NAZİM MUSTAFAYEV

Onlar...

Onlar...

NAZİM MUSTAFAYEV

Yazının başlığını əvvəla "Onlar və biz" qoymağı düşünmüşdüm. Sonra dedim ki, "onlar" elə zirvə və ideal insanlardır ki, yanlarına "biz"i əlavə etmək hədbilməzlik olar. Qoy elə "Onlar..." qalsın. Bu yazıda "onlar"dan bəhs etmək istəyirəm. Bəs "Onlar" kimdir? Onlar səhabələrdir.

İslamı ən düzgün anlayan və yaşayan insanlar arasında bir yarış keçirilsə, bu yarışın qalibləri, şübhəsiz, səhabələr olar. İslamı ən gözəl başa düşən şəxslər deyiləndə kimimizin ağlına Geylani, İmam Rabbani, Qəzzali, Mövlana və s. alimlər gələ bilər. Sözsüz ki, bu və digər alimlər yaşadıqları dövrlərə görə İslamı ən yaxşı başa düşən dahi insanlar idi. Onlar çox dəyərli işlər görmüş, qiymətli əsərlər yazmışlar. Ancaq bu yarışda səhabələrə çatmaq və ya onları keçmək qeyri-mümkündür. Səhabələr sonrakı dövrlərdə yaşayan İslam alimləri qədər əsər yazmamışlar. Ancaq misilsiz həyatları ilə minlərlə əsərə, yüzlərlə alimə ilham mənbəyi olmuşlar.

Bir ayna böyüklük dərəcəsinə görə, günəşdən gələn şüanı əks etdirir. Səhabələri də aynaya bənzədə bilərik. Onlar da Peyğəmbərimizdən aldıqları mənəvi işığı bizə əks etdirirlər. Sanki hər bir səhabənin mənəvi "aynası"nda Peyğəmbər "günəşi"ndən bir parça var. Səhabə "aynası"nın dəyəri məhz Peyğəmbər "günəşi"ndən əks etdirdiyi işıqla ölçülür.

Əslində səhabələr də bizim kimi insanlar idilər. Fitrətcə digər bəşər insanından fərqlənmirdilər. Onları o uca məqamlara yüksəldən məhz səhabə olmaqdı, yəni Rəsulullahla həmsöhbət olmaq, dini birbşa Ondan öyrənməkdi.

Mücərrəd şəkildə inandığımız məsələlərə səhabələr birbaşa müşahidə edərək iman edirdi. Allah Rəsulunu görməklə, dini, imanı Onun yanında qavramaqla Onu əsrlər sonra kitablardan oxuyaraq öyrənmək, anlamağa çalışmaq arasında hər halda dağlar qədər fərq var.

Uca dinimiz İslamın ilk müxatəbləri sahəbələr olduğu üçün onların hər hansı Quran ayəsinin, Peyğəmbər kəlamını necə anladıqları sonrakı alimlərin maraq dairəsində olmuşdur. Sanki rəssam bir fırçadan gözəl rəsm əsəri çəkmək üçün istifadə etdiyi kimi, səhabələr də gözəl bir iş üçün seçilmiş və istifadə edilmişlər. Cənab Allah onları son Peyğəmbərinin dostları və İslamın ilk müxatəbləri kimi seçib ucaltmışdır. Hökmü qiyamətə qədər davam edəcək ilahi bəyanlar məhz onların həyatında baş verən hadisələrə görə nazil olmuşdur.

Müasir dövrdə bir insan İslam haqqında məlumat almaq üçün heç olmasa bir neçə səhih kitab oxumalıdır. Bu insan qərb ölkələrinin birində yaşayır və İslam haqqında qərəzli məlumat yayan mətbuat orqanlarının təsiri altındadırsa, o zaman məsələ bir az da çətinləşir. Görün, həmin insan İslamla və Peyğəmbərimizlə tanış olmaq üçün nə qədər əngəlləri aşmalıdır.

Həzrət Peyğəmbər dövründə də sırf yanlış yanaşmaları ucbatından gerçəyi görə bilməyən və "yaxınlıq korluğu" ilə üzləşən insanlar var idi. Onlar Həzrət Peyğəmbərə iman etmədiyi üçün onu əlli min dəfə görmüş olsalar da, səhabə sayılmırlar. Ancaq Peyğəmbərimizin zamanında yaşayan və Ona iman edən insanlar, yəni səhabələr üçün elə bir mənəvi tərəqqi qapıları açılırdı ki, bir səhabənin çatdığı məqama ancaq başqa bir səhabə çata bilərdi.

Ayə və hədisləri ilk dəfə səhabələr başa düşmüş, ilk dəfə ilahi kəlam və peyğəmbər sözü ilə onlar tanış olmuş, Rəbbin və Peyğəmbərin buyruqlarına ilk dəfə onlar əməl etmişdilər. Vəhyin gəlişinə şahid olmuş, ən önəmlisi də kamil rəhbərin - Son Peyğəmbərin tələbələri olmuşlar.

Bu gün "Kəbə harda yerləşir?" sualına cavab verə bilməyən, Cənab Allaha dua eləməkdənsə, pirlərdən mədəd uman o qədər insan var ki... Bu cür insanların din anlayışı ilə səhabələrin din anlayışını müqayisə etmək hər halda doğru olmaz.

İnsanın ağlına gələ bilər ki, səhabələr ətraf qəbilə və bölgələrdən Mədinə şəhərinə gəlmiş, Peyğəmbərimizlə görüşmüş, Ona iman edərək müsəlman olmuşlar. Sonra da öz qəbilələrinin yanına gedərək orada yaşamış və orada vəfat etmişlər.

Ancaq məsələ təkcə bundan ibarət deyil. Səhabələrin Həzrət Peyğəmbərdən aldıqları böyük mənəvi güc mərkəzdənqaçma qüvvəsinə çevrilib onları ilahi bəyanları dünyanın dörd bir yanına aparmağa sövq etmişdir. Bu gün Çində, İstanbulda, Şamda, Bağdadda, Afrikanın bir sıra ölkələrində və digər şəhərlərdə səhabə qəbirlərinin olması da məhz bunun göstəricisidir.

Səhabələri nə qədər yaxşı tanısaq, uca dinimiz İslamın insan üzərindəki təsirini bir o qədər daha yaxşı anlamış olarıq. Gəlin biz də səhabələri tanıyaq. Onları özümüz üçün nümunə şəxslər bilək.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top