NAZİM MUSTAFAYEV

Hər xəbərə inanaq?

Hər xəbərə inanaq?

NAZİM MUSTAFAYEV

Yanlış məlumata inanmağın, yanlış məlumatla bəslənmənin ağır nəticələri ola bilər. Həzrət Peyğəmbərimizin (s.ə.s.) həyatında xəbərin doğruluğunu araşdırmaqla bağlı bir sıra nümunələrə rast gəlirik. Bu yazıda, haqqında Quran ayəsi nazil olmuş bir hadisə haqqında danışmaq istəyirəm.

Həzrət Peyğəmbərimiz (s.ə.s.) Vəlid ibn Uqbə adındakı səhabəni Bəni-Müstəliq qəbiləsinin zəkat mallarını almaq üçün göndərmişdi. Məkkənin fəth edildiyi gün müsəlman olan Vəlid ibn Uqbənin hələ 18 yaşı var idi. Müsəlman olmasından 4-5 ay keçmişdi. Atası Uqbə ibn Əbi Muayt Məkkədə Allah Rəsuluna və müsəlmanlara ən amansız düşmənlik edənlərdən bir idi. Bu gənc elçinin Həzrət Peyğəmbərimizdən (s.ə.s.) və müsəlmanlardan hələ öyrənəcəyi çox şeylər var idi.

Bəni-Müstəliq qəbiləsi 4 il əvvəl müsəlman olmuşdu. Peyğəmbərimizin xanımı Həzrət Cuveyriyyə də bu qəbilə rəisinin qızı idi. Özlərinə zəkat məmurunun gələcəyini xəbər tutan insanlar, onu atlarla qarşılamağa çıxmışdılar. Vəlid ibn Uqbə ona doğru atlı dəstənin gəldiyini görəndə məsələni fərqli başa düşmüşdü. Qəbiləsi ilə bu qəbilə arasında keçmişdən qalma düşmənçilik var idi. O elə zənn etmişdi ki onu öldürməyə gəlirlər. Bu minvalla qəbilə ilə görüşmədən, zəkat mallarını almadan Mədinəyə qayıtmışdı.

Vəlid ibn Uqbə Mədinəyə gəlib bu qəbilənin onu öldürmək istədiyini, zəkat mallarını vermədiyini və dindən çıxdıqlarını demişdi. Deyilənlərin doğru olması, qarşı tərəfin müharibə elan etdiyi mənasına gəlirdi. Bəzi müsəlmanlar Vəlid ibn Uqbənin gətirdiyi bu xəbərə inanaraq Bəni-Müstəliq qəbiləsinin cəzalanmasını tələb etdi. Məsələ ciddi idi. Allah Rəsulu (s.ə.s.) qərar vermək üçün tələsməmiş, ehtiyatla hərəkət etmişdi. Məsələni tədqiq etmək, xəbərin səhihliyini yoxlamaq üçün həmin qəbiləyə Xalid ibn Vəlidi göndərmişdi. Əks təqdirdə yanlış bir xəbər ucbatından boş yerə qan axa bilərdi.

Xalid ibn Vəlidin qarşılaşdığı mənzərə isə tamamilə başqa olur. Qəbilə gələcək zəkat məmurunu gözləyir. Zəkat malları ehmalca bir kənara toplanıb. Hər kəs müsəlmandır. Əzan oxunur, namaz qılınır. Bu xəbər dərhal Mədinəyə çatdırılır. Beləcə yalnış bir xəbərin səbəb olacağı böyük bir fəlakətin qarşısı alınır. Xəbərin doğruluğunu yoxlamaq, təmkinli hərəkət etmək böyük bir faciəni önləyir. Gələn xəbərin doğruluğu araşdırılmadan bir qərar verilsəydi, günahsız insanlara qarşı bir haqsızlıq edilə bilərdi.

Bu hadisədən sonra özündə bir sıra dini hökmlər ehtiva edən bu ayə nazil olur: “Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirsə, onun doğruluğunu yoxlayın. Yoxsa bilmədən bir qövmə pislik edər, sonra da bunun peşmançılığını çəkərsiniz” (Hucurat, 49/6).

Bu ayəyə görə etibarsız bir şəxsin gətirdiyi xəbərə əsaslanaraq bir şəxs, bir zümrə və ya bir millətə qarşı müharibə elan etmək doğru deyil. Hər hansı xəbərin doğruluq və səhihliyi yoxlanmadan qəbul edilməməlidir. Belə bir xəbərə əsaslanaraq insanlar haqqında hökm vermək, insanları günahkar elan etmək İslama ziddir. Bu xüsuslara diqqət edilmədən atılan səhv addımlara görə sonradan peşman olmaq, “aldadıldım” demək ehtimalı böyükdür.

Əgər Peyğəmbərimiz (s.ə.s.) səhihliyi yoxlanmadan Vəlid ibn Uqbənin sözünə inansaydı nə baş verəcəkdi? Allah (c.c.) və Rəsulunu (s.ə.s.) sevən mömin bir qövmə qarşı müharibə elan ediləcək, onların qanları axıdılacaq, haqsız yerə malları əllərindən alınacaqdı. Həqiqət ortaya çıxanda isə artıq gec olacaq, sonrakı peşmançılıq fayda verməyəcəkdi.

Nəticə olaraq demək olar ki, dövrümüzdə informasiya bolluğu yaşanır. Ancaq nəyin doğru, nəyin yanlış olduğunu ayırd etmək isə çətinləşir. Doğrulanmayan xəbərlər, şübhəli qaynaqlardan götürülən məlumatlar, qarayaxma xarakterli materiallar baş alıb gedir. Yalan və cəfəngiyyatdan uzaq, həqiqi və doğru bilgini əldə etmək üçün məlumatları yaxşı analiz etmək çox vacibdir. Yalan xəbər insanın başqaları haqqında yanlış qərar verməsinə və daha sonra peşman olmasına səbəb olur. Bu səbəblə də Uca dinimiz İslamda xəbərin qaynağını, doğru və ya yanlış olmasını yoxlamaq çox mühüm məsələ hesab edilib.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top