ALLAHVERDİ AYDIN

Axundovu  sevən “dindar”...

Axundovu  sevən “dindar”...

ALLAHVERDİ AYDIN

Bəzi mövzular var ki, Azərbaycanda heç bir zaman dəbdən düşmür. Yüz dəfə müzakirə aparılsa belə, yenə gündəmə gələn kimi eyni hərarətlə müzakirələri davam etdiririk. Məsələn, son 20-25 il ərzində Səməd Vurğunun şəxsiyyət və yaradıcılığı dəfələrlə müzakirə mövzusuna çevrilib. Amma ortada heç bir nəticə yoxdur. Hələ də ortaq məxrəcə gələ bilməmişik. Bəzi insanlar Səməd Vurğun haqında hər kəsin bildiyi həqiqətləri elə təqdim edir ki, sanki bu şəxs XX əsrdə deyil, min il əvvəl yaşayıb. Hələ də başa düşmək istəmirlər ki, Səməd Vurğun əsərlərini heroqliflərlə yazmayıb. Səməd Vurğunun şeirlərini, məqalələrini ibtidai sinif şagirdi bir dəfə oxusa şairin nə demək istədiyini başa düşəcək. Uşaqların belə asanlıqla başa düşdüyü həqiqətləri, özünə alim, ziyalı, ədəbiyyatçı, siyasətçi deyən bəzi insanlar ciddi-cəhdlə gizlətməyə, inkar etməyə çalışır. “Ədəbiyyat qəzeti”nin 9 iyun 1937-ci ildə tarixli sayında Səməd Vurğunun məqaləsi çap olunub. Qəzetin həmin nüsxəsini çox yerdən tapıb oxumaq olar. İnternet resurslarda kifayət qədər tirajlanıb. Həmin məqalədə açıq şəkildə bəyan edir ki, Hüseyn Cavid, Müşviq və digərlər xalq düşmənləridir. Təxminən bir həftə sonra yenə eyni qəzetdə çap olunan “Səadət düşmənlərinə” adlı şeirində Hüseyn Cavid haqqında daha ağır və təhqiramiz ifadələr işlədir:

“Azərbaycan şairi” olsa da murdar adın,
Soltanların, şahların sinisini yaladın”.

İndi bunu inkar etməyi, Səməd Vurğunu Hüseyn Cavidin dostu kimi təqdim etməyin nə mənası var? “Səməd Vurğun əslində elə demək istəməyib”, “Səməd vurğun əslində belə demək istəməyib” kimi mənasız arqumentləri səsləndirməyin nə mənası var? Səməd Vurğun nə demək istədiyini açıq şəkildə yazıb. Bəyəm Səməd Vurğunun sizlərdən “50-60 il sonra mənim fikirlərimi təhrif edərsiniz” kimi xahişi olub? Səməd Vurğun heç kimdən belə bir xahiş etməyib. Hətta “şarlatan” deyə təhqir etdiyi Məmməd Əmin Rəsulzadədən də xahiş etməyib. Əgər Səməd Vurğun Rəsulzadənin onun haqqında “millətçi şair” ifadəsi işlətdiyini eşitsəydi, əmin olun ki, onu şarlatandan da ağır ifadələrlə təhqir edərdi. Sosializmi tərənnüm edən, xalqlar dostluğunu inanan, “Könlüm ilham alır Leninin bayrağından” deyən biri haqqında “millətçi” ifadəsini işlətmək “şarlatan” ifadəsi qədər təhqiramizdir. Bu qədər sadə həqiqəti başa düşmək bəyəm bu qədər çətindir ki, bu mövzunu müzakirə etməkdən yorulmursunuz.

Səməd Vurğunla Hüseyn Cavidi, Səməd Vurğunla Rəsulzadəni tərəzinin eyni gözünə qoymağa cəhd edənlərin beyni nə ilə qidalanır? Bu yaxınlarda Vurğun Əyyubun bu barədə gözəl bir yazısını oxudum. Yazır ki, Azərbaycan insanının qeyri-səmimiliyi adamda vahimə yaradır. Həqiqətən də bu cür insanlar adamda təccübdən çox vahimə yaradır. Bu günlərdə sosial şəbəkələrdə dindar, daha doğrusu özünü bu cür təqdim edən millət vəkillərindən birinin Axundov haqqında müsbət fikirlərini oxudum. Səhərdən axşama kimi Allahdan, dindən, ibadətdən danışan bu şəxs Axundov haqqında elə danışır ki, elə bir onun Allahını Axundov deyil də, hansısa yadplanetli təhqir edib. Adam söz tapmır deməyə… “Kəmalüddövlə məktubları”nı oxuyan bir dindarın Axundov haqqında müsbət fikirlər səsləndirməsini nə göydə Allah qəbul edər, nə də yerdə bəndə. Bu məmləkətdə özünə alim, ziyalı, ədəbiyyatçı, siyasətçi deyən nə qədər insan var ki, ciddi-cəhdlə insanları inandırmağa çalışırlar ki, Axundov əslində dinsiz olmayıb. İnternetdə axtarış verin özünə alim, ziyalı, ədəbiyyatçı, siyasətçi deyən həmin şəxslərim kim olduğunu siz də görəcəksiniz.

Bu insanlar niyə başa düşmək istəmirlər ki, axı onların Səməd Vurğunu zorla “millətçi” etmək, Axundovu zorla “dindar” etmək kimi missiyaları yoxdur. Səməd Vurğun, Hüseyin Cavid, Axundov Azərbaycan tarixinin, ədəbiyyatının əsas sütunlarıdır. Onları olduqları kimi – birini kommunist, birini millətçi, birini ateist, başqa birini dindar kimi tanısaq dünya dağılmaz axı… Hardan qaynaqlanır bizdəki bu qeyri-səmimilik? Tarixi saxtalaşdırmaqdan, insanları çaşdırmaqdan niyə bu qədər zövq alırsınız?

Millətçi birinin “Komsomol poeması”nı yazan, Stalinə təriflər yağdıran Vurğunu tənqid etməsindən təbii nə ola bilər ki?.. Bir dindarın “Əbi-Ləhəbin əlləri şil оlsun”. Pəh-pəh… Allahımıza baх, “Əbi-Ləhəbin əlləri şil оlsun”, baх gör bizim Allah dul arvadlar kimi Əbi-Ləhəbə necə qarqış göndərir” deyən, Axundovdan nifrət etməsindən təbii nə ola bilər ki?.. Bunlar bir insan üçün tamamilə təbii və son dərəcə səmimi hisslərdir. Təbii olmayan, süni və qeyri-səmimi olan isə dindar birinin Axundova olan sevgisidir. Özünə millətçi deyən biri təpədən dırnağa qədər sosializm tərəfdarı olan Səməd Vurğunu təbliğ edirsə deməli o şəxs sağlam düşüncəyə sahib deyil.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top