ÜRFAN MƏMMƏDLİ

Büdcə israfçılığı olmasa...

Büdcə israfçılığı olmasa...

ÜRFAN MƏMMƏDLİ

Bu günlərdə Rusiyada səfərdə oldum. Çoxdan idi bu ölkədə olmurdum. SSRİ-dən müstəqil olduqdan sonra Rusiyada hansı dəyişikliklərin baş verdiyi mənim üçün maraqlı idi. Əlbəttə, müstəqillik şimal qonşumuza da öz töhfəsini verib. Amma etiraf etməliyəm ki, müstəqillikdən sonra Azərbaycan daha çox dəyişilib. Rusiyanın xarici görkəmində hələ də sovet qoxusu hiss olunur. Bu prizmadan baxanda Azərbaycan çox irəli gedib. Amma onların bizi qabaqladıqları sahələr də var. Məsələn, yeni texnologiyaların tətbiqindən ruslar daha məharətlə istifadə edirlər. Bu tətbiqlərlə onlar dövlət büdcəsinin xərclərini xeyli azalmağa nail olublar. Zənnimcə, eyni şineldən çıxdığımızı nəzərə alsaq, Rusiyanın təcrübəsindən istifadə bizim üçün də faydalı olar.

Bir neçə ildir ki, neft gəlirləri xeyli aşağı düşüb. Hökumət bu kəsrlərin yerini qeyri-neft sektorunu inkişaf etdirməklə doldurmağa çalışır. Əlbəttə, bu təqdirəlayiq inkişaf istiqamətidir və alqışlanmalıdır. Amma yaxın 5-6 ildə büdcədəki neft itkilərinin qeyri-neft sektorunun gəlirləri ilə kompensasiya edilməsi çətin məsələdir.

Hazırda biz ölkənin iqtisadi inkişafının bir nömrəli göstəricisi kimi büdcəmizin həcmcə böyüməsini göstəririk. Əslində isə iqtisadiyyatın inkişafını təkcə büdcənin böyüməsi deyil, həm də onun xərclər hissəsindəki israfçılığın qarşısını almaqla təmin etmək olar. Sanksiyalar məngənəsində sıxılan Rusiya məhz bu yolu seçib.

Rusiyadakı müşahidələrim əsasında deyə bilərəm ki, bizim avtomobil yollarında yol hərəkətinin təşkili işində böyük bir israfçılığa yol verilir. Rusiyada avtomobil yollarına radarlarla nəzarət edilir. Bunun nəticəsində Moskvadan Voronejə qədər olan təxminən 500 km-lik yolda yalnız bir ədəd polis postu var. Tambovdan Gürcüstan sərhədinə qədər olan təxminən 1400 km-lik yolda isə belə postların sayı ikidir. Rusiya səfərindən qayıdandan sonra Bakıdan Şəmkirə getməli oldum. 367 km-lik bu yolda isə, səhv etmirəmsə, dörd ədəd polis postu gördüm. Rusiyada olduğu kimi, bizim avtomobil yollarına da elektron vasitələrlə nəzarət edilir. Radarların sayı günbəgün artır. Amma polis postlarının sayında azalma yoxdur. Bu polis postlarının saxlanması üçün büdcədən nə qədər pul ayrıldığını bilmirəm. Amma onun kiçik rəqəm olduğunu demək çətindir.

Paytaxt Moskvada Yol Polis Xidməti (YPX) avtomobillərinə az da olsa rast gəlmək olur. Amma Tambovda olduğum 15 gün müddətində yalnız bir dəfə YPX avtomobili gördüm və təəccübləndim. Maraqlandım və dedilər ki, reyd günüdür. Onu da öyrəndim ki, YPX-lar ayda bir və ya iki dəfə reyd keçirirlər. Şəhərə isə bütünlüklə videoqurğular vasitəsi ilə nəzarət edilir. Şəhərdə yol polislərinin görünməməsinə baxmayaraq, cərimələnən sürücülərin sayı kifayət qədərdir. Bu cərimə protokollarını radarlar avtomotik tərtib edirlər. (Cərimələr, onların miqdarı və ödənmə faizlərinə növbəti yazılarımda toxunmağa çalışacam). Bizim ölkəmizdə olan YPX avtomobillərinin dəqiq sayını bilmirəm. Mənim hesabıma görə, onların sayı 1000-dən çoxdur. özü bu avtomobillərın (əksəriyyəti BMV-dir) yanacaq sərfi də çoxdur.

Hesab edirəm ki, Azərbaycanda bu qədər YPX avtomobilinə ehtiyac yoxdur. Zənnimcə, Bakı şəhərinə nəzərat üçün 5-6 YPX avtomobili kifayət edər. (Evimizdən Koroğlu metrosuna qədər olan 4 km-lik yolda hər gün ən azı 3-5 YPX ilə rastlaşıram). Əgər bu maşınlar satışa çıxarılarsa, büdcəyə ən azı 10 milyon manat vəsait daxil olar. Satılacaqları təqdirdə bu maşınlar üçün ayrılan yanacaq pulunun və həmin maşınlara texniki xidmət üçün xərclənən pulların da büdcədə qalacağənə nəzərə alsaq, büdcənin qazancı barədə təsəvvür yaratmaq o qədər də çətin olmaz. Üstəlik, tində-bucaqda, kol-kos arxasında pusqu quran yüzlərlə lazımsız işçi qüvvəsi (onların vəzifələrini radarlar daha yaxşı və qərəzsiz yerinə yetirir) ixtisar olunarsa, büdcənin xərclərini xeyli azaltmaq olar. Bu isə inkişaf layihələrinin vaxtında həyata keçirilməsinə daha bir təkan verər.

Rusiyada bu iş qurulub və dövlət büdcəsinin xərclər hissəsi xeyli yüngülləşib. Bu təcrübədən biz də bəhrələnməliyik.

Biz bu yazıda Dövlət Yol Polisi sahəsinin büdcəyə gətirdiyi izafi xərclər barədə danışdıq. İnanırıq ki, büdcədə bu cür israfçılıq təkcə bu sahə ilə məhdudlaşmır. Həmin israfçılığın qarşısını almaqla inkişafın artan tempini təmin etmək olar.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top