NAZİM MUSTAFAYEV

Kim çörəyi ayaqlayar?

Kim çörəyi ayaqlayar?

NAZİM MUSTAFAYEV

Məşhur psixoloq seminara başlamazdan əvvəl səhnədə yerə bir çörək parçası qoyur. Mənzərəni maraqla izləyən seminar iştirakçılarına: "Bu çörəyi kim ayaqlayar?"-deyə soruşur. Bu cür sualla qarşılaşan dinləyicilər təəccüblənirlər. Məgər insan heç çörəyi ayaqlayarmı? Təbii ki, səhnəyə çıxan olmur.

Heç kimdən səs çıxmayınca psixoloq çörəyi ayaqlayana 100 dollar verəcəyini deyir. Yenə də salondakılar çörəyi ayaqlamaq üçün səhnəyə gəlmirlər. Qiyməti 5000 dollara qədər qaldırsa da, psixoloq öz istəyinə nail ola bilmir. Heç kim çörəyi ayaqlamaq üçün gəlmir. Bir iştirakçı: "500 min dollar versəniz belə, heç kim səhnəyə çıxmayacaq"-deyir. Təbii, belə də olur.

Düşünürəm ki, o salondakılarla bu yazını oxuyanlar arasında elə də fərq yoxdur. Yəni heç kim pul qarşılığında çörəyi ayaqlamaz. Görəsən, çörəyi ayaqlamayan, bu əməli pul müqabilində belə etməyən, bunu böyük qəbahət bilən biz insanlar, hansı dəyərləri ayaqlayır, hansı dəyərləri məhv edir, hansı dəyərlərin yox olub getməsinə göz yumuruq?

Çörəyi ayaqlayacaq insan tapa bilməsək də, hər gün yalan danışan, qeybət edən, başqalarına iftira atan, bunu edərkən də heç bir narahatlıq hissi keçirməyən o qədər insan var ki... Sizcə, bir belə mənzərə, belə bir reallıq da çox qəribə deyilmi?

Əslində, bir insana böhtan və iftira atmaq, yalan danışmaq, yalana inanmaq, qeybət etmək, qeybəti dinləmək, insanların alın təri ilə qazandığı mallarına göz dikmək, onları oğurlamaq və s. hallar da mənəvi dəyərlərin tapdanması, ayaqlar altına alınmasıdır. Görəsən, çörəyi ayaqlamadığımız kimi sadalanan bu dəyərlərin də ayaqlanmamasına diqqət edirikmi?

Rüşvətin verəcəyi zərərlər və təxribat çox böyükdür. Həmçinin bütün səmavi dinlərdə böyük günah, bütün dövlətlərin qanunlarında da cinayət əməlidir. Rüşvətin, məsum əməl kimi qələmə verilərək adına "hədiyyə" deyilməsi, zehinlərdəki dəyərlərin alt-üst olmasından irəli gəlir. Görülən işlərin hökmü adlara görə deyil, mahiyyətə görədir. Bu minvalla hədiyyə ilə rüşvət də mahiyyətcə çox fərqli şeylərdir. Heç vaxt da bir-birini əvəz edə bilməzlər.

İctimai nəqliyyatda yaşından asılı olmayaraq, zərif cinsin nümayəndələrinə yer verməyi özümüzə vəzifə bilirik. Bəzən yer verməyənə pis baxırıq. Halbuki rüşvət almaq və ya verməklə, misal üçün, ictimai nəqliyyatda zərif cinsin nümayəndələrinə yer verməməyi müqayisə etsək, rüşvət almaq və ya vermək daha çox qınanmalıdır.

Əfsus ki, rüşvət cəmiyyəti məhv edən bir vəba olaraq görülmür. Əksinə, çörəyin (xəyalən belə olsa) ayaqlanması isə qəbul edilməz böyük qəbahət sayılır. Halbuki rüşvət minlərcə insanın haqqının tapdanması, cəmiyyət nizamının pozulmasıdır. Həmçinin minlərcə insanın haqqının tapdalandığı, ayaqlar altına alındığı zaman, "çörəyə hörmət", "çörəyi uca tutma"nın nə əhəmiyyəti var? İnsanlar bir-birinin ətini yeyirmiş kimi qeybət edir, üzünə güldüyü dostunun arxasınca danışırsa, belə mühitdə "çörəyə hörmət"in mənası qalırmı?

Düzdür, süfrəmizə gələnə qədər yüzlərlə insanın əməyi keçən çörəyi zibilliklərə atılmış vəziyyətdə də görürük. Həmçinin yol kənarlarında torbadan asılmış və xarab olmuş çörək parçalarına rast gəlirik. Bu hallar bu nemətə qarşı hamılıqla hörmət etmədiyimizi göstərir.

Dəyərlər və əxlaqi prinsiplər bir-birindən ayrılmaz bir bütövün parçalarıdır. Dünya tarixi onu göstərir ki, bütün əxlaqi dəyərləri ən kamil şəkildə özündə cəm edən insan Hz. Peyğəmbərimiz (s.a.v.) olmuşdur (Əhzab, 33/21). Ən xırda əxlaqi dəyərlərdən, ən vacib əxlaqi dəyərlərə qədər hamısını özümüzdə cəm etməyə çalışmaq bizim fərd olaraq vəzifəmiz olmalıdır.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top