, paralel olaraq Çin və Rusiyanın iqtisadi "uğurlarından" bəhs edirlər. Ağlı başında olan adam Çinin "böyüyən" iqtisadiyyatı haqqında illuziyaya necə inana bilər?

Xatırlayırsınızsa, Almaniya "BMV-x5" avtomobilini bazara çıxarandan sonra Çin bu avtomobilin dublikatın hazırladı. Kənardan baxanda orjinal "x5" ilə "girdirmə" "x5"i bir-birindən ayırmaq mümkün olmurdu. Orjinal BMV almağa gücü çatmayanlar ucuz Çin malına üz tuturdular. BMV şirkəti Çinin bu özbaşınalığının qarşısını almaq üçün maraqlı bir təşəbbüs göstərdi. Hər iki "x5"i qəza-sınaq testindən keçirdilər və nəticəni dünyaya nümayiş etdirdilər. Deməli, saatda cəmi 70-80 km sürətlə hərəkət edən Almaniya istehsalı olan avtomobil divara çırpıldığı zaman sürücü-robot yüngül silkələndiyi halda, eyni sürətlə hərəkət edən Çin istehsalı olan avtomobil maneəyə dəydiyi zaman sürücü-robotun başı bədənindən qopdu.

Çin keyfiyyətli kibriti belə istehsal edə bilmir. Oxşar vəziyyət Rusiyada da hökm sürür. Avropada traktorlara qoyulan sükanlar "07"-nin sükanından daha komfortludur. Çin və Rusiya bu templə irəliləsələr bəlkə 200 ildən sonra "dağılmaqda olan" Almaniyaya çata bilərlər.

Bu yaxınlarda AzTV -nin açdığı cığırla irəliləyən "kiçik qardaş"ı TRT-də Almaniya iqtisadiyyatının tezliklə dağılacağından danışan bir sürü adam gördüm. Burada bir haşiyə çıxım ki, TRT fəaiyyətə başlayanda AzTV-nin artıq 12 yaşı vardı. TRT-də bu cür söhbətlər edilən zaman, Türkiyə prezidenti xarici ölkələrə valyuta çıxaranların cəzalanması haqqında fərman imzalayırdı. Bu adamlar özlərinə niyə sual vermirlər ki, hər kəs pulunu nə üçün dağılan Avropanın banklarına qoyur. Necə olur ki, "inkişaf edən" Çin və Rusiya ehtiyatlarını dollarla saxlayırlar.

Almaniyada avtomobil "qəbristanlığına" atılan 95-96-cı illərin "çeşka"larına, "yeşka"larına Çin və Rusiyada hər adam sahib ola bilmir. Təpədən dırnağa kimi "milli" olan xəbər saytlarına birində belə bir xəbərə rast gəldim: "Avropa banklarında likvidlik (nağd pul) problemi mövcuddur". Bilmirsən belə xəbərlərə güləsən, yoxsa ağlayasan. Sanki Şərq diktatorlarının milyardları Avropa banklarında deyil, Çin və Rusiya banklarında saxlanılır. Çin və Rusiya da daxil olmaqla bütün Şərqin, xüsusilədə neft ölkələrinin var-dövləti Avropa banklarının əlindədir.

Yeri gəlmişkən mövzu ilə bağlı bir haşiyə də çıxmaq istəyirəm: Bir neçə il əvvəl Bakı mağazalarında içərisindən saxta pullar çıxan saqqızlar satılırdı. Görünür, istehsalçı şirkət saqqızların, daha doğrusu saqqız qutularının içərisinə saxta pullar qoymaqla alıcıları (uşaqları) həvsləndirmək istəyib. Həmin qutularının içərisindən avro və dollardan başqa heç nə çıxmırdı.

Avropanın dağılacağı haqqında proqnoz verənlərin diqqətinə çatdırıram ki, Avropa Birliyi, o cümlədən də Almaniya saqqız qutusunun içərisindən rubl və yuan çıxmadıqca dağılmayacaq...

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top