ALLAHVERDİ AYDIN

Lavrovla məsələni həll etdinizsə, bir az da "Metsamor"u müzakirə edin

Lavrovla məsələni həll etdinizsə, bir az da "Metsamor"u müzakirə edin

ALLAHVERDİ AYDIN

Bu günlərdə mətbuatda, sosial şəbəkələrdə əsas müzakirə mövzusu Lavrovdur... Bir də Lavrovun güdazına gedən azərbaycanlı jurnalist. Başımızı cənab Lavrovla elə qatmışıq ki, qulağımızın dibində atom partlasa xəbərimiz olmayacaq... Amma belə davam edərsə deyəsən partlayacaq da...

İki gün əvvəl Ermənistandakı "Metsamor" Atom Elektrik Stansiyasında (AES) qəza baş verib. Ancaq Lavrovu "asıb-kəsmək"lə məşğul olan mətbuat nümayəndələri, "Facebook" fəalları, QHT təmsilçiləri, "hərşeyşünas" ekspertlər bu məsələni diqqətdən qaçırıblar.

Amma gec deyil, hadisənin üstündən cəmi 2 gün ötüb. Lavrovla məsələni həll etdinizsə, bir az da "Metsamor" mövzusunu müzakirə edə bilərsiniz.

Unudanlar üçün bir daha xatırladaq ki, "Metsamor" AES-i təkcə Cənubi Qafqaz ölkələri, Türkiyə və İran üçün deyil, daha geniş ərazilər üçün təhlükə mənbəyidir. Əgər bu AES-də qəza baş verərsə milyonlarla insan fəlakətin qurbanı olacaq. "Metsamor" AES 11 bal gücündə zəlzələ riski daşıyan ərazidə yerləşir. Halbuki bu AES 9 bal gücündə zəlzələyə tab gətirəcək şəkildə inşa edilb. Bu bölgədə dəfələrlə 7-8 bal gücündə zəlzələ baş verib. Sonuncu dəfə 1988-ci ildə bu ərazidə 7 bal gücündə zəlzələ olub. Ehtimal olunur ki, həmin vaxtı "Metsamor" AES qəzalı vəziyyətə düşüb. Çünki zəlzələdən sonra AES-in fəaliyyəti dayandırılıb. Ancaq məlumdur ki, sovetlər dövründə belə məsələlər gizli saxlanılırdı. Lakin 1995-ci ildə ABŞ və Avropa Birliyinin bütün etirazlarına baxmayaraq Ermənistan bu AES-i yenidən işə salıdı. Hazırda Ermənistanın elektrik enerjisinə olan təlabatının 40%-ni bu stansiya ödəyir.

Mütəxəssislər bildirirlər ki, "Metsamor" AES-in tikintisində istifadə olunan materiallar Bolqarıstan və Slovakiyada olan AES-də də istifadə olunub. Ancaq Avropa Birliyi bu ölkələrdən quruma üzv olmazdan əvvəl həmin AES-ləri bağlamağı tələb edib. Avropa Birliyi "Metsamor" AES-in bağlanmasını da Ermənistandan dəfələrlə tələb edib. Ancaq ermənilər dünya ictimayyətinin bütün çağırışlarına məhəl qoymayaraq bu AES-i işlətməkdə davam edirlər.

Ötən əsrin 70-ci illərində inşa olunan bu AES-də dəfələrlə qəzalar baş verib. 1982-ci ildə AES-də böyük partlayış, 1988-ci ildə isə bu bölgədə 25 min insanın ölümü ilə nəticələnən dəhşətli zəlzələ olub. "Metsamor" AES-in keçmiş direktoru Suren Azatian mətbuata verdiyi açıqlamada bildirib ki, bu stansiyadan radioaktiv sızıntının olmadığına əmin deyil. O deyib ki, Ermənistan bu stansiyadan alınan enerjiyə həddən artıq möhtacdır və nəyin bahasına olursa olsun onu işlətməyə məcburdur. Əslində bunu ermənilər etiraf etməsə belə bölgədə yaşayan insanlar arasında xərçəng xəstəliyinin artması, bəzi bitki və heyvan növlərinin sayının azalması radiaktiv sızıntının olduğunu göstərir. Əgər "Metsamor" AES ən qısa zamanda bağlanmazsa bu bölgədə yaşayan insanlar nüvə enerjisinin nə qədər böyük gücə malik olduğuna bəlkə də sonuncu dəfə şahid olacaqlar.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top