NAZİM MUSTAFAYEV

Əhli-beyt

Əhli-beyt

NAZİM MUSTAFAYEV

Jozef Göbbels Hitlerin Xalqı maarifləndirmə və təbliğat naziri idi. O belə deyirdi: "Söylədiyiniz yalan nə qədər böyük olsa, bir o qədər təsirli olar..." Başqa yerdə isə: "Bir şeyi nə qədər çox təkrar söyləsəniz, insanlar bir o qədər çox inanarlar" demişdi.

Bilmirəm, Jozef Göbbelsin bu "qiymətli kəlam"ı Hitlerdən sonra kimlərə, kimlərə "yol göstərəcək", "ilham verəcəkdi". Ancaq tarixə nəzər salanda bu şüarın əsrlərlə əvvələ gedib çıxdığını görmək olar. Hər halda Jozef Göbbels ən yaxın dostu və füreri Hitlerə məsləhət verməzdən əvvəl araşdırmalar aparırdı. Görəsən, Göbbels bu araşdırmalar zamanı xəlifə Yezidin və bəzi Əməvi xəlifələrinin əməllərinə "rast gəlmişdi?"

Əməvilər və Abbasilər zamanında fəthlər sürətlə davam etsə də, İslamın ən dəyərli alim və dahi şəxsiyyətləri o dövrdə yaşasa da, sanballı əsərlər ortaya qoysa da, nəcib və pak bir nəsil maddi-mənəvi zülmə məruz qalırdı. Haqsız ittiham və iftiralara məruz qalma, cəmiyyətə zərərli insanlar kimi qələmə verilmə, dəyərsiz və kiçik görülmə, etibardan salma, sürgün və s...

Bu kimi zülmlər bəşər tarixinin başlanğıcından bu yana bir çox insanların, müəyyən zümrələrin, ya da toplumların başına gəldiyi kimi, Peyğəmbər nəsli Həzrət Əli və Fatimə övladlarından da yan keçməmişdir.

Əməvi və Abbasi xilafəti dövründə Əhli-Beyt nəslindən olanlar hakimiyyət üçün təhdid sayılır, onlar daim nəzarət altında saxlanılır, bütün fəaliyyətləri izlənirdi. İqtidarın bu ifrat narahatlığı Əhli-Beyt nəslinin İslam dünyasının müxtəlif diyarlarına köçməsinə səbəb olmuşdu.

Peyğəmbərimizin pak nəsli cəmiyyətin alim və abidləri idilər. İnsanlar onları qəlbən sevirdi, onların yerdən göyə qədər günahsız olduqlarını bilirdi. Ancaq qəlbdəkini büruzə vermək, hayqırıb haqqı demək, onları müdafiə etmək cəsarət tələb edirdi. Çünki bu cəsarət baha başa gələrdi: şallaq cəzası, işgəncə, təcrid, sürgün və s. Bütün bunlara baxmayaraq, haqsızlığı görən və göz yummayan alimlərin hayqırtısını eşidirik o illərdə.

Əhli-beyti müdafiə etdiyi üçün Yəməndən xəlifənin hüzuruna ayağı qandallı gətirilən İmam Şafei, Əbu Hənifə, Əhməd ibn Hənbəl kimi yüzlərlə İslam alimi o nəcib və pak Peyğəmbər nəslinin, o saf və təmiz insanların müdafiəsinə qalxmışdı. Bu səbəblə də, həbsə atılmış, şallaqlanmış, zülmə məruz qalmışdılar. Düzdür, İslam böyükləri şəxsi fikir və mülahizələrinə görə də xəlifələrin qəzəbinə tuş gəlirdilər. Ancaq birinci dərəcəli qəzəb və kinin ünvanı dəyişməz qalırdı: o nəcib insanlar bəzi xəlifələrin "günahkar" damğası ilə damğalanmaqdan qurtula bilmirdilər.

Onlar haqqında deyilənlər necə böyük yalan, necə böyük böhtan idi. Sanki Göbbels "böyük yalan" uydurmağı, yalan təbliğatla insanları aldatmağı, haqqı ayaq altına atmağı özündən əsrlərlə əvvəl yaşamış Yezidlərdən öyrənmişdi.

Görəsən, zülmə məruz qalan o nəcib insanlar iftira dolu sözləri, haqsız ittihamları eşidəndə hansı hissləri keçirirdi? Sümüklərinə, iliklərinə qədər hansı acıları hiss edirdi? Görəsən, məsum və günahsız ola-ola təhqir eşitmək necə hiss idi? Görəsən, öz-özünə "bu gün də o yalan və böhtanlar söylənəcəkmi?" sualını vermək necə hiss idi? "Görəsən, hər dəfə təkrarlanan o ağ yalanları eşitməmək üçün neyləməli idilər?"

Nəhayət, Əhli-Beytdən bir çox insan zülm ucbatından doğma torpaqlarını tərk etdi, Yezidlərdən, Haccaclardan qaçaraq ucqar bölgələrə üz tutdu. Əhli-beyt və davamçıları Rəsulullahın yolunu tutmuş, Onun kimi hicrət etmişdilər. Qurani-Kərimdə zülm və işkəncə görə-görə hicrət etməyən möminlər qınanmışdı: "Allahın torpağı geniş deyildimi ki, siz də hicrət edəydiniz?" (Nisa, 4/97).

Cənab Allah, bu dini bütün bəşəriyyətə onların babaları Həzrət Muhamməd ilə göndərmişdi. Ancaq Son Peyğəmbərin (s.a.v) nəcib və təmiz nəsli taxt-tac hərislərinin min bir zülmünə məruz qalmış, hər cür cəfaya qatlanmışlar. Yaşananlar onu göstərirdi ki, Əhli-Beyt nəsli mənəvi bir səltənətə namizəd idilər. Dünya səltənəti ilə mənəvi səltənətin eyni anda cəm olması müşkül məsələdir. Dünyaya qarşı qəlbən əlaqələrinin kəsilməsi üçün Cənab Allah onları dünyadan küsdürdü, dünyanın çirkin üzünü onlara göstərdi. Onların əlləri müvəqqəti olaraq və zahirən bir səltənəttən çəkildi. Ancaq buna qarşılıq daimi bir mənəvi səltənətə təyin edildilər. Bir iki şəhərin valisi olmaq yerinə böyük övliyalar zəncirinin başlanğıcı və piri oldular.

Zənnimcə, Bibiheybətdə və İmamzadədə (Gəncə) Əhli-Beyt nəslindən gələnlərin qəbrinin olması bu hadisələrlə də bağlıdır. Xilafət mərkəzindən kənar yerlərə sürgün edilən, ya da zülmdən qurtulmaq üçün buralara gələn Peyğəmbər nəslinin nümayəndələri bu torpaqlarda yaşamış, bu yerlərdə İslamın gözəlliklərini yaymış, neçə-neçə insanın imana gəlməsinə vəsilə olmuş və bir daha geri dönməmişlər.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top