ALLAHVERDİ AYDIN

Yəni siz bu qədərmi fədakarsınız...

Yəni siz bu qədərmi fədakarsınız...

ALLAHVERDİ AYDIN

Məsləhət vermək bəzilərimiz üçün artıq ciddi məşğuliyyətə çevrilib. Günümüzün müəyyən saatlarını başqalarına məsləhət verməklə keçiririk. Tanıdıq tanımadıq fərqi yoxdur, xoşumuza gəlməyən məqamla rastlaşan kimi başlayırıq məsləhət verməyə. Yəqin ki, sizlərdə belə hallarla dəfələrlə rastlaşmısınız, yaxud da elə siz özünüz kiməsə məsləhət vermisiniz, kimdənsə də məsləhət almısınız. Məsələn, ötən gün avtobusda yaşlı bir kişi ilk dəfə gördüyü cavan oğlana irad bildirirdi ki, niyə bu qədər kökdür. Yaşlı kişi iradlarını bildirdikdən sonra arıqlaması üçün cavan oğlana öz məsləhətlərini verməyə də unutmadı. Yolda tanımadığınız birindən gedəcəyiniz ünvanı soruşun. Əmin olun ki, həmin şəxs ünvanın yerini tərif etməklə kifayətlənməyəcək. Sizə həmin ünvana necə getmək lazım olduğunu da məsləhət görəcək. Şəxsən özüm dəfələrlə belə vəziyyətlə üzləşmişəm. Ünvan soruşmuşam, sağ olsunlar, hansı istiqamətə gedəcəyimi göstəriblər. Ardınca dərhal əlavə ediblər: "Piyada getməyiniz məsləhət deyil. Avtobusla getsəniz daha yaxşı olar". Halbuki həmin adamdan yalnız gedəcəyim ünvanın istiqamətini soruşmuşdum. Bilirəm adətən belə vəziyyətlərdə oxucular adama sual verirlər: "Məsləhət verməyin nəyi pisdir?" Əlbəttə, başqalarına məsləhət verməyi qəbahət hesab etmirəm. Başqalarına məsləhət vermək əslində çox xeyirxah əməldir.

Lakin, məsələnin acınacaqlı tərəfi odur ki, bir çox hallarda başqalarına məsləhət gördüklərimizi özümüzə yaxın buraxmırıq. Bu təkcə düşdüyümüz acınacaqlı durumdan xəbər vermir. Bu, eyni zamanda çox iyrənc bir mənzərə və ardınca da cəmiyyətdə çox ciddi sosial-psixoloji problemlər yaradır. Təsəvvür edin ki, rüşvət alan biri keçib öz halal əməyi ilə dolanan birinin qarşısına dürüstlükdən, doğruluqdan dəm vurur. Belə mənzərəni təsəvvür etmək belə adamda ikrah hissi yaradır.

Və belə mənzərə ilə artıq hər gün, həm də dəfələrlə qarşılaşmağa başlamışıq. Bu cür iyrənc mənzərəni normal qəbul etməyə başlayan insanların sayı da sürətlə artmağa başlayıb. Qeyri-səmimi, ikiüzlü, yalançı insanların və onların bu iyrənc əməllərinə etiraz etməyənlərin sayı artıqca cəmiyyətdəki problemlər də dərinləşməyə başlayır.

Hər gün "Facebook" səhifəsində yeyib-içmək səhnələrini, paylaşan və daha sonra kasıblara, aclara yardım etməyin vacibliyindən danışan nə qədər saxtakar var aramızda?

Sabah Aprel döyüşlərinin 1 ili tamam olur. Gəlin səmimi olaq, səhərdən axşama kimi vətən, millət, Qarabağ deyən vəzifə sahiblərini, imkanlı şəxsləri sabah müharibə olsa ön cəbhədə görmək mümkün olacaqmı? Sizi bilmirəm, amma mənə elə gəlir ki, görə bilməyəcəyik. Şəhid olanların tərcümeyi-halına baxın. Hansının ailəsi imkanlıdır? Hansının valideyini vəzifə sahibidir?

Siz indiyə kimi cəbhədə şəhid olan yüksək çinli məmur övladına rast gəlmisiniz. Nəinki şəhidinə, heç yüngül xəsarət alanına da rast gəlməmisiniz. O zaman niyə başqalarına vətəni necə müdafiə etməyin yollarını göstərirsiniz, məsləhətlər verirsiniz. Özünüzə arzulamadıqlarınızı niyə başqalarına arzulayırsınız?

Yoxsa siz demək istəyirsiniz ki, məsləhətlərimizinn özümüzə faydası yoxdur, heç olmasa başqalarına faydası olsun... Yəni siz bu qədərmi fədakarsınız...

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top