ƏLİ ÇƏRKƏZOĞLU

14 yaşın dərdi

14 yaşın dərdi

ƏLİ ÇƏRKƏZOĞLU

Son vaxtlar xəbər portallarında hər gün orta hesabla 2-3 intihar xəbəri oxuyuruq. Hər rayondan, hər yaşdan, hər təbəqədən insanlar öz canına qıyır. 86 yaşlı qoca da intihar edir, 14 yaşlı yeniyetmə də, borc batağında boğulan keçmiş biznesmen də öz canına qıyır, ailə yükünü çəkə bilməyən valideyn də, təqaüdə çıxmış polis də özünü asıb öldürür, imtahandan lazım olan balı toplaya bilməyən abituriyent də. Nə olub bizə, həyat niyə bu qədər çəkilməz, insan niyə bu qədər kövrək, qorxaq olub belə?

İnanmırsınızsa, hər səhər özünüz xəbər portallarına nəzər salın. Xəbərlərin yarıdan çoxu kriminal xarakterlidir. 86 il ömür sürmüş birisinin öz canına qıyması sadəcə dəhşətdir. Bu gün ölkəmizdə 86 yaş yaşamaq az adama nəsib olur. Demək, elə yaxşısı budur ki, üzü sulu ikən ölüb gedəsən. Bəs harda qaldı bizim ailə dəyərlərimiz? Hanı bizim böyüyə hörmət, ehtiram qanunlarımız? Görün o yaşda insanı nə hala gətiriblər ki, bu addımı atıb?

Son günlərin ən üzücü xəbəri, heç şübhəsiz, Xızı rayonunun Sitalçay kəndində 2003-cü ildə anadan olmuş Rüfət Bayramovun özünü asaraq öldürməsi oldu. Onu da deyim ki, bir çox xəstəliklərin yaşı kiçildiyi kimi, məktəblilər arasında intihar hadisəsi də artıq qeyri-adi bir şey deyil. Əgər xatırlayırsınızsa, bir qədər əvvəl İsmayıllıda ailəsi məktəbli forması ala bilmədiyi üçün 12 yaşlı İsmət Əsədov da canına qıymışdı. Hər kəs bu fikirlə razılaşar ki, bu cür intihar hadisələrinin hamısı ictimailəşdirilmir, yəni bir çoxu elə yerindəcə başqa adla ört-basdır edilir.

Qayıdaq Xızıdakı intihar hadisəsinə. Rüfətin təhsil aldığı məktəbin direktoru mərhum şagirdi haqqında deyib ki, çox tərbiyəli və hissiyyatlı uşaq imiş, Dərslərini də yaxşı oxuyurmuş, bir dənə də "üç"ü olmayıb. Bəs bu qədər tərbiyəli, savadlı bir yeniyetməni öz canına qıymağa vadar edən səbəb nədir görəsən? Uşaq nə qədər ağrı, üzüntü yaşayır ki, canını qurtarmaq üçün bu yola baş vurur?

Uşaq intiharı cəmiyyətdə böyük problemlərdən xəbər verir və ən qısa zamanda bu mövzu ilə bağlı dövlət səviyyəsində tədbir görülməlidir. Bildiyimə görə, məktəblərdə psixoloq ştatları ya boş qalır, ya da direktorun hansısa qohumunun adı ora yazılır ki, burada belə bir şəxs var. Məktəblərdə psixoloqlara geniş yer ayırılması artıq zərurət kimi cəmiyyətimizin qarşısında durur. Həm də sözün həqiqi mənasında məktəblini danışdıra, onun iç dünyasına yol tapa, özünü ona sevdirə bilən psixoloqları nəzərdə tuturam. Yəqin ki, Təhsil Nazirliyi bu məsələ ilə bağlı ciddi qərarlar qəbul edəcək. Harada, hansı şəraitdə baş verməsindən asılı olmayaraq bir məktəblinin intiharı bütün təhsil sistemi üçün dəhşətli hadisə hesab olunmalı və ciddi tədbirlər görülməlidir.

Elə düşünürəm ki, məktəblərdə zəruri dini bilgilərin tədrisi də bu məsələdə həlledici rol oynaya bilər. Təhsil sistemimizdə elə şəxslər var ki, hələ də həyata sovet pedaqogikası ilə baxır, insanın meymundan əmələ gəldiyinə inanırlar. Əlbəttə, belələri din, İslam adını eşidəndə qəzəbindən ağzı köpüklənir. Amma hara dönürsən-dön, hara baxırsan-bax, Allahın kitabından dəyərli, etibarlı mənbə tapa bilməyəcəksən. Mən tam səmimiyyətlə deyirəm ki, bu gün cəmiyyətimizdəki problemlərin kökündə duran əsas məsələ bizim doğru-düzgün dini anlayışa sahib ola bilməməyimizlə bağlıdır. Din deyəndə çoxlarının ağlına ölü yeri, yas mərasimləri gəlir.

Orta məktəbdə şagirdə bilik verməklə yanaşı onu həyata hazırlayan, şəxsiyyət kimi yetişdirən, özünə hörmət hissi aşılayan, ətrafına dəyər verməyi öyrədən fənlərin tədrisinə böyük ehtiyac var. Heç şübhəsiz ki, bu fənnin əsas qaynağı Allahın kitabı olmalı və ən gərəkli həqiqətlər ən anlamlı şəkildə başa salınmalıdır.

Balalarımız canına qıyır, körpələrimiz boynuna kəndir keçirməklə yaşadığı stresdən, üzüntüdən qurtarmaq istəyirlər. Nə zaman tədbir görəcək, nə zaman hesabat vermək üçün deyil, məsələni kökündən həll etmək üçün addmlar atacağıq? Bir balamız getdi, başa düşürsünüz, cənablar, 14 yaşlı bir körpəmiz canına qıydı, heç 14 yaşı da tamam olmamışdı.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top