ALLAHVERDİ AYDIN

Heyif koreyalıların zəhmətinə

Heyif koreyalıların zəhmətinə

ALLAHVERDİ AYDIN

Səhv etmirəmsə, 2008-2011-ci illər ərzində paytaxt Bakıda Nəqliyyatın İntellektual İdarəedilməsi adlı bir sistem quruldu. Daha doğrusu bu sistemi Koreyadan dəvət edilən mütəxəssislər düzüb-qoşdular. O zaman belə deyirdilər ki, yeni sistem işə düşəndən sonra paytaxt nəqliyyatında baş alıb gedən hərc-mərciliyə son qoyulacaq. İndiki kimi yadımdadır, Nəqliyyat Nazirliyinin rəsmiləri bu sistem haqqında danışanda deyirdilər ki, yeni sistemin istismara verilməsində əsas məqsəd sərnişinlərin təhlükəsizliyin təmin etmək, paytaxt yollarında hərəkəti nəzarətdə saxlamaq və tıxac problemini aradan qaldırmaqdan ibarətdir. Artıq sistemin istismara verilməsindən 5 il ötür. Ancaq yuxarıda sadalanan problemlərin heç biri öz həllini tapmayıb. Paytaxt nəqliyyatında vəziyyət 5-6 il əvvəl necə idisə, eləcə də qalıb. Əgər nə isə müsbət dəyişiklik varsa da bunun Nəqliyyatın İntellektual İdarəedilməsi Sisteminə heç bir aidiyyəti yoxdur. Bu sistemin adı var, özü yoxdur. Avtobus dayanacaqlarına quraşdırılan "monitorlar" dediyimiz informasiya terminalları bugünə kimi heç bir məlumatı doğru verməyib. Son zamanlar isə nəinki doğru, ümumiyyətə məlumat verilmir. Təsəvvür edirsiniz? Bu layihənin reallaşması üçün 96 milyon manat vəsaitin xərcləndiyi bildirilir. Nəqliyyatın İntellektual İdarəedilməsi Sisteminin ərsəyə gəlməsi üçün nə az-nə çox, düz 450 kilometr elektrik, 320 kilometr fiber-optik rabitə xətti çəkilib. Eyni zamanda magistrall yollarda 60 kamera, 48 elektron tablo yerləşdirilib. Həmçinin dayanacaqlarda 664 ədəd informasiya terminalı quraşdırılıb.

Kim iddia edə bilər ki, 100 milyon manata yaxın vəsaiti həzm-rabedən keçirən bu sisteminin sürücü və sərnişinlərə 1 qəpiklik faydası olub. Əminliklə deyə bilərəm ki, az-çox intellekti olan heç kim bunun əksini söyləyə bilməz. Kim deyə bilər ki, İntellektual İdarəetmə Sistemi işə düşdükdən sonra 20 yanvar dairəsində, 3-cü mikrorayın dairəsində tıxac problemi həll olundu? Kim deyə bilər ki, İntellektual İdarəetmə Sistemi işə düşdükdən sonra, 165 saylı avtobusda sərnişinlər sürücülərə "yavaş sür, kartof daşımırsan" iradını bildirmirlər?

Sistem işə düşdükdən sonra, heç bir işə yaramasa belə avtobuslarda balaca cihazlar quraşdırıldı və ən azından avtobus sürücüləri öz aralarındakı məsafəni bu cihazların köməyi ilə nizamlayırdılar. Son zamanlar bu cihazlara da ehtiyac hiss olunmur. Vəziyyət o qədər acınacaqlıdır ki, Nəqliyyatın İntellektual İdarəedilməsi Mərkəzinin "www.niim.az" və "bakuits.gov.az" saytları da fəaliyyət göstərmir.

Başa düşürəm ki, bu sadaladıqlarım heç kim üçün maraqlı deyil... Bizdə heç bir işə yaramayan bu cür 100 milyonluq layihələr çoxdur. Bu da onlardan biri...

Açığı mənim üçün də marqlı deyil... Ancaq dayanacaqlarda quraşdırılan və heç bir işə yaramayan informasiya terminallarını görəndə yadıma koreyalılar düşür və ortalıqda it-bat olan 100 milyona deyil, onların zəhmətinə heyifim gəlir.

Təxminən 6 il əvvəl 2 nəfər koreyalı Tbilisi prospektindəki dayanacaqların birində quraşdırılan informasiya terminalında nəyisə yoxlayırdılar. Soyuqdan koreyalıların qulaqları qızarmışdı. İndi heç bir işə yaramayan o informasiya terminallarını görəndə həmin koreyalılar yadıma düşür. Heyif onların zəhmətinə. Adamın koreyalılara yazığı gəlir. Asyanın ən ucqar nöqtəsindən basa-basa gəliblər bizim dayanacaqlarda informasiya terminalları quraşdırırlar, biz isə onlara heç nəzər də salmırıq.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top