NAZİM MUSTAFAYEV

Kərbəladan günümüzə mesajlar - 2

Kərbəladan günümüzə mesajlar - 2

NAZİM MUSTAFAYEV

Kərbəla hadisəsini, baş verənləri zəncirvarı təqib edərək, başa düşmək mümkün olduğu kimi, o dövrdəki insanların Kərbəla hadisəsinə dair baxış və mövqelərinə nəzər salaraq da anlamaq olar. Gəlin bu baxış və mövqelərə nəzər salaraq, Kərbəla hadisəsini anlayaq və özümüzə dərslər çıxarmağa çalışaq.

1. Milliyyətçilik mövqeyi. Kərbəla hadisəsinə insan mövqeləri cəhətindən baxsaq, ən öndə gələn milliyyətçilik mövqeyidir. Zalım və günahkar Yezidin Kərbəla hadisəsini Bədr savaşı ilə müqayisə edərək, məsələni Bəni Ümeyyə və Haşimi qəbilələri arasındakı bir mübarizə zəmininə daşıması bu milliyyətçilik mövqeyindən qaynaqlanırdı. Bəni Ümeyyə və Haşimi qəbilələrinin mücadiləsi İslamdan əvvələ gedib çıxır. Bu iki qəbilə hər zaman rəqabət içərisində idi. Allah-Taala (c.c) son elçisi Hz. Peyğəmbərimizi (s.a.v) Haşimi qəbiləsindən seçdikdən sonra Bəni Ümeyyənin sırf bu rəqabət və mücadilə səbəbilə İslama girməsi də gecikmişdi.

Bəni Ümeyyə və Haşimilər arasındakı mücadilənin İslam gələndən sonrakı mərhələsinə nəzər salsaq, burada Abdul-Müttəlibin nəvəsi Hz. Peyğəmbərimiz (s.a.v) və Əbu Süfyan qarşımıza çıxır. 21 il boyunca bu mücadilə və savaş şiddətli bir şəkildə davam edir. 21-ci ilin sonunda Məkkə fəth ediləndə Əbu Süfyan müsəlman olur. Bu səbəblə mücadilə bir az yavaşıyır. Onlardan sonra səhnəyə Hz. Əli (r.a) ilə Əbu Süfyanın oğlu Muaviyə çıxır. Mücadilə yenə davam edir. Siffin savaşı bu mücadilənin bir nəticəsi idi. Bunlardan sonra Hz. Əlinin (r.a) oğlu Hz. Hüseyin (r.a) və Muaviyənin oğlu Yezid səhnəyə çıxır.

Hz. Hüseyin (r.a) doğru yoldan ayrılmadı və bu mücadiləni sonuna qədər davam etdirdi. Kərbəlada da bunun əvəzini ödədi. Kərbəlada Hz. Hüseyin (r.a) mizraqlarla, qılınclarla doğrandı. Ailəsindən bir çox fərd orada şəhid oldu, görünüşdə isə Yezid qazandı. Görəsən, həqiqətən də belədirmi? Qalib gələn Yezid, məğlub olan Hüseyindirmi? Gəlin düşünək, hətta əgər varsa, bu çağın Yezidləri də düşünsün! Hz. Hüseyin (r.a) yad edilib xatırlananda insanlar nə söyləyir? Həmçinin Yezidin adı anılanda insanlar onu necə yad edirlər?

Hz. Hüseyin (r.a) canını Kərbəla meydanında buraxmasına baxmayaraq, qazanan tərəfdir. Bəs Yezidin aqibəti necə oldu? Yezid Hz. Hüseyinin (r.a) şəhid olmasından sonra bu dünyada cəmi 3 il yaşadı. Sarayın, səltənətin dadını çıxarmadan faciəli bir ölümlə bu dünyadan ayrıldı.

Yezid məsələni milliyyətçiliyə bağlasa da, onun fikirləşdiyi kimi deyildi. O əslində Allahın davası ilə savaşdığının fərqində deyildi. Bəs nə oldu? Allah ilə, Allahın davası ilə mücadilə edən hansı güc qazana bilərdi ki? Yezid də eyni aqibəti yaşadı. Görünüşə görə bir müddət qalib gəldiyini zənn etsə də, əslində məğlub olanlardan oldu.

2. Alçalmışlıq, ya da zillət mövqeyi. İbrətverici bir məqam var ki, Kərbəla hadisəsində elə məhz insanların çox hissəsi bu duruş və mövqedə idilər. Yəni susmuşdular, “mənə dəyməyən ilan min il yaşasın” demişdilər. Belə ciddi məsələ qarşısında, Hz. Peyğəmbərimizin (s.a.v) ailəsinə qarşı belə bir zülm və işgəncə edilməsi qarşısında susmaq və səsini çıxarmamaq insanı alçaldan və dərdə düşürən bir haldır.

Kərbəla hadisəsindən bir neçə il keçmişdi. Kufəlilərdən bir qrup insan həcc etmək məqsədilə Məkkəyə gəlmişdilər. Bu insanlardan biri ehram paltarında ikən üzərinə qonan ağcaqanadı öldürür. Buna görə vicdan əzabı çəkir. “Mən ehramlı ikən bir ağcaqanadı öldürdüm. Bunun hökmü nədir?” deyə Məkkədə böyük alim Abdullah b. Ömərdən soruşur. Abdullah b. Ömər sən haralısan deyir? Bu şəxs: “Kufəliyəm” cavabını verir. Abdullah b. Ömər belə deyir: “Əllərinizdə Hz. Hüseyinin (r.a) qanı var ikən, siz bir ağcaqanadın dərdinəmi düşdünüz?

Ehramlı ikən bir ağcaqanadı öldürməkdən daha çox diqqət və ciddiyyəti, hətta daha da çoxunu Allah Rəsulunun (s.a.v) bu dünyadakı xatirəsi olan Hz. Hüseyini (r.a) qorumaq üçün göstərmələri onların boyunlarının borcu ikən, zillət və qorxaqlıqlarından ötrü bunu edə bilməmişdilər. Abdullah b. Ömər də məhz buna görə onları məzəmmət edirdi...

Kərbəla hadisəsindəki insan mövqelərindən ikisinə, milliyyətçilik və zillət mövqeyinə bu yazıda qısaca təmas etdik. Geriyə dünya malına aldanma, doğru yoldan ayrılmama, səbir edərək sükunəti qoruma və əhli beytin xaricində fiziki olaraq Yezidlə mücadilə edənlərin mövqeləri qalır ki, bunları da nümunələri ilə birlikdə gələn yazıda izah etməyə çalışacağıq.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top