NAZİM MUSTAFAYEV

Bəsirət gözü

Bəsirət gözü

NAZİM MUSTAFAYEV

Gəlin hündür dağ zirvəsi, ya da şəhərdəki ən hündür bir göydələnin sonuncu mərtəbəsindən görünən mənzərəni düşünək... Bir də sıx ağaclıq və meşəlikdən, ya da məhz həmin göydələnin birinci mərtəbəsindən görünən mənzərəni... Hündür dağ zirvəsindən eyni anda bəzən bir neçə kəndə və ya bir neçə şəhərə də tamaşa etmək olar. Göydələnin sonuncu mərtəbəsindən də şəhər sanki əlin içindəymiş kimi görünür. Sıx meşəlikdə ya da bir küçədə dayanan zaman isə bəzən insan heç 50-100 metr önünü görə bilmir.

Bəs görəsən, göydələnin sonuncu mərtəbəsi, ya da hündür dağ zirvəsindən ətrafı seyr etməklə yazının başlığında ki "bəsirət gözü" arasında nə əlaqə var? Məgər bəsirət gözünün "hərəkətə keçməsi" üçün hündür məkanlara çıxmaq lazımdır?! Ya da qarşısında geniş bir mənzərə yoxdursa, insan bəsirət gözü ilə ətrafı seyr edə bilməzmi?! Əşya və hadisələrə bəsirət gözü ilə nəzər yetirmək qismən göydələnin sonuncu mərtəbəsi, ya da hündür dağ zirvəsindən ətrafı seyr etməyə bənzəyir. Ancaq bir məsələ var ki, məhz insanın bəsirət gözünün açıq olması üçün elə də hündür yerlərə çıxmağa ehtiyac yoxdur.

Bəsirət lüğət kitablarında, "qəlb gözünün açıqlığı, idrak genişliyi, hələ başlanğıcda ikən nəticəni görüb sezmə, sabahları bu günlə bərabər dəyərləndirmə və təhlil etmə bacarığı" mənalarına gəlir. Həmçinin bəsirət gözü ilə baxmaq insana hadisələrin ən qarışıq və ən qaranlıq zamanlarında belə doğrunu yanlışdan, yaxşını pisdən ayırd etmə qabiliyyəti verir.

Bəsirət gözü ilə əşya və hadisələri təhlil etmək, eyni zamanda həm insanın haqqı və həqiqəti tapması, həm də başqalarını da haqq və həqiqətlə tanış etməsi mənasına gəlir. Əşya və hadisələrə bəsirət gözü ilə baxa bilməyənlərin doğru qərarlar verməsi də mümkün deyil.

Varlıqlara sadəcə fikizi gözləri ilə baxanlar, aləmi gözlərinin əhatə etdiyi ölçüdə görərlər. Ancaq əşyaya bəsirət gözü ilə baxanlar, arının çiçəklərdən nektar topladığı kimi, onlar da hər şeydən bal və şərbət misalı mənalar çıxararlar.

Bir Quran ayəsində belə buyurulub: "Əlbəttə, bəsirət sahibləri (düşünüb-daşınanlar, işin özünü qavraya bilənlər, dərin qavrayışa sahib olanlar) üçün, sözsüz ki, neçə-neçə ibrətlər vardır!" (Hicr, 15/75) Bu ayəni özünə rəhbər tutanlar üçün, kainatdakı hər bir şey mənalı bir kitab hökmünə keçər.

Bəsirət gözü qapalı insanlar vəhyin işığına və peyğəmbər mesajına qarşı korluq yaşayarlar. Bir insanın ən faciəli və ən böyük bəsirət korluğu isə elə məhz vəhyin işığına və peyğəmbər mesajına qarşı bəsirət gözünün qapalı olmasıdır. Bu barədə bir Quran ayəsində belə buyurulub: "Onların qəlbləri vardır, lakin onunla dərk etməzlər. Onların gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər" (Araf, 7/170).

Bir hədisdə də belə buyurulub: "Hər biriniz rəiyyət sahibisiniz (idarəçi). Hər biriniz rəiyyətinizdəkilərdən (əlinizin altındakılardan) məsulsunuz" (Buxari, Vəsiyyət 9). Hər bir şəxsin dərəcəsinə görə fərqli sahələrdə insanları idarə etmə, yönləndirmə, onlara rəhbərlik etmə məsuliyyət və vəzifəsi var. Bu hədisdən onu başa düşmək olar ki, bu məsuliyyət və vəzifəni yerinə yetirmək üçün bəsirət işığı hər zaman insanın yol rəhbəri və azuqəsi olmalıdır.

Allah Rəsulu Hz. Muhammədin (s.a.v) həyatı tədqiq ediləndə aydın olur ki, Onun buyurduğu hər hansı bir sözdə, ya da rəftar və davranışlarında bəsirətdən kənar heç nə yoxdur. Bu həqiqət bir Quran ayəsində belə açıqlanır: "(Ya Rəsulum!) De: "Bu mənim yolumdur. Mən və mənə tabe olan (möminlər) Allahın yoluna düşünmədən, təqlid yolu ilə deyil, bəsirətlə yanaşaraq, idraklara xitab edərək, açıq-aşkar bir dəlillə çağırırıq" (Yusuf, 12/108).

Bu ayədən başa düşmək olar ki, ediləcək müsbət bir işə çağrı, bilərək, görərək, mahiyyəti başa düşülərək edilməlidir. Qarşılaşma ehtimalı olan problemlər nəzərə alınaraq bunların hər birinə alternativ həll yolları ortaya qoyulmalıdır. Həmçinin ortaya çıxan bir problem üçün sadəcə bir deyil, vəziyyətə görə iki, üç, dörd və daha çox həll yolları tapılmalıdır. Çünki, həll yolları nə qədər çox olarsa, problem və məsələ də bir o qədər tez həll olunar.

Yuxarıda sadalanan ayə və hədislərin ilk müxatəbləri (söz söylənilən şəxs, sözlə müraciət olunan adam; dinləyən) peyğəmbər dostları səhabələr olmaqla yanaşı, arxadan gələn bütün müsəlmanlar üçün də ayə və hədislərin hökmü keçərlidir. Biz də fərdi, ailəvi və ictimai problemləri həll etmək istəyiriksə, mütləq bəsirətlə hərəkət etməliyik. Bəsirəti bir işıq və azuqə olaraq yanımızdan əskik etməsək, qarşımıza çıxan problemlər mərmər ya da qranitdən daha da sərt olsa da Allahın yardım və köməkliyi ilə onları yumşaltmaq və həll etmək mümkündür.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top