ƏLİ ÇƏRKƏZOĞLU

Sil gözün yaşın, dadaşım!

Sil gözün yaşın, dadaşım!

ƏLİ ÇƏRKƏZOĞLU

Son günlər çox kövrəyəm, içimi kədər, hüzn elə doldurub ki, özümə yer tapa bilmirəm. Bəlkə də hər kəsdə olur belə hallar, hər şey adiləşir, dəyərini itirir gözlərində, durduğun yerdə darıxırsan, qalxıb harasa getmək istəyirsən və sənin üçün o "harasa"nın olmadığını xatırlayıb eləcə çökürsən dayandığın yerdə. Bir dünyada yaşayırsan ki, mərdi qova-qova namərd eləyirlar, doğulub boy atdığın torpaqlar indi ancaq xatirələrində, bir də yuxularında qalıb sənin için və yaş irəlilədikcə ora dönmək ümidlərin də sozalır. Atanın qəbrinə əlin yetmir, baş daşı qırılıbmı, qəbrin böyrünü sel yuyubmu görəsən, xəbərsizsən. Küçədə adamlara qarışıb gedirsən, kim bilir kimin içində nə seller axır. Dərdi olan dərdini, pulu olan pulunu sayır, zalım zülmündə, məzlum can hayında, hər kəs öz işində, öz niyyətinin ardında. Çağırsan hay verən, söz desən, eşidən yox.

Rəhmətlik İsa İsmayılzadə deyirdi ki:

Mən bir termos şüşəsiyəm,

Sınıb töküldüm içimə.

Sınıb içinə tökülmək bu deməkmiş yəqin. Getməyə yerin yox, durduğun yerdə dəyərin.

Çox kövrəyəm, dolmuş bulud kimiyəm. Bir yandan da bu dadaşın ölümü dağ üstünə dağ basdı. Nə üzünü görmüşdüm, nə salam verib, salamını almışdım, heç sənətinin də vurğunu deyildim, amma bilirdim ki, güvənməli, kürək söykəməli oğuldur. Bəlkə bir az yonulmamış, bir az qabadır, amma ər oğlu ərdir, sözünün ağası, haqqın köləsidir. Adam var, sirr kimidir, qırx il oturub-durursan, hələ də nə dinə qulluq elədiyini anlaya bilmirsən; adam da var, səsinin rəngindən, baxışlarından tutub içini görə bilirsən. Rəhmətlik İbrahim Ərkal mənim üçün bu qədər şəffaf adam idi. Sənətini, sərvətini, falan-filanını bir tərəfə burax, adam kimi adam idi mənim üçün. Bir dəfə söhbət əsnasında Türkiyədə oxumuş bir nəfər dedi ki, hər il onlarla imkansız tələbəyə öz cibindən təqaüd verir, nə tələbə onun üzünü görür, nə də o tələbənin. Heç təəccüblənmədim, çünki təsəvvürümdəki İbrahim Ərkal elə də olmalı idi.

Bu dünyada bu dünyadan çox-çox dəyərli, yüksək adamlar var, İbrahim də onlardan idi. Malından, pulundan, sənətindən uca adam. Şit mahnılar oxumadı, biədəb kliplərdə boy göstərmədi. Halalını, haramını Allahım bilir, təmiz bildiyi duyğularını oxudu, paylaşdı sevənləri ilə.

Bu ölüm xəbəri bizimlə Türkiyənin tək fərqinin pasportlarımızın rəngində olduğunu bir daha xatırlatdı mənə. O ağrını bütün incəliklərinə qədər iliklərimdə yaşadım. Hələ qırxı çıxmamış körpəsinin gəcənin bir aləmində oyanıb ağlamağını eşitdim sanki. Üç körpəsi, üç nişanəsi qaldı. Amma inanıram ki, Ərzurum yetimini sahibsiz qoymaz, hələ gəl ki, o yetimlər İbrahimin nişanəsi olalar. Kəndimizdə də elə görmüşdüm, yetim evin yetimi deyil, elin yetimidir. El sahib çıxır yetiminə, dəlisinə. Hər yaralar sağalacaq, ac da böyüyəcək, tox da, olan gedənə oldu.

Türkiyənin hər qarışını, hər bucağını sevirəm, amma kim nə deyir-desin, Azərbaycandan baxanda Ərzurum bir başqa görünür. Kübar yalanlardan, saxta təbəssümlərdən uzaq, bir az qaba, yöntəmsiz görünsə də özü olan, olduğu kimi də görünən, sözünün ağası, Allah deyən kimi duran, böyüyüyə ehtiram, kiçiyinə mərhəmət göstərən, dəyəri ayrılıb gedəndən sonra bilinən...

Ərzurum deyəndə adamın ağlına ilk növbədə saçı-saqqalı ağappaq, ağzı dualı kişilər, ədəb-ərkan gəlir. İnsanı da iqlimi kimi sərtdir, amma dürüstdür, mərdddir. Bu gün yas içindədir bu gözəlim diyar, bir ciyərparasını itirdi. Həm də elə bir balasını ki, bütün rənglərini, kalaritini, xarakterini ona yükləmişdi, yəni İbrahim Ərkal elə təkbaşına bir Ərzurum idi. Çağdaş Ərzurumun gözəl bir çöhrəsi, üzü idi İbrahim Ərkal. Bizdə qardaşa "qağa" deyərlər, "qaqaş" deyərlər, ərzurumlular isə "dadaş" deyirlər. Niyəsini, necəsini bilmədik, amma bir dadaş itirdik, həm də dadaş kimi bir dadaş. Duadan başqa əldən nə gəlir ki... Amma əldən, dildən gələn və duadan dəyərli bir şey də yoxdur bu yer üzündə.

Başın sağ olsun, Ərzurum! Ağla, ağlaya bildiyin qədər ağla! Bu cür qardaşın ardınca ağlamaq insanı alçaltmaz, arındırır, duruldur, bir daha Allahı xatırladır, yetər ki, kədərində boğulub üsyana sürüklənməyəsən. Allah təqsiratını əfv, məkanını Cənnət buyursun, dadaşım!

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top