NAZİM MUSTAFAYEV

İynə dəliyindəki heykəl

İynə dəliyindəki heykəl

NAZİM MUSTAFAYEV

Sizcə, paltarın söküyünü tikmək üçün istifadə edilən bir iynənin nə qədər dəyəri ola bilər? Ya da adi bir iynəni öz dəyərindən min dəfə baha qiymətə satmaq olar? Ümumiyyətlə, iynə dənə-dənə deyil, dəst şəklində satılır. Bir iynənin çox bahalı olması üçün gərək bir sənətkarın əlində işlənsin, sənətkarın ruhundan axıb gələn mənaları əks etdirsin. Ancaq bu zaman adi dəmir iynə dəyərli bir sənət əsərinə çevrilər. Məsələn, Vilar Viqın (Willard Wigan) iynə dəliyində əsərlər meydana gətirən məşhur heykəltaraşdır. Bizim pulla qutusu əlli qəpik olan iynələr onun əlində muzeylərdə sərgilənən qiymətli sənət əsərinə çevrilir. Bir də, onun əsərləri o qədər kiçikdir ki, ancaq mikraskopla baxmaq olur. Bu yazıda Vilar Viqını tanıtmaq niyyətində deyiləm. Gəlin əsas mətləbə keçək...

O qədər dəyərsiz kimi görünən əşya və metallar var ki, sənətkar onu qızıl, gümüş və almazdan daha dəyərli hala gətirir.

Gəlin bir də, dağları, çayları, canlıları, təbiəti özünə ram edən biz insanlara, yəni özümüzə nəzər yetirək. Uca Allah yaratmasaydı, bizim nə dəyərimiz olardı? Dəyərimiz bir yana, heç özümüz də var olmazdıq! Bədənimizdəki bütün elementlər təbiətdə mövcuddur. Ancaq insanın dəyərini bu elementlərin toplam dəyəri ilə ölçmək doğru deyil. İnsanı dəyərli edən, onu meydana gətirən bu elementlər deyil, əsl sənətkar olan Cənab Allahın yaratmış olmasıdır.

Bəzi insanlar sənət əsəri ortaya qoymağı nəyi isə yaratmaq, ya da yoxdan var etmək hesab edirlər. Əslində isə bu belə deyil. Yoxdan var eləmək yalnız Cənab Allaha məxsus bir sifətdir. İslama görə sənətkar gözəlliyi yaradan deyil, onu kəşf edəndir. Hər hansı sənətkarın ortaya qoyduğu sənət əsərləri ilə Allahın yaratdıqlarını müqayisə etməsi yanlış bir düşüncə sayılmışdır. İslamda sənət, onsuz da var olan bir gözəllik və xüsusiyyətin başqa bir üslubda və şəkildə ifadə olunmasıdır. Hər bir sənətkar yalnız potensial olaraq təbiətdə var olan bir şeyi ortaya qoya bilər. Əks halda yoxdan var eləmək insanın elm və iradəsinin fövqündədir.

Qəzzali: "Var olandan daha gözəlini ortaya qoymaq imkansızdır" deyir. Həmçinin Qəzzali gözəllik deyəndə ağıllarına yalnız qadın gözəlliyi gələnləri də qınayırdı. Ona görə təbiətdəki gözəllikləri seyr etmə, su şırıltısını dinləmə və bunlardan duyulan həzlər də bir gözəllikdir.

Bir usta taxtadan stol, stul və s. düzəldə bilər. Çünki taxtada bunları düzəltmək üçün potensial var. Ancaq taxtadan bir komputer, ya da telefon düzəldə bilməz. Çünki onda belə bir potensial yoxdur. Mikelancelo əlinə çəkic alaraq bir heykəl yonanda mərmər parçasında potensial olaraq nə varsa, onu ortaya çıxarırdı.

Sənətkarın fırça ilə çəkdiyi, qələmlə yazdığı, çəkiclə yonduğu, daşla tikdiyi sənət əsəri kainatın başlanğıcından bu yana potensial olaraq təbiətdə vardır. Sadəcə o gözəl əsərləri kəşf edib ortaya çıxarmaq lazımdır.

Əl-Hamra sarayında istifadə olunan qırmızı torpaq, bəlkə də, İspaniya dağlarında yüz illər boyu var idi. Ancaq o qırmızı torpaq əl-Hamra sarayı olmaq üçün sənətkar və ustanın işə başlamasını gözləməli idi.

Nizami Gəncəvi "Xəmsə"ni yazmazdan yüz illər əvvəl də hərflər və əlifba var idi. Ancaq "Xəmsə"nin ortaya çıxması üçün dahi Nizamini gözləmək lazım olacaqdı.

Lao Marinoff da sənətkara ilham mənbəyi olan bu potensial güc və onun kəşf edilməsi barədə belə deyir: "Heç kimin görmədiyini görsəniz, eşitmədiyini eşitsəniz, bunları da bir film ya da simfoniyaya çevirsəniz, o zaman böyük ehtimal bir rejissor, ya da musiqiçi olarsınız".

Bir sözlə, bir şeyi görməmək onun orada olmadığı mənasına gəlmir.

Başlanğıcda bir atəş topuna bənzəyən Yer planetindəki bugünkü gözəlliklərin mənbəyi nədir? Desək ki, insan əli ilə xariqələr meydana gəlir. Gözəlliyin mənbəyi də məhz insandır. Bu zaman bir məqamı yaddan çıxarmış olarıq. İnsan gördüklərinin, eşitdiklərinin, hiss etdiklərinin sintezinden bir sənət əsəri ortaya çıxara bilər. Ancaq görmək üçün işığı, eşitmək üçün səsi, hətta gözü, qulağı və hiss etmə duyğusunu insan özü, öz səyi ilə əldə etməyib! Bu zaman aydın olur ki, kainatdakı bütün gözəlliklərin mənbəyi bunları yoxdan var edən Cənab Allahdır. Əlinə fırça, qələm, ya da çəkic alaraq öz sənət əsərini ortaya qoymağa çalışan sənətkar bunu bilsə də, bilməsə də, həqiqət yenə dəyişmir...

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top