ANAR QARAXANÇALLI

Afrin əməliyyatının əsas qazananı Rusiyadır

Afrin əməliyyatının əsas qazananı Rusiyadır

ANAR QARAXANÇALLI

“Bütün savaşları döyüşməkdən aciz, qorxaq olduqlarına görə, yerlərinə gəncləri cəbhəyə göndərən cəsarətsiz soyğunçular törədir.” (Emma Goldman, yazıçı)

Məşhur 11 sentyabr (2001, Nyu-York) terror hadisəsindən sonra dünyada işğalçılığın yeni mərhələsi başladı. Artıq terror, terroru yox etmə iddiaları ABŞ üçün girmək istədiyi ölkələrə əlverişli fürsət oldu. Əfqanıstan, İraq, Suriya, Liviya bu iddialarla işğal edildi. Amma nəticədə, o bölgələrdə terror bitmək əvəzinə, terror istehsal mərkəzləri əmələ gəldi.

Türkiyə hökuməti 2011-ci ildə ABŞ və Qərb müttəfiqlərinin qazı ilə Əsədi göndərmək üçün düyməyə basdı. Əsədə 2-3 həftə ömür biçmişdilər. Görünüşdə səbəb, insan hüquqlarının pozulması, mitinqlərin zorla dağıdılması, müxaliflərin həbs edilməsi idi. Başda ABŞ-ın, Qərbin, sonrakı mərhələdə isə Türkiyənin canla-başla dəstəklədiyi vətəndaş müharibəsi Suriyaya terror, qırğın və milyonlarla qaçqından başqa nə verdi? Yəni, Əsədin göndərilmək istənmə səbəbi də gülüncdür.

7 il keçib, Əsəd hələ də yerindədir. Sonrakı dövrdə Türkiyə hökuməti kürd açılımı başlatdı. Açılım ideyası, planı doğru bir strategiya idi. Amma açılımı gətirib terrorçularla dialoqa bağlamaq yanlış idi. Ən önəmli yanlış, sol zehniyyətə sahib PKK-nı kürdlərin yeganə təmsilçisi kimi qəbul etmək idi. Minlərlə insanın ölümünə birbaşa məsuliyyət daşıyan Öcalanı sülh göyərçini etdilər. Açılımın birinci dərəcəli ayağı keçmiş hökumətdəki Baş Nazir müavini, Bəşir Atalay, “Bəyənsəniz də, bəyənməsəniz də Öcalan kürdlərin lideridir” dedi. Prezident Ərdoğanın baş müşaviri Yiğit Bulut, “Öcalan Yaxın Şərqdə Türkiyənin qabağını açır” dedi. Hətta iş o yerə çatdı ki, İraqdan Habur qapısından Türkiyəyə girən terrorçular marşlarla, bayraqlarla Suriyaya keçdilər (2014 oktyabr). İndi isə hökumət Afrinə girib həmin terrorçuları təmizləmək istəyir. Hansı ki, həmin terrorçuların lideri Salih Müslim ilə Türkiyə hökumət rəhbərləri Ankarada ağız-ağza öpüşürdülər.

Hazırda Suriyada Rusiya, İran dəstəkli güclü Əsəd hökuməti, ABŞ-ın dəstəklədiyi kürdlər, bir də Türkiyənin dəstəklədiyi ÖSO (Özgür Suriya Ordusu) deyilən tərkibi qarışıq müxalif qruplar var. Türkiyə Afrinə niyə və necə müdaxilə etdi?

Suriyanın şimalında, Türkiyə ilə sərhəd boyu ABŞ-ın dəstəklədiyi kürd qruplaşmaları yerləşib. Onların Aralıq dənizinə uzanacaq koridor yaratmasını Türkiyə haqlı olaraq milli təhlükəsizliyinə təhdid olaraq görür. Ona görə də, Türkiyə bölgəyə müdaxilə edib bunu önləmək istəyir. Amma problem bu qədər sadə deyil. Suriyanın hava məkanı tamamilə Rusiyanın nəzarətindədir. Ona görə də, orada hərbi əməliyyat aparmaq üçün Rusiya icazə verməlidir. Türkiyə Rusiyadan icazə aldı. ABŞ-ı da əməliyyatdan əvvəl xəbərdar etdi. Türkiyənin Afrinə müdaxiləsi ilə paralel mərkəzi hökumət (Rusiya) İdlibdəki Türkiyənin dəstəklədiyi müxalifləri bombardman etməyə başladı. Bu da göstərir ki, Türkiyə Afrin əvəzinə İdlibdəki müxalifləri “satıb”. Eyni zamanda, Türkiyənin müdaxiləsi mərkəzi hökumətin lehinədir. Bu da Rusiyanın istəyinə uyğundur.

Türkiyə Afrin müdaxiləsi ilə NATO müttəfiqi ABŞ-ı qarşısına aldı. Ən pisi də, bunu Rusiyanın icazəsi ilə etdi.

ABŞ Suriyadakı kürdlərə necə silah-sursat dəstəyi verir? Yeganə yol, Türkiyədəki Adana İncirlik hərbi bazasıdır. Yəni, ABŞ Türkiyənin istəmədiyi qüvvələri Türkiyə torpaqlarını istifadə edərək dəstəkləyir. Bu da başqa bir paradoksdur.

Suriya Rusiya üçün həyatı önəm daşıyan bir ölkədir. NATO-nun at oynatdığı Aralıq dənizinə Rusiyanın yeganə çıxışı Suriyadakı Tartus limanıdır. Əslində, Rusiya bu həmlə ilə Türkiyəni Qərbdən daha da qopartdı, demək olar ki, tamamilə nəzarətə aldı. ABŞ-ın getdikcə sərtləşən Türkiyə əleyhinə açıqlamalar bunu göstərir. Qısa vədədə Türkiyə qazanclı kimi görünsə də, orta və uzun vədədə zərərli çıxacaq. Birincisi, Rusiya Türkiyəyə orada uzun qalmağa icazə verməyəcək. İkincisi, ABŞ-la qarşı-qarşıya gəlmə riski var. Üçüncüsü, bəlkə də ən önəmlisi, əməliyyat uzandıqca, Türkiyə daxilində 25 milyonluq kürd vətəndaşları arasında narazılıq artacaq, kürd-türk münaqişəsi alovlana bilər.

Allah Türkiyəni qorusun!

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top