ÜRFAN MƏMMƏDLİ

"Qarabağ"ın qələbəsi

"Qarabağ"ın qələbəsi

ÜRFAN MƏMMƏDLİ

"Qarabağ" Danimarkanın "Kopenhagen" komandasını üstələyərək Avropa Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Hələ bu qələbənin sevinci ilə yaşayırıq. Bu qələbə niyə bu qədər şirindir?

Əlbəttə, bu suala bir cümlə ilə cavab vermək olar: Azərbaycan komandası ilk dəfə bu uğura imza atır, "ilk"in sevinci də aşıb-daşan olur. Bu hər kəsin verə biləcəyi cavabdır. Bu qələbənin şirinliyinə şirinlik qatan, ilk baxışda görünməyən amillər də var. Bu amilləri görmək üçün mütləq geri boylanmaq, klubun bu günə qədər keçdiyi enişli-yoxuşlu yolu nəzərdən keçirmək lazımdır. Təbii ki, bir güşə yazısında bu yolu başdan-başa analiz edib yekun qiymət vermək çətindir. Burada kiçik, amma "olmazsa-olmaz" təsiri bağışlayan elementlər haqqında danışmayacağıq. Çünki bu bir araşdırma mövzusudur, bu mövzunu araşdırmaqla ölkə futbolunun inkişaf proqramını hazırlamaq mümkündür.

Çempionlar Liqasının qrup mərhələsinə düşmək üçün "Qarabağ" uzun və yorucu bir yol keçib. "Azərsun" komandaya sponsorluq etməyə başlayarkən "Qarabağ" Azərbaycanın lider komandası olmasa da tanınan komandalarından biri idi. Amma maddi sıxıntılar klubu enişə doğru çəkirdi. Təsəvvür eləyin, əvvəllər iki dəfə ölkə çempionu olmuş bir komanda özünün imkanlı sponsoruna qovuşduqdan sonra keçirilən ilk çempionada 9-cu nəticə göstərdi. Amma bu, sponsorları həvəsdən salmadı, əksinə, komandanı doğru yola yönəltmək üçün onlara istinad nöqtəsi oldu. Axtarışlar, araşdırmalar başladı, komandaya xaricdən mütəxəssislər dəvət edildi və qarşıya hədəflər qoyuldu: uzaqvədəli və yaxınvədəli hədəflər. Yaxınvədəli hədəf komandanı Azərbaycan futbolunun liderinə çevirmək idisə, uzaqvədəli hədəfə Avropada Azərbaycanı layiqincə təmsil etmək daxil idi. Mən bu hədəfləri klubun rəhbərlərindən olan Tahir Gözəllə üzbəüz söhbətlərimizdə şəxsən eşitmişəm. Etiraf edim ki, bəzən bu iddialara inanmağım gəlməyib, onları illüziya hesab etmişəm: yəni Azərbaycanda belə bir komanda formalaşdırmaq mümkündürmü? Mənim şübhələrimə baxmayaraq, Tahir bəy hər dəfə bu hədəflərə doğru getdiklərini təkrar edirdi.

Yaxınvədəli hədəfinə çatmaq üçün klub bir neçə eksperimentə də əl atdı. Bu eksperimentlər arasında güclü məşqçi axtarışı da var idi. Amma tez-tez məşqçı dəyişikliyinin effekt vermədiyini görən rəhbərlik 2008-ci ildə "Neftçi"də qısamüddətli təcrübə toplayan Qurban Qurbanovu komandaya dəvət edib baş məşqçi səlahiyyətlərini bütünüklə ona həvalə etdi. Bununla da uğursuzluqlara dözərək uğura addım-addım getməyi qərara aldı. Təbii ki, xarici klubların təcrübəsi də öyrənilirdi. Qurban Qurbanov bir neçə dəfə Avropanın aparıcı klublarına təcrübəyə göndərildi və onların iş üsulu ilə tanış oldu. Beləlikə, uğurların təməli qoyulmağa başlandı. Bu strategiya ilə "Qarabağ" Azərbaycan çempionu titulunu düz altı il səbirlə gözlədi. 2013/2014-cü il mövsümü yaxınvədəli hədəfin ilk təməl daşı oldu. Bundan sonra komanda çemoionluq titulunu əlində möhkəm saxladı. Bu artlq yaxınvədəli hədəfin başa çatdırılması idi. Bununla paralel uzaqvədəli hədəfə doğru da addımlar atılırdı. Arxada qalan son üç ildə "Qarabağ" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla Azərbaycanı Avropada layiqincə təmsil etmək proqramını səbirlə həyata keçirdi. Amma bu uğura Azərbaycan çempionu olmadan da nail olmaq mümkün idi. Məsələn, "Qəbələ" çempion olmadan Avropa Liqasının qrup mərhələsində iki il dalbadal çıxış etdi. "Qarabağ" isə Azərbaycan çempionu kimi Çempionlar Liqasında təmsil olunmalı idi, hədəf belə idi. Və nəhayət , dünən bu hədəfə də çatmaq mümkün oldu.

Necə deyərlər:

Səbr ilə halva bişər, ey qora, səndən.

Bəsləsən atlas olar tut yarpağından.

Amma bu da son deyil... Hələliksə, bu da nailiyyətdir. Həm də böyük nailiyyətdir. Və bu nailiyyətin şirinliyinin arxasında çəkilən zəhmət durur. "Qarabağ" rəhbərliyinin planlı, dözümlü və səbirli zəhməti.

İndi "Qarabağ", bəlkə də, maddi cəhətdən özünü təmin edən komandaya çevrilib. Hətta özünü tam təmin edə bilməsə belə, onu pul qazana bilən komanda saymaq olar. Klub buna planlı fəaliyyət nəticəsində nail olub. İnanıram ki, bu cür davam etsə, Premyer Liqamızda planlı fəaliyyət proqramı ilə çıxış edən klubların sayı artarsa, özünü maddi cəhətdən təmin edən klublarimız da olacaq.

"Qarabağ"ın qələbəsi bu qənaətə gəlmək üçün ən gözəl nümunədir. Bu nümunədən faydalanmaq lazımdır.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top