ALLAHVERDİ AYDIN

O nədir, bu nədir?..

O nədir, bu nədir?..

ALLAHVERDİ AYDIN

Elzanın it-pişik üçün konsert verməsinə, heyvanlar üçün mahnı oxumasına gülməyiniz, onu lağa qoymağınız, hətta təhqir etməyiniz nədir, axşamlar şadlıq evlərində, restoranlarda Elzanın oxuduğu mahnılara “sındıra-sındıra” rəqs etməyiniz nədir?..

İctimai nəqliyyatda xanımlara “buyurun əyləşin” deyib yer verməyiniz nədir, evdə arvadlarınıza “aaaazzz…” deyə müraciət etməyiniz, hətta arada onları “eşşək kimi çırpmağınız” nədir?..

Ölü sahibinin dərdinə şərik olmaq, ona təsəlli vermək üçün yas məclisinə getdiyiniz nədir, məclisdə plovun yaxşı bişmədiyindən, içdiyiniz çayın soyuq olduğundan şikayət etməyiniz nədir?..

Övladınızın, yaxınlarınızın toyuna dəvət edəcəyinizin şəxslərin siyahısını 2-3 ay əvvəldən tutmağınız nədir, toy dəvətnaməsi alanda qanınızın qaralması nədir?..

Əfruzə müəllimənin sinəsində topa-topa bülleten daşımasını gülüş və lağlağa mövzusuna çevirməyiniz nədir, Əfruzə müəllimənin topa-topa bülleten saldığı seçki qutusunun yanında selfi çəkdirməyiniz nədir?..

Axşamlar yemək yeməyin insan orqanizmi üçün zərərli olduğundan danışıb, özünüzü tibb elmindən, fiziologiyadan məlumatlı biri kimi göstərməyiniz nədir, səhər saat 6-da xaşxanaların qapısını kəsdirməyiniz nədir?..

Başınızı hicabla örtməyiniz nədir, bədəninizin bütün cizgilərini göstərən dar paltarlar geyinməyiniz nədir?..

Kənddən çörək pulu qazanmaq üçün şəhərə gəldiyiniz nədir, şəhərdə səhərdən-axşama kimi fəhləçilik edib qazandığınız 15-20 manatı gecə barlarında yox etdiyiniz nədir?..

Avtobusda yaşlı qadın görəndə özünüzü yatmış kimi göstərməyiniz nədir, cavan qız görəndə ona oturmaq üçün yer təklif etməyiniz nədir?..

“Rang Rover” sürürsünüz deyə “07” sürənlərin üstünə qışqırıb “yol ver” dediyiniz nədir, yol polisi görən kimi “quzuya” dönməyiniz nədir?..

Ətrafınızda, yaxınlarınızda şəxsən tanıdığınız nə qədər əlil, imkansız adam olduğu halda onlara yardım etmədiyiniz nədir, hara və hansı məqsədlərə sərf olunacağını bilmədiyiniz halda aparıb dəmir qutuların içinə pul salmağınız nədir?..

Şalvarınızda ən azı 2, pencəyinizdə də ən azı 4 cibinizin olması nədir, avtomobilinizin açarını əlinizdə, həm də hər kəsin görə biləcəyi şəkildə saxlamağınız nədir?..

Cins şalvar, idman ayaqqabısı, üzərində Çe Gevaranın şəkilləri olan “tişört”lər geyindiyiniz nədir, əlinizə təsbeh alıb “Kurtlar Vadisi”nə baxdığınız nədir?..

Yeni il gecəsi süfrəyə qoymaq üçün marketdə “şampan şərabı” tapmayanda qanınızın qaraldığı nədir, Ramazan ayında iftar süfrəsinə qoymaq üçün marketdə xurma tapmayanda qanınızın qaraldığı nədir?..

Bütün günü kimdən, necə rüşvət alacağınızın yollarını axtardığınız nədir, axşam marketdə kolbasaların üzərində “halal” yazısı axtardığınız nədir?..

Ağacların, daşların, qəbirlərin, pirlərin başına fırlanıb, onlardan kömək diləməyiniz nədir, sonra da gətirdiyiniz heyvanları elə oradaca Allah üçün qurban kəsməyiniz nədir?..

Yol hərəkəti qaydalarını pozan sürücüləri inzibati xətaya yol verdikləri üçün tənbeh etməyiniz nədir, onlardan rüşvət alaraq onları cinayət əməli törətməyə sövq etməyiniz nədir?..

Müəllifin fikirləri öz mövqeyini əks etdirir

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top