NAZİM MUSTAFAYEV

Körpələrə verilən sual...

Körpələrə verilən sual...

NAZİM MUSTAFAYEV

Qızı altı yaşına çatmış bir ata anasına onu yuyundurmasını, gözəl paltarlar geyindirməsi söyləyərdi. Sonra qohumlara gəzməyə gedirik bəhanəsilə qızı ilə evdən çıxardılar. Qızını əvvəlcədən qazdığı quyunun başına gətirər, sonra da başını aldadaraq onu quyuya atardı. Üzərinə torpaq yığaraq qızcığazını diri-diri basdırardı. Ah naləni, qızcığazın fəryadını, “atacan”, “atacan” səslənişini eşidən olmazdı.

Hamilə qadın doğum sancısı gələndə əvvəlcədən qazdığı quyunun yanına gələr. Övladını burada dünyaya gətirərdi. Qız övladı olarsa öz əlləri ilə o məsum körpəni diri-diri quyuya ataraq basdırar, oğlan uşağı olarsa onu özü ilə gətirərdi.

Onlardan birinə qızı olması ilə müjdə verdikdə qəzəblənib üzü qapqara qaralardı. Verilən müjdənin “pisliyi” üzündən tayfasından qaçıb gizlənərdilər. Görəsən, o körpəni saxlasın, yoxsa diri-diri torpağa basdırsın deyə pis bir mühakimə yürüdərdilər!

İslamın zühurundan əvvəl ərəb qəbilələrində xüsusilə qız övladlarına baxış belə idi. Ayələrdə buyurulduğu üzrə qız uşaqlaırnı diri-diri gömmə adətini kasıblıq və imkansızlıq içərisində olduqlarına görə (Ənam, 6/151), ya da yoxsulluğa düşməkdən qorxaraq (İsra, 17/31) edirdilər. Onlar oğlan övladının gələcəkdə ailəyə dəstək verəcəyini, qız övladının isə ailəyə yük olacağını düşünürdülər.

İslam gələndən sonra körpələrin öz ata və anaları tərəfindən qətlə yetirilməsi qiyamət günü sorğulanacaq məsələlər arasına daxil edilmişdir. Heç kəsin duymadığı, eşitmədiyi bu uşaq qətliamı Quranda böyük bir günah olaraq göstərilmişdir.

Qiyamətin təsvir olunduğu ayələrdə günəş sisteminin, yaşadığımız dünyadakı dağların, dənizlərin öz funksiyalarını itirəcəyindən bəhs edilir. Qiyamətin qopması ilə bağlı kainat səviyyəsində baş verəcək dəhşətli mənzərələr təsvir olunur. Həmən sonra isə bu böyüklükdəki hadisələrdən biri kimi eyni tonda bu ayələr yer alır: “Diri-diri torpağa gömülən körpə qızdan: “Axı o hansı günaha görə öldürüldü?” deyə soruşulacağı zaman” (Təkvir, 81/8-9).

Diri-diri torpağa gömülən qızcığazlardan, məsum körpələrdən bu dünyada soruşulmayan sual axirətdə soruşulacaq: “Hansı günahına görə öldürüldün?” (Təkvir, 81/9). Burada sualın verildiyi ünvana nəzər yetirək... Sual verilən şəxs ata, ana və ya bu işə səbəb olanlar deyil. Diri-diri torpağa gömülən bir günlük, iki günlük, bir aylıq, ya da hələ bir yaşı tamam olmuş körpələrdir. Torpağa gömülərkən ah-naləsi, fəryadı duyulmayan körpələr.

O gün Cənab Allah (c.c.) ana və ata ilə müxatəb olmayacaq, “Bu məsum körpəni nə üçün qətlə yetirdiyiniz?” deyə onlara sual soruşmayacaqdır. Sualın ünvanı məsum körpədir: “Nə günahın var idi ki, səni qətl etdilər?” Məzlum, sorğuya çəkiləndə görəsən, zalimin vəziyyəti nə olacaq? Bu edilən işin nə qədər böyük günah olduğunu göstərir. Cinayətkarların nə qədər zəlil vəziyyətə düşdüyünü xəbər verir. Bu da ədalətin mütləq mənada təcəlli edəcəyi qiyamət günüdür.

Diri-diri torpağa gömülən çarəsiz və məzlum uşağın bu dünyada heç bir himayəçisi və imdadına yetişəni olmamışdı. Ona insaf və ədalətlə rəftar edən tapılmamışdı. Bu qorxunc və çirkin əməl işlənərkən cəmiyyət seyr etmiş, səssiz qalmışdı. Ata və ana heç utanmamış, qohumları belə müdaxilə etməmişdi. Qısaca günahkarlar nə qınanmış nə də onlara cəza verilmişdi. Ancaq Cənab Allahın (c.c.) səltənəti içərisində zülmə məruz qalmış o körpələrin haqlarının alınmaması mümkün deyildi.

Günümzdə də bu düşüncənin eynilə olmasa da bənzəri ilə qarşılaşa bilərik. Yalnız gömərək deyil, hər hansı şəkildə olsa da, uşaqlarını qəsdən öldürmək də İslamda böyük cinayət sayılmışdır. Ayədə belə buyurulub: “Yoxsulluqdan qorxub (Cahiliyyət dövründə olduğu kimi) övladlarınızı (xüsusilə, qız uşaqlarını) öldürməyin. Biz onların da, sizin də ruzinizi veririk. Onları öldürmək, həqiqətən, böyük günahdır!” (İsra, 17/31).

Ana üçün heç bir ölümcül təhlükə olmadığı halda bətndəki uşağı aldırmaq, qəsdən öldürmək hökmündədir. Böyük günahdır. Cahiliyyə dövründəki bədəvi ərəblərin uşaqlarını diri-diri torpağa basdırma vəhşiliyini oxuyarkən dəhşətə qapılırıq. Ancaq dəhşətə qapılmamız gərəkən bir vəhşilik də müasir dövrdəki uşaq düşürmə və ya abort cinayətləridir. Arada elə bir fərq yoxdur.

Həm tarixdə, həm də günümüzdə insanları bu əmələ sövq edən əsas amilin eyni olduğunu görürük. İnancsızlıq xəstəliyi. Cənab Allaha (c.c.) və axirətə imanın olmaması və ya çox zəif olması. Abortun digər səbəbləri də kasıblıq, əziyyətə düşməmək, oğlan və ya qız tərcihi, ya da şikəst dedikləri uşaqlara görədir. Həm cahiliyyə dövründəki uşağı diri-diri gömmə, həm də abort cinayətində bəlkə ana və atanın vicdanı bir-iki ay sızlayır. Sonra məsələ unudulur, yavaş-yavaş heç nə olmamış kimi öz həyatlarına davam edirlər. Ancaq məsələ qapanmır, Quran ayələrində gördüyümüz kimi axirət məhkəməsinə qalır.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top