NAZİM MUSTAFAYEV

Kərbəladan günümüzə mesajlar-1

Kərbəladan günümüzə mesajlar-1

NAZİM MUSTAFAYEV

Tarixdə elə hadisələr var ki, nəticələri uzun illər, hətta əsrlərcə davam etsə də, əslində həmin hadisənin cərəyan etdiyi müddət bir neçə gün, ya da bir neçə saatdır. Məsələn, Bədr savaşı cəmi bir neçə saat çəkmiş olsa da, dünyanı dəyişdirən savaşlar siyahısındadır. Hz. Peyğəmbərimiz və 305 nəfərlik əshabəsinin bir anlıq Bədr günü məğlub olduğunu düşünsək, bu gün müsəlman aləmi, İslam dünyası deyə bir şey olmazdı. Təbii ki, Allahın (c.c) təqdiri belə olmadı. Müsəlmanlar 1000 nəfərlik tam təchizatlı orduya qarşı Bədr savaşında tam qələbə qazandılar.

Bədr savaşını, sadəcə, ilin həmin günündə yad edib xatırlamaq, bu savaşın mahiyyətini anlamaq və bizə verdiyi mesajları başa düşmək üçün yetərli deyil. Bu hadisə bir günün içərisində və bir neçə saatda cərəyan etsə də, bir günə və bir neçə saata sıxışdırılaraq izah edilməsi mümkünsüzdür.

Əslində Kərbəla hadisəsi də Bədr və başqa önəmli hadisələr kimi ilin müəyyən bir günündə (Məhərrəm ayının 10-cu günü) baş versə də, bu hadisənin mahiyyətini anlamaq və bizə verdiyi mesajları başa düşmək üçün ilin, sadəcə, bir günü və bir neçə saatı olduqca yetərsizdir.

Əslində Kərbəlanı başa düşmək də çətindir, kiməsə başa salmaq da... Çünki başa düşənin ürəyi ağrıyır. Ürəyi ağrıyan bir insan da rahat bir şəkildə Kərbəlanı anlada bilməz. Kərbəla hicri təqvimlə 61-ci ildə, Hz. Peyğəmbərimizin (s.a.v) vəfatından 50 il sonra cərəyan etmişdir. Bu zaman əshabələrin bəziləri həyatda idi, vəfat edənlər isə geridə övladlarını buraxmışdılar.

Hz. Peyğəmbərimizin (s.a.v) vəfatından 50 il keçmiş, hələ Allah Rəsulunun (s.a.v) məzarının üzərindəki torpaq qurumadan, Onun (s.a.v) yer üzündəki ən qiymətli xatirəsi Hz. Hüseyin (r.a) və ailə üzvləri Kərbəlada qətl edilmişdir. Bu necə bir haldır? Bu necə ola bilərdi? Bunu ancaq imkansız bir şey olaraq başa düşə bilərik. Belə bir hadisənin olmadığını düşünmək istəyirik. Qəlbimiz olmamışdır deyir. Ancaq tarixə nəzər yetirdiyimiz zaman, qəlblərin tab gətirə bilməyəcəyi acıları bu ümmətin yaşadığını, o günlərdə yaşandığını görürük. Bəs nə üçün?

Bu suala cavab tapa bilmək və Kərbəlanı başa düşmək üçün Hz. Adəmdən başlayan peyğəmbərlik mücadiləsini, Hz. Adəmin övladları arasındakı mücadiləni, Hz. Nuhun, Hz. Musanın, Hz. İsanın mücadiləsini (hamısına Allahın salamı olsun), Hz. Peyğəmbərimizin (s.a.v) Məkkədəki mücadiləsini başa düşməliyik.

Hətta Bədr savaşını anlamadan Kərbəla hadisəsini başa düşmək çətin olardı. Kərbəla hadisəsi törədildiyi zaman Yezid orada deyildi. O, Şamda sarayında idi. Vəzifə, rütbə və məqam vədləri verərək, dünya mənfəəti qarşılığında satın aldığı komandirlərinə bu faciəni törətdirmişdi. Hz. Hüseyinin (r.a) kəsik başı Şamın sarayında Yezidin önünə gətirildiyi zaman, Yezid iman və küfr arasında cərəyan edən Bədr savaşını Bəni Ümeyyə və Haşimi qəbilələri arasındakı bir savaş zənn edərək: “Kaş ki atalarım bu günü görsəydi. Mən Bədr savaşındakı atalarımın qisasını aldım” demişdi. Bu ifadələrin bəlkə də hər bir hərfində Əməvi milliyyətçiliyinin qoxusu gəldiyini demək olar.

Qurani-Kərim iki növ insandan bəhs edir. Nümunə alınacaq və ibrət alınacaq şəxslər. Quran ayələrində bəhs edilən Üzeyir, Loğman və Zülqarneyn də əlavə olunmaqla (Allahın salamı onlara olsun) cəmi 28 peyğəmbər, nümunə alınacaq şəxsiyyətlərdir. Quran bu peyğəmbərlərin mücadilələrini bizə xəbər verərkən: “Baxın və bu gözəl mücadilələrdən nümunə alın” mesajını verir. Quran ayələrində ibrət alınacaq şəxslərdən xəbər verilməsində isə bizim üçün belə bir mesaj var: “Onlara baxın və etdiklərini, əməllərini etməyin!”.

Yer üzündə ilk cinayəti işləyərək qardaşı Habili öldürən Qabil ibrət alınacaq şəxsdir. Firon, Haman, adıçəkilməməsinə baxmayaraq, fel və əməlləri xəbər verilən Nəmrud, Samiri, Əbu Ləhəb və başqaları ibrət alınacaq şəxslərdəndir. Quran ayələrinin eyni zamanda tarix şüuru və tarixə baxış tərzi formalaşdırdığını söyləmək olar. Əgər biz Quranın bu tarix şüurunu doğru bir şəkildə başa düşsək, tarixin hansı səhifəsinə baxsaq da, əslində həmin hadisələr bizə bir Quran ayəsi kimi mesaj verər. Kərbəla hadisəsi də belədir.

Kərbəla hadisəsinə nəzər yetirdiyimiz zaman Hz. Hüseyinin (r.a) tərəfində olanlar, Yezidin tərəfində olan komandir və əsgərlər, ortada tərəfsiz və səssiz kimi görsənənlər və s. Bir sıra insanların davranış və mövqeləri ilə qarşılaşırıq.

O dövrün insanlarının Kərbəla hadisəsinə dair 6 əsas baxış və mövqeyi vardır ki, biz də bu mövqe və baxışlara nəzər yetirərək, yerimizin nə olduğunu öyrənə bilərik. Növbəti yazıda mövzuya davam edəcəyik.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top