NAZİM MUSTAFAYEV

Nə qədər müsəlmanıq?

Nə qədər müsəlmanıq?

NAZİM MUSTAFAYEV

Uca Yaradanın (c.c.) insanların ibadətinə ehtiyacı var? İnsanlar Allah (c.c.) qatında çox önəmli varlıqlardır? Bir müsəlmanın: “Bu din mənə/bizə möhtacdır, biz olmasaq bu din yox olub gedər” deməyə haqqı var? Ya da mömin bir bəndə: “Biz bu dünyadan getsək, Rəbbimizə ibadət edəcək başqa varlıq qalmayacaq” deyə bilər? Yazıda bu suallara cavab tapmağa çalışacam...

Bir insan üçün Allaha (c.c.) iman etmək tərəzinin bir gözünə, imandan başqa nə varsa tərəzinin digər gözünə qoyulsa iman daha ağır gələr. Allaha (c.c.) iman etmənin belə bir dəyəri vardır. Ancaq insanların Allaha qarşı gəlməsi, günah işləməsi, Allahı inkar etmələri Uca Yaradana (c.c.) heç bir zərər verə bilməz.

Quran ayəsində belə deyilir: “Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər... (Maidə, 5/54). Dindən dönmə əsasən iman və etiqadla bağlı bir məsələdir. Ancaq bir sıra müfəssirlər əməl baxımından da dindən dönmənin olduğunu demişlər. Belə bir “dönmə”ni gün üzünə çıxaran maraqlı bir araşdırma var.

Corc Vaşinqton Universitetindəki tədqiqatçılar Quran və İslam meyarlarına görə ən uyğun şəkildə idarə olunan ölkələrin siyahısını çıxarıblar. Kimiləri bu siyahının ilk sıralarında məhz müsəlman ölkələrinin adlarının gəldiyini düşünə bilər. Ancaq belə deyil. Siyahının ilk 33 sırasında heç bir müsəlman ölkəsinin adı yoxdur. Siyahının ilk sıralarında İrlandiya, Danimarka, Lüksemburq, İsveç, İngiltərə və s. kimi ölkələr var.

Əslində “Global Economy Journal” dərgisində yayınlanan “Economic Islamicity Index” başlıqlı bu məqalədə yayınlanan məlumatlar bizə çox mətləblərdən xəbər verir. Məlumu elan edən bu məqalə bizi düşünməyə sövq edir... Sorğulama edərkən müsəlmanlar olaraq çuvaldızı birinci özümüzə batırmamız gərəkdiyini söyləyir. İslam mütəfəkkiri Muhamməd Kutubun verdiyi sualı xatırladır: “Həl nəhnul muslimun?” Biz nə qədər müsəlmanıq?

Quranda belə buyurulur: “Ey insanlar! Əgər O istərsə, sizi yox edər, (yerinizə) başqalarını gətirər. Allah buna qadirdir!” (Nisa, 4/133). Bu ayələr Həzrət Peyğəmbərə (s.ə.s.) düşmənlik edən bəzi ərəb qəbilələri haqqında nazil olmuşdur. Ayədə buyurulan “başqaları” məhz onların öz soyundan gələn övladları olduğu kimi başqa millətlər də ola bilər. Cənab Allah (c.c.) bu inadkar ərəb qəbilələrinin soyundan İslamı dünyanın dörd bir tərəfinə yayan səhabə nəslini gətirmişdir. Həmçinin bir çox səhabənin həyatına baxsaq, atalarının azılı İslam düşməni olduğunu görərik.

Cənab Allah (c.c.) Həzrət Nuhun (a.s.) xalqını tarix səhnəsindən silərək yerinə Ad qövmünü gətirmişdir. İllər keçmiş Ad qövmü də üsyakarlıqda həddi aşmışdır. Bu zaman onların yerini Səmud qövmü almışdır. Bir müddət sonra həddi aşdıqlarına görə Səmud qövmü də həlak olmuş yerinə başqaları gəlmişdir. Eyni bu dövran İslam gəldikdən sonra da davam etmişdir. Əməvi, Səlçuqlu və Osmanlı dövlətləri də Uca Allahın (c.c.) bəxş etdiyi İslam nemətinin qədrini bildikləri, elmə, dövrün tələblərinə cavab verəbildikləri ölçüdə həyatda qala bilmişlər. Bu proses günümüzdə də bütün millətlər üçün eyni ölçüdə davam edir.

Tarix boyu insanlara peyğəmbərlər gəlmiş, insanlar doğru yola dəvət edilmişlər. Quranda adları çəkilən və çəkilməyən bütün peyğəmbərlər Allahın (c.c.) buyruqlarını insanlara çatdırmışlar. Ancaq bir məqam var ki, insanların doğru yolda olmaları, ibadət etmələri Uca Yaradanın (c.c.) rəqibsiz hökmranlığına heç nə əlavə etmir. Allahın (c.c.) bəndələrindən istədiyi qulluq və təqvanın faydası məhz bəndənin özünədir. Allahın bizim ibadətimizə möhtac olduğu zənninə qapılmaq yalnışdır. Namaz, oruc, zəkat, həcc və s. ibadətlərə, İslamın gətirdiyi dəyər və prinsiplərə insanların ehtiyacı var. Bir ayədə belə deyilir: “Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə (heç nəyə, o cümlədən sizin ibadətinizə) möhtac deyildir” (Fatir, 35/15).

Dünyamıza ən uzaq qalaktika ilə aramızda olan məsafəni ölçmək istəsək rəqəmlər içində itib batarıq. Bu nəhəng kainatın içərisində bizi isidən günəş belə çox kiçik qalır. Hətta heç görsənmir. Kainatın ucsuz-bucaqsız genişliyilə müqayisədə dünyamız sanki səhrada bir toz zərrəsi qədərdir. Halbuki hər birimiz bu “toz zərrəsi” qədər olan dünyanın içindəki milyarlarca insandan biriyik. Belə olan halda bütün varlığın əzəli və əbədi Sahibinin (c.c.) bizim ibadətimizə necə ehtiyacı ola bilər? Bəli, Onun (c.c.) bizə ehtiyacı yoxdur. Ancaq bizim Ona (c.c.) ehtiyacımız var.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top