ANAR QARAXANÇALLI

Zərrab işi Türkiyəyə necə təsir edər?

Zərrab işi Türkiyəyə necə təsir edər?

ANAR QARAXANÇALLI

ABŞ-da davam edən bir məhkəmə işi Türkiyənin əsas gündəmi olub. Mövzu ilə əlaqəli mülahizələrdən öncə işin mahiyyətinə qısa nəzər yetirək.

İran embarqosu nədir?

Nəzarətdən kənar nüvə proqramı tətbiq edən və uranın həddən artıq zənginləşdirilməsini həyata keçirən İrana, başda ABŞ, Avropa Birliyi olmaqla bütün dünya qarşı çıxdı. Çünki bu zənginləşdirmənin bir hədəfi ola bilərdi: nüvə silahı istehsalı. Radikal İran hökumətinin belə təhlükəli gücə sahib olmasını böyük dövlətlər istəmirdi.

Türkiyənin də üzv olduğu NATO İranı "təhdid" siyahısına əlavə elədi. Bu çərçivədə 9 iyun 2010-cu ildə BMT Təhlükəsizlik Şurasının 1929 saylı qərarı ilə İrana qarşı embarqolar başladı. Embarqolar içərisində İran ilə banklararası münasibətləri dayandırmaq, pul köçürmələrinə əngəl olmaq kimi qərarlar da vardı. 5 daimi üzv (ABŞ, İngiltərə, Fransa, Rusiya, Çin) bu qərarın lehinə səs verib. Qərara müvəqqəti üzvlərdən Türkiyə ilə Braziliya etiraz etmişdi.

Türkiyə niyə İranı müdafiə edirdi?

Türkiyənin İrana bu qədər "şərtsiz" dəstəyi bütün dünyanın diqqətini çəkirdi. Görünüşdə heç bir səbəb yoxdu. Hətta İrana qarşı embarqo Türkiyəyə sərf edirdi. Çünki bilinənin əksinə, embarqo İranla ticarəti qadağan etmirdi. Hər ölkə İran ilə qaz, neft daxil hər sahədə ticarət edə bilərdi. Bunun üçün müəyyən edilmiş bir bankda İran hesabı açılır, BMT-yə məlumat verilir. İrandan alınan malın pulu o hesaba qoyulur. O pul nağd və ya köçürmə yolu ilə İrana verilə bilməz. Amma o pulun qarşılığında İrana mal satıla bilər. Yəni, hər ölkə pul ilə İrandan neft alıb, pulun əvəzinə mal sata bilər. Qazan-qazan.. Yəni, dövlət, iş adamları İran ticarətindən qanuni milyardlar qazana bilərdi. O zaman səbəb nə idi? Niyə Türkiyə hər platformda 1000 illik siyasətinin ziddinə gedərək İranı canla-başla müdafiə edirdi?

17 dekabr 2013-cü ildə İstanbul polisi korrupsiya, rüşvətlə vətəndaşlığa qəbuletmə və s. ittihamları ilə bir sıra tanınmış şəxsləri saxlamışdır. Saxlanılanlar arasında nazir övladları, Rza Zərrab və başqa iş adamları, bank rəhbərləri vardı. Ortaya çıxdı ki, İranın pulları ayrı-ayrı məmurların şəxsi hesablarına axıdılıb. Sonrakı günlərdə işin ucu daha yuxarı uzanmağa başladı. Baş Nazir Ərdoğan Zərrab işinin özünə və hökumətinə qarşı çevriliş cəhdi olduğunu iddia etdi. İşə baxanlar öncə uzaqlaşdırıldılar, sonra həbs edildilər. Zərrab həbsdən azad edildi, sonra isə ölkəni tərk elədi. ABŞ-a getdi, orada isə həbs edildi.

İş ifşa olunduqdan sonra İran ağıllı strategiya ilə məsələdən qurtuldu. Əhmədinecad hökuməti tamamilə dəyişdirildi, bütün ittihamlar da gedənlərə yükləndi. Babək Zəncani edama məhkum edildi. Hətta İranın baş prokuroru Qulam Hüseyn Muhseni Ecei, "Türkiyədən bəzi şəxslər Zəncaninin borcunu ödəmək istədilər, amma biz qəbul etmədik. Niyəsini öyrənmək istədik, adamlar yoxa çıxdı" demişdi.

Zərrab ABŞ-a niyə getdi? Zənnimcə, gedişi planlı idi. Türkiyədə həyati təhlükə yaşadığını hesablayıb, bilərək ABŞ-a getmişdi. İddialara görə, Zərrab etirafçı olub. Yəni, ittiham tərəfi ilə razılaşıb, bütün ittihamları qəbul edib, əlavə dəyərli məlumatlar verərək həbsdən qurtulmağa çalışacaq. Hansı məlumatları verə bilər?

Türkiyə hökuməti rəsmiləri Zərrab işinin Türkiyəyə qarşı siyasi xarakterli iş olduğunu iddia edirlər. Nəzərinizə çatdırım ki, eyni ittihamlarla fransız “Paribas”a 8.9 mlrd. dollar, alman “Deutsche” banka 258 milyon dollar cəza verilib.

Türkiyə Prezidenti əvvəlcə Zərrabı xeyirsevər iş adamı adlandırdı. Zərrab ABŞ-da həbs olunanda dedi ki, bizimlə bir əlaqəsi yoxdur. İndi isə deyir ki, ABŞ bizim vətəndaşımızı etirafa zorlayır. Hətta iki dəfə ABŞ-a nota verildi ki, Zərrab hardadır.

Böyük ehtimal, adı keçən Türkiyə banklarına 20-30 mlrd. dollar civarında cəza veriləcək. Vaxtında Zərrabdan bəhrələnən şəxslərə də iş açılacaq. Türkiyə hökuməti buna qarşı Qərbi NATO-dan çıxmaq ilə təhdid edir. NATO-da Ərdoğan və Atatürklə əlaqəli son təxribat da bu addıma yönəlik atılıb, məncə. Amma Türkiyə Qərb üçün strateji əhəmiyyətə malikdir. Rusiyaya yem ediləcəyini düşünmürəm.

Türkiyə ciddi iqtisadi böhran yaşayır Lirə dəyərini sürətlə itirməyə davam edir. Böhran daha da dərinləşəcək kimi görünür.

Allah Türkiyəni qorusun!

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top