NAZİM MUSTAFAYEV

Qəriblik

Qəriblik

NAZİM MUSTAFAYEV

"Qərib" sözü, yad yerdə olma, kimsəsizlik, təklik, sayılmamaq, əhəmiyyət verilməmək, etina etməmək kimi mənalara gəlir. "Qərib" sözünü Qurana şamil etsək, hansı mənaya gələr? Ümumiyyətlə, bu sözü Qurana şamil etmək olarmı? Ayə və hədislərdə Quranın "qəribliyi" barədə nə deyilib? Yazıda bu suallara cavab verməyə çalışacağıq.

Hədisdə buyurulduğu kimi bütün insanlar Allaha ibadət etsə, Cənab Allahın ucalığına, əzəmətinə heç nə əlavə olunmaz. Həmçinin bütün insanlar Allahı inkar və üsyan etsə, yenə də Cənab Allahın əzəmət və ucalığına bir xələl gəlməz. Burada qazanan da, itirən də yalnız insandır.

Bunun kimi Quranın buyuruqlarına əməl etməklə, onu oxumaqla, başa düşməklə İlahi kəlama fayda vermiş olmuruq. Ya da insanlar Qurana əməl etməməklə, onu başa düşməməklə İlahi kəlama heç bir zərər vermirlər. Yenə qazanclı çıxan da, itirən də yalnız insandır.

Quran həkimin xəstəyə yazdığı resept kimidir. Xəstə həkimin yazdığı dərmanları qəbul etmirsə, bunun həkimə bir ziyanı dəymir. Reseptə əməl etməmək məhz xəstənin zərərinədir.

İnsanın qaranlıqdan çıxmaq istəməməsi işığa "saymazlıq", "hörmətsizlik" deyildir. Burada insan yalnız özünü işıq və nurdan məhrum etmiş olur. Quran da bir işıq və nurdur. Müqəddəs rəhbərdir. İnsanların ondan uzaqlaşması, onu anlamaması, anlamaq istəməməsi əslində özlərinə ziyandır.

İlahi kəlam olan Qurani-Kərim zaman və məkandan asılı olmayaraq, bütün insanların rəhbəridir. Yəni hər dövrdə və hər yerdə insanlara haqq yolu göstərir. Toplum və insanların bu qüdsi kitabdan xəbərsiz yaşaması ucsuz-bucaqsız səhraya bələdçisiz çıxması kimi bir şeydir.

Bəzən başqa din və inanca mənsub insanlar və cəmiyyətlər Qurana müraciət etmədən, ilahi kəlamdan xəbərsiz olaraq ağıl və elmin yolu ilə bəzi Quran həqiqətlərini tapır və bir həyat prinsipi kimi seçirlər. Bu, Uca Allahın göndərdiyi ilahi kəlam ilə Onun yaratdığı ağıl və təbiət qanunları arasında heç bir təzadın olmadığını göstərir.

Təsəvvür edin ki, yaxın dostunuza qədimi bir qol saatını hədiyyə etmisiniz. Bir gün onun evinə qonaq gedəndə həmin qol saatını balaca uşağın oyuncaqları arasında görürsünüz. Bu dəyərli saat adi oyuncaqların içində "qəribliyə" düşüb sanki. O an hansı hisləri keçirərdiniz? Hər halda bir hədiyyənin dəyərsiz əşya kimi oyuncaqların içinə atılması onu verən insanı məyus edər. Bəlkə də, dostuna məzəmmət edər ki, axı o dəyərli saatı adi bir əşya kimi yerə atmaq laqeydlikdir! Bu biganəliyi o hədiyyəni verən şəxsə hörmətsizlik də saymaq olar.

Gəlin bu müqayisəni Qurana da şamil edək. (Təbii ki, istənilən müqayisə və bənzətmə nisbi xarakter daşıyır). Cənab Allah bu ucsuz-bucaqsız kainatda, bu saysız-hesabsız canlılar arasında yalnız insan övladına xitab edib. Özünü yalnız insanlara tanıdıb. İnsanlar arasından peyğəmbərlər seçib, ilahi kəlamını onlar vasitəsilə insanlara göndərib. Bütün bunlara baxmayaraq, Quranın insanlar, ələlxüsus da möminlərin arasında "qərib"liyi qəflət, qədirbilməzlik və biganəliyin əlamətidir.

Bəs, görəsən, bu qəribliyi necə ortadan qaldırmaq olar? Bunun əlac və çarəsi var? Düzdür, Quranı gül qoxulu ipək parçalara bükərək evin ən əlçatmaz yerində saxlamaq, onu hər dəfə götürəndə öpüb alına qoymaq ona ehtiram əlamətidir. Ancaq əsl ehtiram Quranın hər sözünü, hər ayəsini, hər buyuruğunu məkkəlilərə, mədinəlilərə, səhabələrə, Ad və Səmud qövmünə deyil, birbaşa özümüzə, şəxsimizə xitab edirmiş kimi oxumaqdır. Bu mövzuda səhabələr və böyük İslam alimləri bizə yol göstərir. Onlar münafiqlər və kafirlər haqqında nazil olan ayələrin belə, özləri haqqında endiyini düşünər və bu ayələri oxuyarkən tir-tir titrəyərdilər. Ömrün aqibəti, son nəfəsin aqibəti məchul olduğu üçün doğru olan da bu deyilmi?

Quran ayəsində buyurulduğu kimi, Peyğəmbərimiz (s.a.v) axirət günü Allaha bu cür buyuracaq: "Ey Rəbbim! Həqiqətən, qövmüm bu Quranı tərk etmişdi!" (Furqan, 25/30) Əsl "qəriblik" dünyada ilahi kəlamdam uzaq yaşadığı üçün insanın sabah Haqqın divanında "qərib" qalmasıdır. İnsanlar arasında Quranın "qərib" qalması nisbi mənadadır. İlahi buyruqlardan xəbərsiz olmaq, Yaradanın nə istədiyini bilməmək - əsl "qəriblik" və əsl məhrumiyyət məhz budur.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top