ALLAHVERDİ AYDIN

"Al-ver" mərasimi...

"Al-ver" mərasimi...

ALLAHVERDİ AYDIN

Toy mərasimlərindəki israfçılıqdan, səs-küydən və digər çatışmazlıqlardan şikayət etməyən yoxdur. Sadə vətandaşdan millət vəkilinə kimi hər kəs şikayət edir. Bu məsələ mətbuatda da, sosial şəbəkələrdə də əsas müzakirə mövzusudur. Bugünə kimi bəlkə də bu mövzuda minlərlə məqalə, onminlərlə "status" yazılıb. Ancaq deyilənlərin, yazılanların heç bir faydası yoxdur. Şadlıq evlərinin tikintisi son sürətlə davam edir. Köhnələr sökülür yerində müasir dövrün tələblərinə cavab verən yeni şadlıq evləri inşa olunur. Cəmi 5-6 il əvvəlin "bərkgedən" şadlıq evlərinin indi qapısını açan yoxdur. Elə şadlıq evləri var ki, vaxtı ilə orda toy etmək hər kəsə nəsib olmurdu. İndi həmin şadlıq evində yas mərasimləri keçirilir. Şadlıq evi seçimində o qədər həssaslaşmışıq ki, tavanın hüdürlüyünə, qapıların ölçüsünə, divar kağızının rənginə, pilləkanlardakı xalçanının naxışlarına, ofisantların geyiminə qədər hər şeyə diqqət yetiririk. Çox qəribə vəziyyət yaranıb. Kimi danışdırsan şadlıq evlərindən, keçirilən toy mərasimlərindən narazılıq edəcək. Ancaq nə şadlıq evlərindən imtina edən var, nə də toy mərasimini başqa şəkildə keçirən. Toy dəvətnaməsi alanlar sevinmək əvəzinə kədərlənirlər. Siz, toya dəvət olunan insanın sifət cizgilərinə diqqət yetirmisiniz? Əgər bizim rəssamlar "Toya dəvət olunan azərbaycanlı" tablosunu çəksələr Leonardo da Vinçinin "Mono Liza"sından daha məşhur olar. Çox ciddi problemlə üz-üzə qalmışıq. Stola istili-soyuqlu onlarla təamın düzülməsi sözün əsl mənasında dəhşətli mənzərədir. Əminəm ki, insanların böyük əksəriyyəti belə mənzərə ilə qarşılaşanda ən azından vicdan əzabı çəkirlər. Lakin hər şeyə rəğmən toy mərasimlərimizi bu şəkildə keçirməyə davam edirik. Çoxlarından fərqli olaraq hesab edirəm ki, hələ uzun illər toy mərasimlərimiz bu şəkildə keçiriləcək. Bunun qarşısını almaq üçün nə inzibati tədbirlərin, nə də maarifləndirmənin bir faydası olmayacaq. Çünki biz toy mərasimlərindən pul qazanmağa, maddi gəlir əldə etməyə başlamışıq. Toy ərəfəsində özümüzü iş adamı kimi aparırıq. Hər şey əvvəlcədən hesablamağa çalışırıq. Yeni layihə həyata keçirən iş adamı kimi riskləri dəyərləndiririk. Elə şadlıq evi seçməyə çalışırıq ki, dəvət edəcəyimiz qonaqlara, daha doğrusu onların maddi imkanlarına uyğun olsun. Çünki düzgün hesablama aparmasaq zərərə düşə bilərik. Kimin toya nə qədər nəmər salacağını əvvəlcədən təxmin etməyə çalışırıq. Toy mərasimlərində stola düzülən təamların bolluğu, nümayiş etdirilən şoular, dəvət olunan tanınmış müğənnilər qonaqların (oxu: müştərilərin) daha çox nəmər salmasına hesablanıb. Toya dəvət olunanda da başlayırıq dəvət olunduğumuz şadlıq evindəki qiymətlərlə maraqlanmağa. Qiyməti əvvəlcədən bilənlər toy sahibinin təşkil etdiyi şou-göstərişlərə "aldanmır". Əgər "stolun qiyməti" 40 manatdırsa üzərində balina əti olsa da 50 manatdan artıq nəmər salmırıq. Bu ticarətdə oğlan övladı olanların daha çox qazanmaq imkanı var. Üstəlik oğlan övlad üçün təşkil olunan "kiçik toy"lar "nişan" və "böyük toy"lardan daha gəlirli mərasimdir. Çünki övladına "kiçik toy" edən valideyinlərin toydan əvvəl demək olar ki, heç bir əlavə xərci çıxmır. Yığılan nəmərdən şadlıq evinin xərcini çıxdıqdan sonra yerdə qalan pul təmiz gəlir hesab olunur. Hər şey gün kimi ortada olduğu halda toy mərasimlərimizi "al-ver"ə çevirdiyimizi etiraf etməyə çətinlik çəkirik. Ancaq həqiqət odur ki, toy biznesinin bir tərəfində şadlıq evləri dayanırsa, digər tərəfində də bizlər dayanırıq. Şadlıq evlərini "yaşadan" hər iki tərəfin maddi marağıdır...

Müəllifin fikirləri öz mövqeyini əks etdirir

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top