ALLAHVERDİ AYDIN

Xəbərlər oxunmalıdır, yoxsa "tıklanmalıdır"?..

Xəbərlər oxunmalıdır, yoxsa "tıklanmalıdır"?..

ALLAHVERDİ AYDIN

Müasir dünyada informasiya qəbulu qida qəbul etmək, su içmək kimi zəruri ehtiyaclardan birinə çevrilib. İndi yeni məlumata, xəbərlərə hər kəsin ehtiyacı var. Məsələn, yaxın günlərdə havanın necə olacağını öyrənmək istəməyən varmı? Olsa da yəqin ki, çox az olar. Hava ilə bağlı hər kəsin bir gözləntisi var: milliyətindən, dinindən, peşəsindən, vəzifəsindən asılı olmayaraq havanın necə olacağı əksər insanlar üçün maraqlıdır. Biri dənizə getmək istəyir, başqa biri maşınını yudurtmaq istəyir. Yaxud manatın məzənnəsinin yaxın günlərdə necə olacağını kim öyrənmək istəməz? Bu baxımdan mətbuat məlumatların ilk xəbərçisi olmalıdır. Mətbuat cəmiyyəti maraqlandıran suallara cavab tapmalıdır. Nöqsanları, çatışmazlıqları araşdırıb üzə çıxarmalıdır. Amma çox təəssüf ki, Azərbaycan mətbuatı bu təməl prinsiplərdən hər keçən gün bir qədər də uzaqlaşır. Artıq bizim mətbuatı oxucunun nə istədiyi maraqlandırmır. Xüsusilə də internet mediası dediyimiz xəbər portalları oxucularına qarşı böyük hörmətsizlik edirlər. Əsas gəliri oxuculardan olduğu üçün çap mediası az da olsa onların "nazı" ilə oynamaq məcburiyyətindədir. Əslində, bunu da barmaqla sayılacaq qədər az sayda qəzet və jurnala şamil etmək olar. İndi əksər çap mediası "sponsor"lar hesabına nəşr olunur. Bu cür qəzetlər və jurnalları oxunmasalar belə yenə çap olunacaqlar. Ona görə də "sponsor"lu mətbuat üçün oxucunun nə istəməsi o qədər də maraqlı deyil. Bu sahədə internet mediası daha da irəli gedib. İnternet üzərindən məlumat yayan media qurumları oxucunun maraqlarını ümumiyyətlə nəzərə almır. Onların əsəs gəlir mənbəyi reklamverənlər olduğu üçün portallar oxucuların deyil onların "nazı" ilə oynayırlar. Deyə bilərsiniz ki, reklamverənlər də portallara oxucu sayına görə reklam verirlər. Düzdür ilk baxışdan bu belə görünə bilər. Ancaq diqqətlə baxdığımız zaman bunun belə olmadığını görə bilərik. Reklamverənlər daha çox özlərinə yaxın hesab etdikləri xəbər portallarına reklam verirlər. Bu çap mediasındakı "sponsor"luğun daha müasir formasıdır. Dünyada saytların reytinqini müəyyən edən "Google Analytics" kimi nüfuzlu mənbələrə istinad etsək açıq şəkildə görünür ki, ən çox baxılan portalların reklamları ya yoxdur, ya da digərlərilə müqayisədə azdır. Çox baxıldığına görə reklam alan bəzi portallar isə oxucu sayını artırmaq yerinə "tıklayanların" (portala daxil olanlar) sayını artırmaq istəyir. Artıq xəbər saytlarının əksəriyyəti üçün yayımladığı xəbərin oxunmasından çox onun "tıklanması" daha əhəmiyyətlidir. İçərisində hər kəsin bildiyi məlumatlar olduğu halda xəbərlərə maraqlı başlıqlar qoyaraq oxucuları aldatmaqla məşğul olurlar. Məsələn, "mülayim hava şəraiti nə vaxtadək davam edəcək?" başlıqlı xəbər kim oxumaq istəməz? Xüsusilə də Ramazan ayının isti günlərlə üst-üstə düşdüyü bugünlərdə insanların əksəriyyəti bu cür başlığın "altındakı" məlumatı oxumaq istəyir. Ancaq xəbər başlığını "tıkladıqdan" sonra məlum olur ki, içərisində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin günlük hava proqnozundan başqa heç nə yoxdur. Xəbərin başlığı ilə içərisindəki məlumat bir-birinə uyğun gəlmir. Yəqin bilirsiniz də, bəzi avtobus sürücüləri öz aralarında sərnişinlər barəsində danışanda onları "20 qəpiyə" bənzədirlər. Nə qədər acınacaqlı olsa da demək lazımdır ki, artıq mətbuat nümayəndələri də oxucular barəsində danışanda "tıklayanlar" ifadəsini daha çox işlədirlər. Məsələn, xəbər portallarının rəhbərləri həmkarları ilə söhbət edəndə "sizin xəbərlər nə qədər oxunur?" əvəzinə "sizin xəbərlər nə qədər "tıklanır"? deyə soruşurlar. Yaxud bu portallar oxucusunu düşünən azsaylı qəzet və jurnalların min-bir əziyyətlə ərsəyə gətirdiyi məlumatları "copy"-"paste" edərək yaymaqla məşğul olurlar. Əslində bu portallar başqasının məlumatını öz "malları" kimi istifadə etməklə reklamverənləri aldatmaq istəyirlər. Çox təəssüf ki, əksər hallarda buna nail olurlar. Bəzi jurnalistlər günlərlə əziyyət çəkib ortaya yeni məlumat çıxarırlar və məlumat ortaya çıxar-çıxmaz gözləri qarşısında oğurlanır. Müəllif hüquqlarının "zibil" kimi yerlərdə süründüyü bir yerdə bu oğurluğa qarşı çıxanlara isə dəli kimi baxırlar. Məşhur atalar sözündə olduğu kimi oğrular elə bağırır ki, doğrunun bağrı yarılır...

Müəllifin fikirləri öz mövqeyini əks etdirir

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top