ALLAHVERDİ AYDIN

Tarix ondan ibrət alanlar üçün təkrarlanmır

Tarix ondan ibrət alanlar üçün təkrarlanmır

ALLAHVERDİ AYDIN

Tarix boyu başımıza gələn bəlaların səbəbi ermənilərdən çox, özümüzdədir. Bu gün torpaqlarımızın düşmən tapdağı altında olmasının əsas günahkarlarının siyahısı tərtib olunsa əminliklə deyə bilərəm ki, ilk yerə özümüzü, ikinci yerə erməniləri yazardım. Hər zaman bu qənaətdə olmuşam ki, son 200 ildə itirdiyimiz torpaqlara görə biz özümüz də ermənilər qədər və bəlkə də onlardan daha çox günahkarıq. Bu mövqeyim kimlərinsə xoşuna gəlməyə bilər. Amma unutmaq lazım deyil ki, bu bizim tariximizdir və tarix ancaq ondan ibrət alanlar üçün təkrarlanmır. Çox təəssüf ki, son 200 ildə yaşadıqlarımız, tarixdən ibrət almadığımızı göstərir. Tarixi həqiqətləri ört-basdır eləmək, onu gələcək nəsillərdən gizlətmək bizə heç bir fayda verməz. Necə ki, verməyib də... İrəvan, Göyçə, Zəngəzur ermənilərin əlinə necə keçdi? Borçalını, Dərbəndi neçə itirdik? Cənubi Azərbaycanda yaşayan soydaşlarımız niyə İran vətəndaşları oldular? Bu tarix 70 il insanlardan gizlədildi. Nəticəsi nə oldu? Qarabağı da itirdik. Bizdən fərqli olaraq, heç bir siyasi quruluş və tarixi şərait erməniləri öz tarixi “həqiqətlərini” təbliğ etməkdən yayındırmayıb. Ermənilər heç vaxt “soyqırım” iddialarından əl çəkməyiblər və yəqin ki, bundan sonra da əl çəkməyəcəklər. Sovet hökumətinin ən “bərkgedən” vaxtında belə, ermənilər “24 aprel”i xüsusi təmtəraqla qeyd ediblər. Ötən əsrin əvvəllərində Şaumyanın quldur dəstələri xalqımızın başına hansı müsibətləri gətirdi? Bu sualın cavabını indi hər kəs bilir. Amma uzun müddət Şaumyanı ermənilərdən çox, biz sahibləndik. Heç kim bizi məcbur etmədiyi halda, biz özümüzü inandırmağa çalışırdıq ki, Şaumyan xalqımıza qarşı deyil, burjua sinfinə - müsavatçılara qarşı mübarizə aparıb. Halbuki ermənilər Qərbi Azərbaycanda həmin burjua sinfinə - daşnaklara qarşı mübarizə aparan Abasqulu bəy Şadlinskini düşmən kimi təbliğ edirdilər. Heç bir erməni şairi, yazıçısı Abasqulu bəy haqqında şeirlər, poemalar yazmayıb. Sovet Azərbaycanı üçün Şaumyan nə demək idisə, Abasqulu bəy də Sovet Ermənistanı üçün o demək idi. İndi bəziləri ortaya çıxıb etdiyimiz yanlışlıqlara bəraət qazandırır. Yanlışlıqlarımıza görə zəmanəni günahlandırmaq istəyirlər. Abasqulu bəy haqqında poema yazmayan, şəhərlərə, rayonlara, küçələrə onun adını verməyən ermənilərə Sovet hökuməti nə etdi ki?.. Hansı erməni şairi Abasqulu bəy haqqında poema yazmadığına görə təzyiqlərə məruz qaldı? O zaman biz niyə Şaumyanı milli qəhrəman səviyyəsinə yüksəldirdik? Mən başa düşə bilmirəm, bir millət nə qədər tolerant, nə qədər humanist ola bilər ki? Bütün bunlar nə qədər müsbət xüsusiyyətlər olsa belə bunun da bir həddi olmalıdır. Ermənistan Türkiyəni ermənilərə qarşı soyqırımı həyata keçirməkdə ittiham edir. Soyqırımından ağır nə ittiham ola bilər? Bu qədər dəhişətli bir ittiham qarşısında Türkiyənin humanist mövqeyi insanı sadəcə heyrətləndirir. Bu gün onminlərlə, yüzminlərlə Ermənistan vətəndaşı işləmək üçün Türkiyəyə üz tuturlar. Xatırlayırsınızsa bir-neçə il əvvəl bu faktı Türkiyənin o zamankı Baş naziri də təsdiq etmişdi. Türkiyə ona pənah gətirən minlərlə “ac-susuz” insana qarşı humanist davranmaqda haqlıdır. Hətta onlar düşmən olsalar belə. Amma bunun da bir həddi, bir ölçüsü olmalıdır. Bir anlıq təsəvvür edin ki, həmin o yüz minin içərisində Xocalıda azərbaycanlılara vəhşicəsinə divan tutan qatillər də var. Onda nə olacaq? Mən başa düşürəm ki, biz ermənilər kimi cəllad, qatil ola bilmərik. Onların Xocalıda etdiklərini biz onlara qarşı edə bilmərik. Amma bizi axmaq yerinə qoymaları ilə də razılaşmaq olmaz. Bilirsiniz də, Türkiyədə yaşayan ermənilər hər il 24 aprel tarixində İstanbul başda olmaqla, Türkiyənin bir çox şəhərlərində qondarma soyqırımının ildönümünü qeyd edirlər. Türkiyədə yaşayıb, bu ölkənin çörəyini yeyib, sonra da türkləri soyqırımında, barbarlıqda ittiham edirlər. İndi mən sizlərdən soruşuram: hansı türk Ermənistanda yaşaya-yaşaya erməniləri Xocalı soyqırımıda ittiham edə bilər? Belə bir şeyin mümkün ola biləcəyini nəyinki təsəvvür edə bilərik, heç yatsaq, yuxumuza belə girməz. Mən başa düşürəm ki, biz ermənilər kimi həyasız, ikiüzlü və qatil ola bilmərik. Amma bir şeyi başa düşə bilmirəm ki, biz düşmənimizin ERMƏNİ olduğunu niyə unuduruq ki?..

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top