ANAR QARAXANÇALLI

Bir insan çox şeyi dəyişə bilər...

Bir insan çox şeyi dəyişə bilər...

ANAR QARAXANÇALLI

Yan Kuçiak.

Slovakiyalı jurnalist.

21 fevralda (2018) nişanlısı ilə birlikdə öldürülüb.

O, italiyalı cinayətkar qruplarla ölkəsindəki siyasətçilər arasındakı kirli münasibətləri araşdırırdı. İddialara görə, bəzi siyasilər mafia ilə əlbir olub, Avropa Birliyinin azgəlirli bölgələr üçün ayırdığı yardımları istismar edirdilər.

Martın əvvəlindən Slovakiyanın bütün şəhərlərində xalq küçələrə axışmağa başladı. Getdikcə artan narazılıqlar nəticəsində, öncə mədəniyyət naziri istefa verdi. Baş Nazir Fiko mətbuat konfransı keçirib, cinayətin üstünün açılması istiqamətində məlumat verəcək insana 1 milyon avro mükafat ayırdığını elan etdi. Lakin etirazlar davam edirdi. Etiraz oxlarının hədəfində Fiko da vardı.

Daha sonra Slovakiya polis təşkilatının rəhbəri və Daxili işlər naziri də istefa vermək məcburiyyətində qaldı. Mitinqlər isə davam edirdi. Xalq, mafia ilə siyasətçilərin arasındakı münasibətlərin rəsmi olaraq araşdırılmasını tələb edirdi. Ağır iddialar hökuməti hədəf halına gətirirdi.

Şərtli istefa

Baş Nazir Fiko ittihamlara artıq dayana bilməyib və şərtli istefa verir. Şərti o idi ki, erkən seçimlər olmayacaq, yeni baş nazir Fikonun partiyasından olacaqdı. Hökumət istefa verir və yeni hökumət quruldu.

Bir neçə gün gözləyən insanlar aprelin əvvəlində təkrar küçələrə axışmağa başladı. Kütlə jurnalistin qətli və sabiq hökumətlə bağlı ittihamların yeni hökumət tərəfindən lazımi şəkildə araşdırılmadığını bildirirdi. İnsanlar Kuçiakın araşdırmasının nəticələnməsini, adıçəkilən hər kəsin hesab verməsini tələb edirlər.

Dövlət nədir? Nə üçündür? Xalq, hökumət... Kim kimə xidmət etməlidir? Aralarındakı münasibət necə olmalıdır?

Dövlət ictimai bir varlıqdır. İnsanların cəmiyyət halında yaşaya bilmələri üçün hər kəsin qəbul edəcəyi şərtlər, qanunlar, ərazilər müəyyənləşir. Sonra bu qanunları tətbiq edəcək insanlar seçilir. İş bölgüsü aparılır. İnsanlara daha yaxşı xidmət edəcək qabiliyyətli olanlar iş başına gətirilir. Təxminən dövlət dediyimiz varlıq budur. Yəni, insana, sonra vətəndaşa daha keyfiyyətli xidmət təşkil edən birlik. Dövlət xalq üçündür. Hökumət də dövləti xalqa daha yaxşı xidmət üçün müəyyən zaman ərzində idarə edən insan tərəfindən seçilmiş qrupdur.

Güc hərisi olan insan fitrəti, hakimiyyəti əldən vermək istəməz. Ona görə də, sivil, normal ölkələrdə idarəetməyə məhdudiyyətlər qoyulur. Zamanla siyasətçilər bu məhdudiyyətləri əsnətmək üçün cəhdlər edirlər. Məsələn, Çin lideri ömürlük lider olmaq üçün konstitusiyaya dəyişiklik etdi. Belə rejimlərdə siyasilər vətəndaşı inandırmağa çalışır ki, o getsə, ölkə batacaq. Dövlətin qurtuluşu, vətəndaşın yaxşı yaşaması ancaq onun hakimiyyətdə qalmasına bağlıdır. Əgər milyard yarımlıq Çində ikinci bir layiqli adam yoxdursa, o zaman o dövlət elə batsa yaxşıdır.

Qanunların işləməsini vətəndaşlar tələb etməlidirlər. Başqa yolu yoxdur. Ən kiçik, ən əlaqəsiz bir məsələdə belə hüquqlar bilinməli, tələb olunmalıdır. Normallaşma ancaq bu şəkildə təmin oluna bilər. “Bir insan nə edə bilər ki..” deməkdənsə, əlimizdən gələni etməyə cəhd göstərməliyik.

Bütün bunlar ailədən başlayır. Uşaqlara şəxsiyyət, vətəndaş olma şüuru aşılanmalıdır. Hüquqları təlim edilməli, öz ayaqları üstə dura bilməlidirlər. Azərbaycan gənci daha çox valideynlərin təsiri və “əsarətində” böyüdüyü üçün müstəqil fərd olma yolunda ciddi problemlərlə qarşılaşır. Azərbaycan gəncinin seçəcəyi ixtisasdan evlənəcəyi insana kimi həyati qərarlarını başqaları alır. Nəticədə, 35-40 yaşına gəlmiş bir insan hələ də başqalarından nə isə gözləyir, umur. Məsuliyyət alma, məsuliyyətli davranma instinkti, intuisiyası zəif olur. Hər kəs başqalarından nə isə gözləyir.

Hər kəs özünü düzəltsə, kimisə və ya nəyisə düzəltməyə ehtiyac qalmayacaq.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top