ƏLİ ÇƏRKƏZOĞLU

Yeni Yasamalın köhnə dərdi

Yeni Yasamalın köhnə dərdi

ƏLİ ÇƏRKƏZOĞLU

Son günlərdə havalar bir xeyli yağmurlu keçsə də soyuq olmur və sən də evdən çıxanda avtobusa-zada minmək istəmirsən. İstəyirsən ki, yağmur olsa belə bu küləksiz havada əlini-qolunu yelləyə-yelləyə yol yeriyəsən ki, heç olmasa qırışığın açıla. Amma yolun mənim kimi Yeni Yasamaldan başlayırsa, nə havanın dadı qalır, nə də yeriməyin ləzzəti. Hər dəfə Yeni Yasamaldan qalxan sərt enişin ayağına çatıb yuxarı baxanda artıq psixoloji baxımdan yorulursan. Ötən yay qazdılar, doldurdular, hər şey də əvvəlki kimi qaldı. Bilmədik ki, məqsədləri nəydi?

Ötən qış həmin o sərt yoxuşdə neçə insanın yıxıldığını öz gözlərimlə görmüşəm, hətta onu da boynuma alım ki, yıxılanlardan biri də elə bu sətirlərin müəllifidir. O cür soyuq havada o yolu addımlayıb iş dalınca gedən adam demək ailəsinin ehtiyacını təmin etmək üçün çırpınır. İndi təsəvvür edin ki, o havada, o yolda ailəsinin çörək pulunun ardınca gedən o adam yıxılır və qolu qırılır. Bunun hesabını kimdən soruşmaq lazımdır, bu haqda bir fikri olan varmı? Normal ölkələrdə səkidə yıxılan adam daşların standartdan bir qədər hündür və ya alçaq düzüldüyünü əsas gətirərək o rayonun da, şəhərin də məsul şəxslərini məhkəmə qarşısında oturdur və böyük məbləğdə kompessasiya alır.

İnanırsınızmı ki, o yolun kənarında piyadalar üçün səki yoxdur. Yəni sən aşağıdan yuxarı dırmandığın zaman bir maşın sürüşə-sürüşə üstünə gəlsə, səni ondan qoruyacaq nə bir maneə var, nə də sənin sığınacağın bir yer. Enişin başında yol sağdan və soldan elə boğulub ki, qalxan və enən maşınlar sanki butulka boğazından keçirlər. Calaq-calaq, yamaq-yamaq divarlar bu yolun necə daraldıldığını açıq-aydın göstərir. Amma görməli olanlar görmək istəmirlər. Bu da yəqin onunla bağlıdır ki, o calaqlar irəlilədikcə onu görüb qarşısını almalı olan gözlər yaxşıca bağlanıb. Ümumiyyətlə, bu ölkədə xəbərsiz heç bir şey olmur, əvvəlcə lazımi yerlərlə razılaşır, sonra işi həll edirlər. Hünərin var, beşinci mərtəbədə balkonuna pəncərə qoy, gör neçə yerdən tökülüb gəlirlər, amma 50 mindən artıq insanın yolu kəsilir, görmək istəyən yoxdur. Əslinə qalanda o yola ciddi əl gəzdirilsə, o yoxuş aradan qaldırılar, belə ki, “Günəş petrol” tərəfdən gələndə təxminən 50-60 metr məsafədən başlayaraq yolu kürüyüb enişə töksələr və ərtafdakı bir neçə calağı silib götürsələr, problem qalmaz.

Rayonlara, Binə və Sədərək bazarlarına gedən maşınların əksəriyyəti yaxındır deyə bu yolu seçir, ona görə də axşam və səhər saatlarında bu yollardan keçmək daha çətin olur. Bilmirsən üstünə gələn avtomobildən qaçasan, ya üstünə sıçrayan palçıqlı sudan. Son zamanlar da piyadaların gedib-gəldiyi kənarda iritonnajlı maşınlar dayanır ki, bu da məsələni daha da qəlizləşdirir.

Bu yay çox isti keçdi, payız da ki, maşallah, girəndən yağış dayanmır, belə görünür ki, qış da qarlı olacaq. Demək hələ nə qədər ki, o qar yağmayıb, tədbir görmək imkanı var.

Ümumiyyətlə bu yol məsələsi bizim yaralı yerimizdir. Necə olur ki, Avropada çöl yolları belə səliqəli, rahat olur, bizim şəhər içi yollarımız isə altı aydan bir dağılır. Yol mədəniyyətdir, özünəhörmətdir. Başqaları nefti də, neft məhsullarını da satın alıb özlərinə yol çəkirlər, bizim isə hər şey öz əlimizdədir, neft də, qır da, mazot da, amma yollarımız yol deyil. Bir çoxlarının iddiasına görə, yolun səlahiyyəti kimdədirsə, yola tökülən asfaltı hazırlayan zavodların açarı da təxminən elə həmin ünvanlardadır. Yəni qızıl qiymətinə satılan bu asfaltı başqasından alınca, elə özüm satıb pulunu özüm götürərəm prinsipi. Bu da manapoliyanın bir başqa variantı.

Kimin qınayaq, kimə nə deyək, günahı kimdə axtaraq... Deməyə söz tapmıram, Allah özü islah eləsin. Təqsir də heç kimdə deyil, ya qumdadır, ya da qırda, vəssalam.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top