NAZİM MUSTAFAYEV

Uşaqların səsi

Uşaqların səsi

NAZİM MUSTAFAYEV

İsti yay günləri gəlir. Uşaqlar üçün günün qızmar vaxtında çölə çıxmaq o qədər məsləhətli olmasa da, günbatana yaxın, sərin havada küçə, məhəllə və bina önlərində ora-bura qaçışan uşaqların səsləri hər tərəfi bürüyür.

Bir neçə gün əvvəl bir dostum deyirdi: “Evimizin yaxınlığında təzə park salıblar. Uşaqları parka apara bilmirəm. Parkda pulsuz əyləncə avadanlığı yoxdur. 3 dəqiqəsi 1 manat olan maşınlara hər dəfə həyətə düşəndə uşaqları necə mindirim?”

İnsafən deyək ki, köhnə tikili binaların həyətində uşaqlar üçün nəzərdə tutulmuş əyləncə, idman və oyun avadanlıqlarına, bəziləri köhnə və qırıq olsa da, rast gəlmək olur. Ancaq yeni tikilmiş elə yaşayış kompleksləri də var ki, orada ümumiyyətllə nə məhəllə, nə də uşaqlar üçün oyun parkının izi-tozu da yoxdur. Həyətin darlığından maşının harasınısa sürtmədən girib çıxmaq da böyük məharət tələb edir.

Yeni salınmış, ya da yenidən təmir olunmuş, mütəmadi baxımı aparılan daha geniş parklara gəldikdə isə, özüm də şahid olmuşam ki, əksəriyyətində sırf uşaqlar üçün nəzərdə tutulmuş “oyun parkı” yoxdur. Olanları da pulludur.

Yazının başlığını “uşaqların səsi” qoydum. Əslində yazı başlığı “valideynlərin səsi” də ola bilərdi. Çünki bu məsələ məhz valideynlərin üzləşdiyi problemdir. Orta gəlirli ailələrin uşaqlarını pullu attraksionlara mindirməyə həftədə bir və ya iki dəfə imkanı çatır. Ancaq hər dəfə parka gələndə bunu edə bilməyən valideynlər də var! Uşaq uşaqdır. Daha əvvəl mindiyinə görə, həm də parkda uşaqlar üçün pulsuz heç nə olmadığına görə uşaq yenə həmin oyun avadanlıqlarında əylənmək istəyəcək.

Parklardakı pullu attraksionların, əyləncə qurğularının mövsümə görə hər zaman az-çox müştəriləri olur. Ancaq bu o demək deyil ki, hər kəs pullu attraksionlara möhtac qalmalıdır. Parklarda elektriklə işləməyən, baxımı cüzi xərc tələb edən əyləncə avadanlıqları və “oyun parkı” da təşkil etmək olar. Ümumiyyətlə, bu məsələyə maddi imkan aspektindən baxmaq yanlışdır. Deyək ki, cəmiyyətdə hər kəs zəngin, ya da milyonerdir. Bu zaman heç bir yerdə ödənişsiz “oyun parkı” olmamalıdır? Və ya əksinə yalnız ödənişli oyun parkları fəaliyyət göstərməlidir?

Uşaqların əylənməsi və asudə vaxtlarını səmərəli keçirməsi üçün sadə oyun avadanlıqları kifayət edir. Belə avadanlıqların baxım və təmiri üçün də böyük xərc tələb olunmur. Söhbət məhz bu cür avadanlıqlardan gedir. Əlbəttə, baxımı və təmiri xərc tələb edən attraksionların ilin bütün günləri pulsuz istifadəyə verilməsi mümkün deyil.

Əslində uşaqların əsas mənəvi qidası parkdakı pullu ya da pulsuz əyləncələr deyildir. Biz valideynlər övladlarımıza sevgi dolu həyat verə bilir, onları bu sevgi ilə böyüdürüksə, demək ki, uşaqlarımıza çox dəyərli şeylər bəxş edirik. Sağlam ailə mühitində böyümək, gözəl tərbiyə almaq, təhsil almaq, sağlam olmaq – bunlar uşaqlar üçün daha vacib məsələlərdir. Nəinki əyləncə, oyun parkı, ya da attraksionlar...

Ancaq demək istədiyim odur ki, madam, külli miqdarda vəsait xərclənərək parklar yenidən qurulur və insanların xidmətinə verilir, o zaman uşaqların da nəzərə alınması faydasız olmaz. Parkların layihəsinə “uşaq oyun park"ları salınarsa, bunu ərsəyə gətirmək o qədər də çətin olmaz. Deyirlər ki, dükana girərkən əlin cibində, cibində də pulun olmalıdır. Ancaq bu misalı insanların dincəlmək, asudə vaxt keçirmək və uşaqlarını əyləndirmək üçün gəldikləri parklara da şamil etmək olmaz axı.

Bütün parkları gəzdiyimi və gördüyümü deyə bilmərəm. Elə parklar ola bilər ki, bu yazılanlar ora şamil deyil. Əlqərəz, yazını getdiyim və bu nöqsanları gördüyüm parkları nəzərdə tutaraq yazdım.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top