NAZİM MUSTAFAYEV

Nə gözəl vəsilədir!

Nə gözəl vəsilədir!

NAZİM MUSTAFAYEV

Sözləri Məmməd Araza aid olan və Niyaməddin Musayevin oxuduğu: "Dünya sənin, dünya mənim, dünya heç kimin" mahnısına, demək olar, hamımız qulaq asmışıq. Bir nəsil, minlərlə insan bu mahnını eşidərək böyüyüb. Bəli, biz bu dünyada gəldi-gedərik. Dünyanın əsl sahibi biz, yəni insanlar deyilik. Bu mənada dünya "heç kimin"dir. Heç kim əbədi olaraq bu dünyada qalmayıb. Bilmirəm, bəlkə də ömrün ahıl yaşına çatanlar bu dünyanın fani olduğunu daha yaxşı anlayırlar. Ancaq bir məsələ var - bəs bu fani həyatdan sonra nə baş verəcək? Bu həyatın bir hesabı olmayacaqmı?

Quran qissələrində bəhs edilən qövmlərdən elə günümüzə qədər bu dünyada "rəblik" iddiasında olan, özündə Allahın bütün sifətlərini görən zalımlar, qəddarlar, bir sözlə, o qədər insan gəlib keçib ki, gəl görəsən... Həmçinin bu dünyaya Allahın elçiləri, çox dəyərli insanlar da gəlib-gediblər.

Yığdığı mal-dövləti ilə öyünən və bu dünyada əbədi qalacağını fikirləşən insanların heç biri fanilikdən və fani olmaqdan yaxasını qurtara bilməmişdir. Baqi və əbədi olan, dünyanın yaradıcısı və onun əsl sahibi Cənab Allahdır. Dünya və içindəkilər isə faniliyə, yox olmağa məhkumdur. Ancaq bir məsələ var ki, insanın bu dünyadakı faniliyi onun əbəs yerə xəlq edildiyi mənasına gəlmir.

Gəlin Quran ayələrinə qulaq verək: "(Ey insanlar!) Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir..." (Hədid, 57/20).

Görəsən, hansı psixoloq, hansı sosioloq və ya hansı tarixçi yuxarıda verilən ayələrin əksini iddia edə bilər? Quran ayələri bizə güzgülük edir və əsl hədəfindən uzaqlaşan insanların həyatını xülasə edir: "Bir-birinə qarşı öyünmə, oğul-uşaq və mal-dövləti çoxaltma yarışı..." Tarixən həm fərdlərin, həm də millətlərin həyatında bu bir həqiqət olaraq qarşımıza çıxır.

Oğul-uşaq sahibi olmaq, mal-mülk qazanmaq insan fitrətinə uyğun şeylərdir. Quran və hədislər də bunları qadağan etmir. Nəslin və həyatın davam etməsi üçün bu lazımdır. Həzrət Peyğəmbərimiz də evlənib, oğul-uşaq sahibi olub, həyatında varlı və yoxsul vaxtları olub. Ancaq dünya malına aldananlara, dünya malını həyatda yeganə qayə və hədəf halına gətirənlərə axirətdə şiddətli əzab vəd edilmişdir (Hədid, 57/20).

Quranda dünya bir oyun və oyuncaq kimi təqdim olunur. Bildiyimiz kimi, uşaqların həyatında, onların zehni inkişafında doğru seçilmiş oyun və oyuncağın şübhəsiz ki, özünəməxsus yeri var. Bu mənada oyun və oyuncaqların lazımsız və faydasız şeylər olduğunu demək doğru olmaz. Ancaq Quran ayələrində axirətə nisbətlə dünya həyatının oyun və oyuncağa bənzədilməsi, Allahı unutduran dünya malının, Allahın rizası hədəflənməyən dünya işlərinin nə qədər dəyərsiz olduğunu ifadə etmək üçündür.

Quranda dünyanın oyun və oyuncağa bənzədilməsi çox mənalıdır. Uşaqlar bir oyuncağa sahib olanda ya da oyuncağı ilə nəsə oyun oynayanda sevinirlər. Oyunları pozulanda və ya oyuncaqları qırılanda isə kədərlənirlər. Böyüklər də belədir. Dünyada sahib olduqlarından ləzzət alar, mal-dövlətinə zərər gələndə isə hüznlənər və kədərlənərlər.

Yuxarıda verilən ayənin davamında: "(Dünya həyatı) elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki (məhsul) əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən" (Hədid, 57/20) buyurulub.

Dünya həyatı bu ayədə yağışın bitirdiyi, əkinçinin də xoşuna gələn bir çiçək və bitkiyə bənzədilir. Uzun quraqlıqdan sonra yağan yağış hər yanı yaşıl hala gətirir. Sonra bu yaşıllıqlar saralır, quruyub çöp halına gəlir. Dünya həyatı da belədir. Əvvəla, uşaqlıq, yeniyetməlik və gənclik dövrü, sonra yetkinlik və nəhayət ömrün ahıl çağı. Gənclik dövründə insan fiziki baxımdan daha gümrah və daha sağlam olur. Yaşlandıqca da gücü zəifləməyə başlayır, taqətdən düşür. Xırda bir şeyə belə gücü yetməz olur.

İnsanın həyatı hər nə qədər bir çiçək ya da bitkiyə bənzədilsə də, çiçək və bitkiyə bənzəməyən əsas və vacib məqamlar da var. Bu da insanın öldükdən sonra sorğu-suala çəkiləcəyidir. Bəli, insan axirət həyatını unutduğu vaxt dünya həyatı onun üçün aldatıcı bir zövqə çevrilir. Ancaq Cənab Allahın rizasını qazanmağa, axirət həyatının gözəlləşməsinə səbəb olan bu dünya həyatı isə gözəl bir vəsilədir!

[email protected]

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top