ANAR QARAXANÇALLI

Dərin dövlət Ərdoğana qarşı

Dərin dövlət Ərdoğana qarşı

ANAR QARAXANÇALLI

Türkiyədə gündəm erkən seçimlərdi. Əgər bir müdaxilə olmazsa, 24 iyunda Prezident və Parlament seçkiləri keçiriləcək. İsrarla seçkilərin vaxtında keçiriləcəyini bildirən hakim partiya AKP və Ərdoğan niyə fikrini dəyişdi? Məncə, Baxçalı Ərdoğanı oyuna gətirdi, bilərək ya da yönləndirilərək. Səbəbini izah edim.

16 apreldə Ərdoğan çıxış edir. Deyir ki, konstitusiya dəyişiklikləri 2019-cu ilin noyabr ayında keçiriləcək seçkilərdə qüvvəyə minəcək. Bir gün sonra, 17 apreldə Baxçalı erkən seçimin labüdlüyünü qeyd edir. CXP dərhal qarşı cavab verir ki, biz varıq. Yəni, hökumət cavab vermədən, hökumət ortağı və ana müxalifət çox stratejik gediş edirlər.

Baxçalının bütün siyasət həyatı belə fövqəladə gedişlərlə məşhurdu. 2002-ci ildə anidən seçki qərarı alıb AKP-nin önünü açan da o idi, bilərək, bilməyərək ya da yönləndirilərək. 17-25 dekabr 2013-cü il rüşvət əməliyyatlarından sonra Baxçalı Ərdoğana qarşı çox sərt mövqedə idi. O, AKP-yə PKK-nın ortağı, terror dəstəkçisi, Ərdoğana Hitler deyir, hətta təhqir etməkdən çəkinmirdi. Lakin yeniliklərə qarşı olması partiyada narazılıqları artırırdı. Akşener ətrafında partiya daxilində yeni qruplaşmalar onu yeni alternativlərə yönəltdi. 2016-cı il 10 iyulda MHP qurultayı keçirilməli idi. Əgər qurultay olsa idi, Baxçalı sədrliyi itirəcəkdi. Ona görə də, qurultayı məhkəmə qərarı ilə ləğv etmə qarşılığında Baxçalı iplərini verdi hakim partiyaya. Onun iqtidar lehinə söylədiyi hər cümlə Ərdoğan və ətrafının çox xoşuna gəlirdi. Amma getdikcə Baxçalı milliyyətçi kimi deyil, hökumətin bir üzvü kimi həddindən artıq danışması AKP-liləri narahat etməsə də, milliyyətçi kütləsini uzaqlaşdırırdı. Bir mənada, milliyyətçiləri Akşenerin partiyasına yönəldirdi, bilərək ya da bilməyərək.

Baxçalı Akşenerin rəhbəri olduğu İYİ partiyanın seçkilərə girməməsi, iqtisadi böhran, Suriyadakı müvəffəqiyyətləri önə sürərək Ərdoğanı razı salmış ola bilər. Amma Ərdoğan 24 iyun tarixini açıqladıqdan sonra CXP gözlənilməz bir gediş etdi. Məclisdə İYİ partiyanın qrup qurması üçün lazım olan 15 vəkili ora göndərdi. Mərkəzi Seçki Komissiyası da İYİ partiyanın da seçkilərə girə biləcəyini açıqladı. Təbii ki, bu Ərdoğanın xoşuna gəlmədi. Ərdoğan mətbuata açıqlamasında dedi ki, Seçki Komissiyası bir gün əvvəl qərar versəydi, bu problem yaşanmayacaqdı. Yəni, İYİ partiya seçkilərə girməyəcəkdi.

Əslində nə baş verir? Dünyada siyasəti iqtisadi mənfəətlər yönəldir. Böyük sərmayə qrupları bir şəkildə siyasəti dizayn edir. Bu dizayn fərqli qurumlar, şəxslər üzərindən ola bilər. Bəzən bu qruplaşmalara dərin dövlət də deyilir. Türkiyə hazırda iqtisadi böhran yaşayır, bu böhran getdikcə ağırlaşır. Böyük sərmayədarlar ölkəni tərk edirlər. Eyni zamanda, hökumətin Qərbdən uzaqlaşıb Rusiyaya çox yanaşması arzuolunmaz vəziyyət yaradıb. ABŞ-da görülən Zarrab işinin nəticəsində, Türkiyə dövlətinin məhkum edilmə ehtimalı böyükdür. Bütün bu mənfi gedişatı önləmək üçün dərin dövlət Ərdoğanı yumşaq keçidlə dəyişmək istəyir. Məqsəd, yaşanan və yaşanacaq problemləri dövlətdən uzaq tutmaq, hamısını bir adama yükləyib qurtulmaqdır. Baxçalının çıxışı, Kılıçdaroğlunun 15 vəkil verməsi, Akşenerin önünün açılması, hətta müxalifətin ortaq namizəd kimi Abdullah Gülü göstərmə cəhdləri və s. Hamısı Ərdoğandan seçki yolu ilə qurtulmağa hesablanıb, zənnimcə.

Plan quranların hesaba qatmadığı çox vacib bir amil var. Ərdoğan kimi bir lider o qoltuğu xoşluqla tərk etməz. Seçki Komissiyası Ərdoğana göstərdi ki, qurumlara çox güvənə bilməz. Əgər Gül Ərdoğana qarşı namizəd olsa, MİT, ordu tərəfsiz davranar, hətta gizlincə Gülü dəstəkləyərlər. Ona görə də, Ərdoğanın uduzacağı bir seçkiyə gedəcəyini düşünmürəm. Fövqəladə vəziyyət bəhanə edilib seçki ləğv edilə bilər. Bütün ehtimallarda Ərdoğan hakimiyyətdə qalmaq üçün hər variantı istifadə edəcək. Nəticədə, xaos və böhran dərinləşəcək. Ölkədə həqiqi mənada fövqəladə vəziyyət yaranacaq. Sonrası məlum.

Ümid edək ki, Türkiyə ağrılı-acılı günlər yaşamasın.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top